Xorvatiyada Əli və Nino filminin nümayişi keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Xorvatiyanın Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı Səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Qurban Səidin müəllifi olduğu dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin nümayişi keçirilib.

Azadinform xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın işini yüksək qiymətləndirib və bugünki hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Filmin süjet xəttindən bəhs edən səfir F. Qurbanov, coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd edib, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əmin amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə etmiş, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb.

Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına „Əli və Nino“ əsərinin xorvat dilində dərc olunmuş nüsxəsi təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib.

14.12.2017 15:18 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo