Prezident İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı sabitləşmə dövrünə qədəm qoyub"

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (ÇİZA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azadinform xəbər verir ki, Keiko Honda Dünya Bankının prezidenti Cim Yen Kimin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiklərini və görülən işləri yüksək qiymətləndirdiklərini bildirib. Azərbaycanda iqtisadi çətinliklərin arxada qoyulması, ölkədə sabitliyə və inkişafa nail olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Keiko Honda Azərbaycan iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində əldə edilən uğurların önəmini qeyd edib. Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və təşkilat tərəfindən ölkəmizə ayrılan maliyyə vəsaitlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı bu il Azərbaycanla Dünya Bankı Qrupu arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu məmnunluqla bildirərək ötən dövr ərzində Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi tərəfindən ölkəmizdə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələrinə, eləcə də qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyin önəmini vurğulayıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən dövlətimizin başçısı TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirib.

Prezident İlham Əliyev deyib ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib. Dövlətimizin başçısı qeyd edib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.

Görüşdə Azərbaycan ilə Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Dünya Bankının prezidenti Cim Yen Kimin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dünya Bankının prezidentinə çatdırmağı xahiş edib.

18.12.2017 12:03 / Baxılıb: 443 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo