Müharibə əlilləri və şəhid ailələrinə fərdi evlər verildi

Eşqin Nuruşov/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə  Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində ölkəmizdə ildən-ilə güclənən sosial siyasət kursunun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin daim yüksələn xətlə davam etməsinə şərait yaratdığı vurğulanıb. Bildirilib ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də bu təbəqələrdən olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. 

Sərəncamın icrası işləri çərçivəsində  ƏƏSMN tərəfindən Salyan və Neftçala rayonlarında da 41 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Qarşıdakı dövrdə respublikamızın digər bölgələrində olduğu kimi, bu iki rayonda da müvafiq təbəqələrdən olan insanların yeni mənzillərlə təminatı işləri davam etdiriləcəkdir.

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi işlərindən də bəhs edilib. Onların pensiya və ya aylıq sosial müavinətlərlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri, həmçinin uşaqlarının aylıq sosial müavinətlə təmin edildikləri bildirilib, Qarabağ müharibəsi əlillərinin müasir tələblər səviyyəsində səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunmaları üçün görülən işlər diqqətə çatdırılıb.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.  Evlərdən 9 ədədi Qarabağ müharibəsi əlillərinin, 5 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib. 

11.12.2017 16:35 / Baxılıb: 358 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2018
22.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo