RF XİN dəfələrlə bir-birinə daban-dabana zidd bəyanatlar verib Əhmədoğlu

Arzu Ağayeva/AZADİNFORM. “RF Dağlıq Qarabağı qazla təmin etməsini Azərbaycanla svop əməliyyatı adı ilə rəsmiləşdirməlidir”. 

Azadinform xəbər verir ki, belə bir açıqlama ilə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ saatı”nda deyib. 

M. Əhmədoğlu bildirib ki, Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanda bu dövlətə qarşı münasibəti formalaşdıran əsas kriteriyadır: “Dağlıq Qarabağ münaqişəsinin ABŞ tərəfindən SSRİ-yə qarşı başlandığını çox az adam bilir. Böyük əksəriyyətin fikrincə, Dağlıq Qarabağ münaqişəsini Rusiya başlayıb, münaqişənin həllinə imkan verməyən də məhz odur; RF bununla Ermənistan və Azərbaycanı öz nəzarəti altında saxlayır. Rusiyanın müasir siyasətində baş verənlər antiRusiya düşüncəli adamlarımızın mövqeyini möhkəmləndirir, sayını artırır. RF XİN dəfələrlə bir-birinə daban-dabana zidd bəyanatlar verib, prezident S. Sərkisyan dəfələrlə V. Putinin təklifindən imtina edib, amma reaksiyasız qalıb, V. Putin bir neçə dəfə təşəbbüs irəli sürsə də sonradan təşəbbüsünü sona çatdırmayıb. Ən bariz misal prezidentlərin Sankt-Peterburq (iyun 2016-ci il) görüşüdür”.

Əhmədoğlu qeyd edib ki, bir qrup Rusiya siyasətçisi, jurnalisti dəfələrlə Dağlıq Qarabağda olublar: “Bunları Rusiyadakı ermənilərin əməlləri hesab etmək olar. Rusiya vətəndaşı olan ermənilərin Dağlıq Qarabağa hərbi yardımını erməni millətçiliyi ilə əlaqələndirmək olar. Amma Dağlıq Qarabağ münaqişəsi dövründə dəyişilməz bir parametr mövcuddur və bu yalnız dövlətlə əlaqəli məsələdir; “Qazprom” separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir. “Qazprom”un bu addımı beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Haçansa, Qərb bu məsələyə görə “Qazprom”u ciddi cəzalandıracaq. Qərbin ermənipərəstliyi hələ ki, buna imkan vermir. “Qazprom”un bu fəaliyyəti Azərbaycanla RF arasında inam potensialının güclənməsinin ən ciddi maneəsidir. Bu həm də Rusiyada separatçılığın təşviqi kimi şərh oluna bilər. Rusiya regionları sabah RF-in ərazi bütövlüyünə qarşı çıxış etsələr də “Qazprom” onları qazla təmin edəcək. “Qazprom”-un separatçı Dağlıq Qarabağı təbii qazla təmin etməsini qəlizləşdirən əsas cəhət onun həllinin sadəliyidir. “Qazprom” SOCAR-la (ARDNŞ) svop əməliyyatı adı ilə Azərbaycan qazını Dağlıq Qarabağa nəql edə bilər. Bu artıq münaqişənin həllinə yardım edən məsələdir. “Qazprom”  bu sadə sənədləşməni reallaşdırmaq istəmir”.

SİTM sədri əlavə edib ki, görünür, təkcə XİN deyil, həm də “Qazprom” vasitəsilə RF Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməmiş qalmasında marağını nümayiş etdirir.

15.12.2017 12:40 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo