Azərbaycan və Gürcüstan arasında gömrük prosedurlarına dair sənədlər yenidən hazırlanacaq

Samir Soltanov/AZADİNFORM. Azərbaycan və Gürcüstan arasında gömrük prosedurlarına dair bəzi sənədlərin yenidən işlənib hazırlanması üçün müzakirələr aparılıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu müzakirələr Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşündə aparılıb. 
Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Gürcüstan nümayəndə heyətinin tərkibində isə Gürcüstan Maliyyə Nazirliyinin Mili Gəlirlər Xidmətinin Qeyri-Tarif İdarəetmə şöbəsinin rəisi Zurab Marşania iştirak ediblər. 
Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. İki qonşu, dost ölkələr arasında gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlığın daha da artırılması, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması, gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada keçirilməsi, həmçinin malların mənşə ölkəsinin müəyyənləşdirilməsi istiqamətində hüquqi tənzimləyici sənədlərin yenidən işlənib hazırlanması üçün məsələlər müzakirə olunub.

11.12.2017 18:40 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo