Olanları narahat etməyə davam edəcəyik

Ay-ulduzlu, türkçülüyü, islamiyyəti, dünyəviliyi özündə birləşdirən şərəfli bayrağımız - bütün Şərq dünyasında ilk cümhuriyyət quran Azərbaycan dövlətinin simvoludur.

Yüz il öncə yorulmaz fəaliyyətləri ilə türk-islam coğrafiyasına adlarını silinməz hərflərlə yazdıran türkçülüyün, milli məfkurənin formalaşmasında müstəsna xidmətləri olan Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xam Xoyski kimi böyük düşüncə sahibləri tərəfindən bizə əmanət edilən müqəddəs dəyərimizdir. 1920-ci ildə sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı baş verdi və bu, 1991-ci ildə sona çatdı. Bayrağımız ikinci dəfə müstəqilliyimizlə birlikdə bizi dünyada təmsil etməkdədir. Azərbaycan dövlətinin müstəqil olaraq qalması üçün şəhid olan qəhrəmanlarının qanı, milli mücadiləmizin ruhu var o bayraqda!


Küləkli Bakının fəxri, erməni işğalına məruz qalmış torpaqlarımızın səsi, Qarabağımızın ahı, Xocalı soyqırımında məhv edilən, nəsli kəsilən ailələrin fəryadı, "səsimə səs verin” çağırışı var Azərbaycan bayrağında... Hansısa bir dəli onu göylərdən endirmiş - çaşıb qalıram yerimdə! Qərb dünyasının qərəzli yanaşması, din qardaşımız olan bəzi ölkələrin xəyanəti, beynəlxalq hüququn işğalçı Ermənistanın hərəkətlərinə göz yummasına rəğmən, Vətənini azad etmək üçün hər şeyi göz önünə alaraq ölümə gedən, Hayastanın (Ermənistan) hərəkətlərindən irəli gələrək şəhid verən Azərbaycan qəhrəmanlarının şərəfli, şanlı, fəxri namusudur ay-ulduzlu bayrağımız...


O şərəfli bayrağı təmsil edən ölkə olaraq Azərbaycan üçün Türkiyə müstəqil, "bir millət-iki dövlət”dir və şərtlər nə olursa-olsun Türkiyənin olduğu hər yerdə Azərbaycan onunla çiyin-çiyinədir. Eynilə Türkiyə də Azərbaycanın yanındadır.


Trampın Qüdslə bağlı verdiyi açıqlamasının dünyanı sarsıtdığı, vicdan sahibi olan hər kəsin narazılığı və qəzəbinə səbəb olduğu ortadadır. Türkiyənin təşəbbüsü ilə İstanbulda düzənlənən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin toplantısında Azərbaycan prezidentinin və səhnədə Azərbaycan bayrağının ucalmasından narahat olanlar bu zirvə toplantısından dərhal sonra Bursada bir universitet müəllimi fərqli ölkə bayraqlarının yerləşdiyi yerdə Azərbaycan bayrağının endirilməsi barədə göstəriş vermək qədər irəli gedərək, bayrağı aşağı salmağa cürət edib...


Müəllim hadisəyə etiraz edən tələbələrlə Ermənistan bayrağı mübahisəsi edib, "Azərbaycan bayrağını asarsam, Ermənistan bayrağını da asaram” deyib. Xatirinizə gələr, illər öncə Bursada Azərbaycan bayrağı polislər tərəfindən yerə atılmış, televiziyalar da bu görüntüləri detalları ilə göstərmişdilər. Bunun ardınca da Azərbaycanda olaya sərt reaksiyalar yaşanmışdı. 15 iyul hadisələrindən sonra o vaxtlar baş verənlərin Türkiyə-Azərbaycan münasibətlərini pisləşdirməyə çalışmaq istəyənlərin FETÖ-çuların əməli olduğu Türkiyə mətbuatında yer aldı. Ərdoğan Qüds zirvəsi üçün 57 islam ölkəsini Türkiyəyə dəvət etsə də tək Əliyevlə birbaşa telefonla danışdı. Bu telefon, Can Azərbaycanın o zirvədə iştirak etməsi ilə bağlı Türkiyə prezidentinin haqlı gözləntisiydi və bu da reallaşdı. Prezident Əliyev, Qarabağ məsələsində Fələstinin Ermənistanı dəstəkləməsinə baxmayaraq, bir çox islam ölkəsinin qatılmaqdan qorxduğu o zirvə toplantısında Türkiyə ilə çiyin-çiyinə durdu. 15 iyulda çevriliş cəhdindən sonra Ankarada dayandığı kimi onun yanında durdu. Bursada Uludağ Universitetində Azərbaycan bayrağını endirən şəxsin islam tarixi professoru olması hadisənin ağırlığını aydın şəkildə ortaya qoymaqdadır. İslam dünyasının Qüds məsələsi səbəbiylə birlik və bərabərliyinə ən çox ehtiyac duyduğu bir dönəmdə, islam professorunun heç bir kimsəyə yaraşmayacaq şəkildə Azərbaycan dövlətinin müstəqillik, azadlıq simvolu olan bayrağına qarşı belə bir addım atması hansı anlama gəlir? Bir islam tarixi professoru müsəlmanların müqəddəs ibadətgahlarını axura çevirən, qız-qadınlarını əsir edən, qəbiristanlıqlarına hörmətsizlik edən, Qurani Kərimi yandıran, xristian erməni dövlətinin bayrağını nədən bir millət iki dövlət kimi gördüyümüz qardaş Azərbaycanın bayrağı ilə eyniləşdirərək müsəlman məhəlləsində iblis satmağa çalışır? Görəsən professor adını daşıyan bu şəxsin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilərkən Ermənistanın Sürix protokollarını arxivə atdığı, eləcə də Türkiyə əleyhinə səsləndirdiyi zəhər dolu bəyanatlarından xəbəri varmı? Türkiyənin gözündə Azərbaycanı Ermənistan ilə eyni yerə qoymaq həyasızlığını göstərən bu islam tarixi professorunun türk tarixindən xəbərsiz olması məqbul qarşılana bilərmi? Qafqaz İslam Ordusunun yüz il bundan əvvəl Azərbaycandakı fəaliyyətindən də xəbərsizdir? 1918-ci ildə mübarək Qurban bayramında Bakı şəhərində silahsız, əliyalın müsəlmanların bayram namazı üçün getdikləri məscidlərdə qətl edildilər. Məsum türk əhalisinin qanını qurbanlıq heyvanlarının axan qanlarına qarışdıran erməni terrorçularına qarşı "Allah”, "Allah” kəlmələri ilə hücum edərək, intiqam alan Türk İslam Ordusunun qəhrəman əsgərlərinin qurduğu qardaşlıq bağlarının tarixini bilməyən tarixçiyə söyləyəcək nəsə bir söz tapmaqda çətinlik tapıram. Anadolunun çətin günlərində yardıma qaçan Azərbaycan türklərindən xəbərsiz tarixçi heç olmasa Birinci Dünya Müharibəsində ruslar tərəfindən əsir edilərək Nargin adasında əsir saxlanılan türkləri yada salsın. Müsəlman Xeyriyyə Cəmiyyətləri tərəfindən onlara edilən yardımlar təqdirəlayiq hal olub. O müəllim bayrağına hörmətsizlik etdiyi Azərbaycanın 90 il öncə İngiltərə ilə baş-başa gəldiyini və yaxud Malta adasında ingilislərin tutduğu osmanlı əsirlərini azad buraxması qarşılığında Böyük Britaniyaya neft satdığını bilməz.


Ötən illərdə Avrovizon musiqi yarışmasında birinciliyi qazanan azərbaycanlı gənclərin Azərbaycan bayrağı ilə yanaşı Türkiyəmizin ay-ulduzlu bayrağını da səhnəyə çıxardıqlarını bilməz. Türkiyəli güləşçimizin iki ölkə bayrağı ilə rinqdə qələbəsini işğal altındakı Qarabağa ərməğan etdiyini bilməz. Beynəlxalq tədbirlərdə iki ölkənin ortaq diplomatik mübarizəsini bilməz... Tarixdən xəbərsiz olan belə tarixçilər onu da bilməzlər ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər pambıq ipliyi ilə deyil qırılmaz tellərlə bağlıdır. "Bir millət-iki dövlət” anlayışı xalqlarının canında, qanında, ruhunda, hələ doğmamış körpələri formalaşdıracaq hüceyrələrimizdədir. Ortaq tariximizdə, ortaq qismətimizdə, ortaq varlığımızdadır. Zaman-zaman hər iki tərəfdən bu oxşarı, bənzəri olmayan birliyi pozmaq üçün fürsət gözləyənlər, suyu bulandırmaq istəyində olanlar olur və olacaq da. Amma araqarışdıranlar ancaq mədəmizi bulandıra bilər, onların qəlblərimizə təsir etmələri mümkün deyil. Belələrinin iki ölkənin arasını pozmaq cəhdləri faydasızdır... Azərbaycan bayrağına Uludağ Universiteti müəllimi tərəfindən edilən hörmətsizliyə gəlincə, bayraq dövlət suverenliyini və müstəqilliyini, şərəfini təmsil etdiyindən, ona hörmət, dövlətin vətəndaşları və bu o ölkədə olan əcnəbilər üçün bir ev tapşırıqdır. Bayrağımıza hörmətsizlik edən birilərinin bu tapşırığa əməl etmədiyi zatən ortada. Mən müəllim olaraq vəzifəmi bilirəm və Azərbaycan himnindən bir parçanı səsləndirirəm:

 

"Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

 

Ay-ulduzlu Azərbaycan bayrağı ilə ay-ulduzlu Türkiyə bayrağını birlikdə görməkdən narahat olanları narahat etməyə davam edəcəyik...

 

Aygün Attar

19.12.2017 10:01 / Baxılıb: 731 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo