Beynəlxalq texnoparklarda Azərbaycanlı gənclərin ideyalarına böyük ehtiyac var

Eşqin Nuruşov/AZADİNFORM. Bu  gün Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib. 

AzTU-dan Azadinform-a verilən məlumata görə, əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə etiramlarını bildiriblər. 

Konfransı giriş sözü ilə açan universitetin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir. Prorektor Azərbaycanın demokratik ölkə olduğuna diqqət çəkərək qeyd edib ki, ölkəmizdə İKT sahəsinin inkişafı dövlət üçün daima strateji hədəflərdən olub.  

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, fəlsəfə elmləri doktoru Reyhan Hüseynova da çıxışında İKT sahəsinin inkişaf etdirilməsi üçün son illər görülən işlərdən danışıb. Reyhan Hüseynova bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” yaxın gələcəkdə sıçrayış əldə etməyə imkan verəcək.

Minilliyin Layihəsinin Baş direktoru Jeron Glenn onlayn şəkildə konfransa qoşularaq İKT sahəsində müəyyən olunmuş gələcək trendlər haqqında danışıb. Jeron Glenn qeyd edib ki, ölkəmizdə İKT ilə bağlı görülən işlər ABŞ alimləri, xüsusi ilə Silkon vadisi tərəfindən diqqətlə izlənilir və beynəlxalq texnoparklarda Azərbaycanlı gənclərin ideyalarına böyük ehtiyac var.  

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov “2025-ci ilədək Azərbaycanda yüksək texnologiyaların əsas tendensiyalarının dinamikası” mövzusunda çıxış edib.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin ekspertlər şurasının üzvü, GoldenPay şirkətinin idarə heyətinin sədri Fərid İsmayılzadə isə çıxış zamanı konfrans iştirakçılarına “Azərbaycanda texnoloji startap mədəniyyəti” mövzusunda öz prezentasiyasını təqdim edib.

AzTU-nun “Çoxkanallı telekommunikasiya sistemləri” kafedrasının müdiri, dosent Mehman Həsənov “Elektron Azərbaycanda multimedia xidmətli optik şəbəkələrinin inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda AzTU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov “Fərdlərin elektron mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.  

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti,  Azərbaycan Futuroloqlar Cəmiyyəti və  GoldenPay şirkətinin təşkilatçılığı ilə keçirilən konfransın təşkilati dəstəyi Azərbaycanda ən böyük onlayn xidmətlər portalı olan Hesab.az-a aiddir.

15.12.2017 14:35 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo