Prezident İlham Əliyev Sumqayıt şəhərinə 7 milyon manat ayırıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir ki, ölkəmizin sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Sumqayıt şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sənaye şəhəri kimi sürətlə inkişaf edir. Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması və istehsalat sahəsində əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilib, Kimya Sənaye Parkında gücü 67 MVt olan yarımstansiya, pestisid, xortum və fitinq, sürtkü yağlarının istehsalı müəssisələri, məlumatların emalı mərkəzi, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları istifadəyə verilib, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulub, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniforma istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılıb, 60 mindən çox yeni iş yeri açılıb. 
Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilib, o cümlədən Paralimpiya və Olimpiya İdman kompleksləri, Bayraq Muzeyi, Əlilləri Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat və Uşaq İncəsənət məktəbləri inşa edilib, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunub, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayıb, təhsil ocaqları və digər obyektlər istifadəyə verilib, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınıb, geniş abadlıq-quruculuq işləri görülüb. 
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7 milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon manat ayrılsın. 
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

15.12.2017 18:18 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo