Fransız gənclər Azərbaycana tanışlıq səfərinə gəlib

Eşqin Nuruşov/AZADİNFORM. Bir qrup fransız gənci Azərbaycana tanışlıq səfərinə gəlib.

Gənclər və İdman Nazirliyindən Azadinform-a verilən məlumata görə, nazirlik və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə nümayəndə heyətinin tərkibinə Fransanın aparıcı qəzet, sayt və tv orqanının müxbirləri, dünya çempionları, hüquq sahəsinin mütəxəssisləri və digər peşə sahibləri daxildirlər.

Səfərin ilk günü qonaqlar Xalça muzeyində olub, qədim xalçalarımızın sirləri, bu sənətin incəlikləri barədə məlumat toplayıblar. Eyni zamanda, qonaqlar Azərbaycan Diplomatiya Akademiyasına da səfər ediblər. Akademiyanın prorektoru Fariz İsmayılzadə qonaqlara təhsil mərkəzi haqqında geniş məlumat verib və onları burada təhsil alan əcnəbi tələbələrlə tanış edib.

Daha sonra qonaqlar Su idmanı sarayında olublar. İdman mərkəzinin direktoru Elçin Həsənov qonaqları idman qurğusu ilə yaxından tanış edib.

Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar Prezident yanında Gənclər Fondu, Milli Məclisin Gənclər və idman komitəsi, Strateji Araşdırmalar Mərkəzində görüşlər keçirəcək, Heydər Əliyev Mərkəzi, Milli Tarix muzeyi və digər tarixi məkanlara səfər edəcəklər.

7.12.2017 16:35 / Baxılıb: 175 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo