Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salıb

Samir Soltanov/AZADİNFORM. “Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olub”. 

Azadinform xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında bildirib. Prezident qeyd edib ki, Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salıb: “Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb”. 

Dövlət başçısı qeyd edib ki, tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlayıb və beş min böyük rəqəmdir: “Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb: “Keçən il 24 faiz artıb. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlib. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olub. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir”.

7.12.2017 18:09 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo