Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır

Samir Soltanov/AZADİNFORM. “Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub. Bu, çox gözəl, əlamətdar hadisədir. Bu, bir daha onu göstərir ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır. Bu gün dörd müəssisənin açılışı qeyd olunur, üç müəssisənin isə təməli qoyulub”. 

Azadinform xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən bildirib. Prezident qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür: “Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”. 
Dövlət başçısı qeyd edib ki, bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır: “O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq. 
Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.
Azərbaycan prezidenti qeyd edib ki, Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur: “Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır. 
Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik. 
Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir. 
Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq. 
Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var”.

15.12.2017 15:52 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo