Politoloq: Ermənilərin Dağlıq Qarabağı tərəf kimi görmək arzusu yenidən ciddi zərbə aldı

Ləman Hüseynzadə/AZADİNFORM. Bu gün Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu növbəti “Qarabağ saatı” adlı mətbuat konfransını keçirib. 

Azadinform xəbər verir ki, M. Əhmədoğlu mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib.

M. Əhmədoğlu bildirib ki, ATƏT-in Vyana ministerialında MQ həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar: “Hər il ATƏT ministerialında belə bəyanat yayılır. Avstriyanın ATƏT-ə sədrliyi MDB məkanındakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi prizmasından çox sönük keçdi. Bu ölkədaxili proseslərlə əlaqəlidir. Lakin Avstriyanın passiv sədrliyi həmsədr ölkə nümayəndə heyətləri başçılarının birgə bəyanat verməsinə maneçilik törətmədi”. 

Həmsədr ölkələrin nümayəndə heyəti başçılarının bəyanatına münasibət bildirən M. Əhmədoğlu deyib: “Prezidentlərin 2017-ci ilin 16 oktyabrında Cenevrə görüşü dialoqun yenidən dirçəlməsi kimi təqdim edilir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə verdiyi bəyanat həmsədr ölkə nümayəndələrinin başçıları tərəfindən təsdiqləndi. Ermənistan dialoqun baş tutması üçün prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmalara riayət etməyi şərt kimi irəli sürürdü. İlham Əliyev həm heç bir şərtin qəbul edilməyəcəyini, həm də dialoqun başlayacağını ultimatum formada bildirmişdi. Prezidentlərin Cenevrə görüşü bu kontekstdən Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir”.

M. Əhmədoğlu bildirib ki, “siyasi tənzimlənmə” termini Dağlıq Qarabağ tənzimlənməsinə rəsmən daxil edildi, bu  “dinc tənzimlənmə”dən fərqlidir,  tənzimlənmədən yayınan tərəflərə qarşı müəyyən siyasi addımlar atıla bilər: “Sonrakı maneələrin tənzimlənməni mürəkkəbləşdirəcəyi  və tərəflərin davamlı müqavilə əldə etməsinə sadiqliyini şübhə altına qoyacağı bildirilir. Bu ikimənalı tezisdir. Azərbaycan Kaspşikin missiyasının genişlənməsinə razılıq verib, amma bu missiyanın fəaliyyətinin lokallaşacağı ərazi hələ də mübahisəlidir. Bunu Azərbaycanın tənzimlənməni yubatması kimi təfsir edə bilərlər. Bəyanatda, həm də prezidentlərin Paris görüşündə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi də yer aldığını nəzərə alsaq günahkar Ermənistan olur. Başlanğıc nöqtəsi kimi prezidentlərin 2014-cü ilin oktyabrında Paris görüşü zamanı razılaşdırılmış Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi götürülür. Ermənistan prezidenti S. Sərkisyan Parisdə buna etiraz etmədi, Ermənistana qayıdan kimi Dağlıq Qarabağda erməni qoşun birləşmələrinin ən çoxsaylı və geniş miqyaslı təlimini keçirdi və bu təlimdə şəxsən iştirak etdi. Ermənistan respublikasına məxsus helikopterlərə Ağdama daxil olmaq əmrini verdi. Nəticədə, helikopterlərdən biri vuruldu”.

M. Əhmədoğlu əlavə edib ki, itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi Ermənistanı qane etməyən iki faktoru diktə edir: “Birincisi, Dağlıq Qarabağda və digər işğal olunan ərazilərdə döyüş gedən əraziləri, məzarlıqları müəyyənləşdirmək üçün həmin yerlərin sakinləri olmuş azərbaycanlılar o ərazilərə baş çəkməlidirlər. Bu ünsiyyət yerli ermənilərdə Azərbaycana rəğbəti artıra bilər və erməni gənc nəslində S. Sərkisyanın təbliğatına şübhələr yaradacaqdır. İkincisi, DNT analizi məzarlıqlarda ölənlərin böyük əksəriyyətinin azərbaycanlılar olduğunu bəlli edəcək. Bununla da Ermənistanın Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatının bünövrəsi ciddi zərbə alacaq. Dünya həqiqətləri biləcək”.

SİTM sədri əlavə edib ki, ermənilər və azərbaycanlılar arasında dialoqun bərpası alqışlanır: “Bu dialoq Dağlıq Qarabağ azərbaycanlıları ermənilər tərəfindən deportasiya olunduqdan sonra pozulub. İndi də dialoqun bərpasının ən böyük maneəsi S. Sərkisyanın şəxsi göstərişidir. Məhz S. Sərkisyanın bu göstərişi Dağlıq Qarabağ azərbaycanlıları və Dağlıq Qarabağ erməniləri ilə dialoqunu siyasiləşdirib”.

M. Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin kəsilməsinin əsas məsuliyyəti Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə qoyulur: “Başqa sözlə, ermənilərin  Dağlıq Qarabağı tərəf kimi görmək arzusu yenidən ciddi zərbə aldı. “Münaqişənin kəsilməsi” termini də ilk dəfə tətbiq olunur. Bütün bunları ümumiləşdirsək, həmsədrlərin köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya edə bilərik. ABŞ-la RF arasında gərgin vəziyyət Dağlıq Qarabağ tənzimlənməsinin tormozlanmasına deyil, həllinə yönəldiyini daha çox ehtimal etmək olar. 

Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi istiqamətində həmsədr dövlətlərin  siyasi iradəsi ortalıqdadır. E.Nalbandyan azərbaycanlı həmkarı ilə görüşü həmişə yubatmağa çalışardı. Bu dəfə ilk gündə görüşdü. Ermənistan üçün çox çətin vəziyyət yaranıb. Azərbaycan ordusu həmsədr ölkələrin siyasi iradəsinə dəstək versə, münaqişə daha tez həll oluna bilər”.

15.12.2017 12:35 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo