Mübariz Əhmədoğlu: İsraillə Ermənistanın artan münasibətlərinə İranın susması çox şey deyir

AZADİNFORM. Bu gün Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu  “Qarabağ saatı” layihəsinin növbəti konfransında İranın populyar “Şərq” qazetinin qondarma Dağlıq Qarabağın xarici işlər naziri Masis Mailyandan aldığı müsahibəyə münasibət bildirib. 

M.Əhmədoğlu bildirib ki, M.Mailyan ekspert kimi Avropa və Rusiyada  kifayət qədər fəaliyyət göstərib: “Onun İran ekspertləri ilə təması barədə bizə ciddi bir şey bəlli deyil. İran mətbuatına müsahibə verməsinə təşəbbüs göstərməsini çox az ehtimal hesab edirik. M.Mayilyanın müsahibədəki yalanla sərbəst davranışı onun həm müsahibinə, mətbu orqanına, eləcə də İran ictimaiyyətinə münasibətinin göstəricisidir”.

M.Əhmədoğlu bildirib ki, “Qanun” nəşri İranın Ermənistan və Dağlıq Qarabağda məscidlərin təmiri və bərpası sahəsində ideal əməkdaşlığın olduğunu bəyan edir: “Görünür ki, “Qanun” nəşrinin kollektivinin bəzi sadə həqiqətləri başa düşməsində maneçilik törədən səbəblər var. Türkmənçay sülh müqaviləsi 1828-ci ildə imzalanıb. Ağdam məscidi isə 1870-ci ildə tikilib.  Əgər tarixi bu dərəcədə saxtalaşdırmağa İran tərəfi cəhd edirsə, yada salaq ki, Fars körfəzində yerləşən Bəndərabas limanını Səfəvi hökmdarı Şah Abbas tikdirib. Göründüyü kimi bizim, Bəndərabasın Azərbaycana məxsus olduğunu göstərən faktlarımız var”.

M.Əhmədoğlu davamında bildirib ki, İran parlamentinin spikeri Əli Laricani İrana adından qonşuluğunda yeni qarşıdurmada maraqlı olmadıqlarını bildirib: “Başqa sözlə, Azərbaycan işğalçılara qarşı müharibə aparmamalıdır. Ə.Laricaninin İranda səfərdə olarkən Azərbaycan parlamentinin spikeri O.Əsədovla görüşməməsi yadımızdan çıxmayıb. Ə.Laricanini islamofob spiker kimi xarakterizə etmək olar. Buna səbəb kimi görüşdüyü şəxslər arasında qeyri-müsəlmanların üstünlük təşkil etməsini göstərmək olar”

M.Əhmədoğlu əlavə edib ki, İsraillə Ermənistanın artan münasibətlərinə İranın susması çox şey deyir: “Belə başa düşülür ki, İranın problemi İsraillə deyil, Azərbaycanladır. Çünkü İranı ancaq İsrail-Azərbaycan münasibətləri hədsiz narahat edir”.

M.Əhmədoğlu qeyd edib ki, Prezident İlham Əliyev noyabrın 1-də Tehranda Azərbaycan – Rusiya - İran üçtərəfli sammitində iştirakı zamanı İranın Ali dini rəhbəri ilə də görüşdü, Azərbaycanın daxili-xarici, o cümlədən dinlə bağlı siyasətində hərtərəfli mövqeyini ortaya qoydu.

M.Əhmədoğlu sonda vurğulayıb ki, bir sıra dövlətlər Azərbaycanı antiİran siyasəti aparmağa dəvət etsələr də, rəsmi Bakı heç vaxt bunu qəbul etməyib: “Azərbaycan İranın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb. İranın daxilində heç bir milli və dini azlığı dəstəkləməyib. Söhbət İrandakı azərbaycanlılardan getmir. Zənnimcə, irandakılar da bilir ki, İranda azərbaycanlılar artıq milli azlıq deyil”.

15.12.2017 16:10 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo