Prezident: 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanın qədim xalçaçılıq sənəti var. Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur”. 

Azadinform xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı bildirib. Prezidentin sözlərinə görə, Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub: “Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olub. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək”. 

Dövlət başçısı vurğulayıb ki, xalçaçılıq fabriklərində işləyənlərin mütləq əksəriyyəti qadınlardır: “Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq. Xalçaçılıq bizim milli sərvətimizdir. Siz bu sərvəti qoruyursunuz, bu sənəti yaşadırsınız. Biz də kömək edirik ki, bu sənət daimi olsun və nəsildən nəsilə davam etsin”. 
Prezident qeyd edib ki, biz çalışırıq ki, qadınların məşğulluq məsələlərini həll edək: “ASAN xidmət” Quba və qonşu rayonlara xidmət göstərəcək, 500 min vətəndaşa xidmət göstərəcək. Məsləhət görürük ki, siz də gedib bu mərkəzin xidmətlərindən istifadə edəsiniz. Orada əhaliyə çox gözəl xidmət göstəriləcək. Orada 170, burada isə 150 iş yeri yaradılıb. İş yerlərinin yaradılması prosesi belə davam etməlidir. Orada da işləyənlərin əksəriyyəti qadınlardır”.

7.12.2017 17:37 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo