Putini Medvedev deyil, Şoyqu əvəzləyəcək

Leyla Məhərrəmova / AZADİNFORM. “Rusiya Federasiyası mürəkkəb geosiyasi vəziyyətdədir. Belə vəziyyətin yaranmasının əsas səbəbi Rusiyanın Yaxın Şərq siyasətində arxalandığı kürd parametrinin qəflətən sıradan çıxmasıdır. İraq Kürdüstanındakı referendum əks-effekt yaratdı. İraq Kürdüstanı nəinki müstəqil ola bilmədi, hətta neftlə zəngin Kərkük regionunu itirdi. Bu Rusiya üçün konkret iqtisadi itkidir”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, 1 milyard dollar pul batdı. Ehtimal ki, referendum da bu pulla keçirilib. Kərkük neft yataqlarından əldə edə biləcəyi əlavə 2 milyard dollar qazancdan da məhrum oldu. Amma kürd parametrinin sıradan çıxması Rusiya üçün geosiyasi və geostrateji baxımdan iqtisadiyyata qat-qat ciddi zərbə vurdu: “Rusiya hədsiz dərəcədə güclü maşanı əlindən itirməklə yanaşı, eyni zamanda onun Türkiyə və İranla strateji rəqibliyini artırdı. O da nəzərə alınmalıdır ki, yaxın illərdə kürdlərin əvvəlki səviyyəyədək güclənməsi mümkün deyil. Beləliklə, Rusiyanın Yaxın Şərq regionunda ciddi itkilərə məruz qalması göz qabağındadır. Ona görə ABŞ Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə başlayıb. ATES-in Vyetnam sammitində məhz ABŞ tərəfi prezidentlərin görüşündən imtina etdi”.

M. Əhmədoğlu qeyd edib ki, bu sammitdə Putin Trampla iki dəfə ayaqüstü görüşdü, eləcə də İordaniyada fəaliyyət göstərən işçi qrupun hazırladığı Suriya tənzimlənməsi barədə sənədi təsdiqlədilər. Məhz bu sənəd Rusiyanın düşdüyü geosiyasi vəziyyətin göstəricisi oldu. Çünki RF ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməli oldu. Şərtlərin qəbulu strateji baxımdan RF üçün yaxşı heç nə vəd etmir: “RF İranı və İrana bağlı qüvvələri Suriyadan çıxarmaqla bağlı ABŞ qarşısında öhdəlik götürür. RF Cenevrə platformasını Suriya tənzimlənməsi üçün yeganə platforma kimi qəbul edir. Bu RF-in Qazaxıstan platformasından imtinası deməkdir. Ola bilər V.Putin Nazarbayevin aktivliyindən narahat olaraq Qazaxıstan platformasının sıradan çıxmasında maraqlıdır”. Politoloq qeyd edib ki, digər tərəfdən bu faktiki olaraq RF-in B.Əsəddən imtinası anlamına gəlir. Qısa fasilədən sonra ABŞ yenə arada B.Əsədin iştiraklı ilə Suriya tənzimlənməsinin mümkün olmayacağını diqqətə çatdırır. RF-in düşdüyü vəziyyət İranla bağlı siyasəti çox dəqiq xarakterizə edir; Bir əli ilə D.Trampla İranı Suriyadan çıxarmaqla bağlı müqavilə imzalayan V.Putin, digər əli ilə H.Ruhanini Suriya məsələsini müzakirə etmək üçün üçtərəfli formatda iştirak məqsədilə Soçiyə dəvət etdi. Cəmi bir neçə gün fasilə ilə bu baş verdi. V.Putinin ayın əvvəlində İrana səfər etməsini də nəzərə almaq lazımdır.

Politoloq deyib ki, kürd faktorunun zəifləməsi ABŞ-ın da siyasətinə təsir edib. Suriya kürdlərini silahlandırmayacağını bildirdi. Yaranmış vəziyyət RF-i seçim qarşısında qoyub: “RF ABŞ-ın artan təzyiqi qarşısında əyilməli, Yaxın Şərqdə qazandıqlarından tam imtina etməlidir. Bunun alternativi Rusiyanın ABŞ-la müharibəyə başlamasıdır. ABŞ-ın yenidən Qara dənizdə hərbi aktivliyi başladı. RF prezidenti V.Putinin Suriya prezidenti B.Əsədi Soçidə qəbul etməsi, eləcə də Soçidə Astana formatına daxil olan dövlətlərin (RF, Türkiyə, İran) sammitini keçirməsi Putinin siyasi manevrlərinə inandığının və üstünlük verdiyinin əlamətidir”.

O vurğulayıb ki, B.Əsədin adından Putin onun Suriya tənzimlənməsində dialoq üçün hər şeyə hazır olduğunu bildirdi. B.Əsədin başqa alternativi yoxdur: “İranla münasibətlərə üstünlük verməsi Ərəb dövlətlərini Suriyaya qarşı hərbi aktivliyə vadar edəcəkdir. Rusiya Suriya siyasətini Ərəb dövlətləri ilə dialoq rejimində aparır. Ərəblərin nifrətini müəyyən qədər azalda bilib. B.Əsədlə Soçi görüşündən sonra V.Putin bu mövzuda ABŞ, Misir, Fransa prezidentləri və Səudiyyə kralı ilə telefon danışıqları apardı”.

Politoloqun fikrincə, kürd faktorunun itkisinin əvəzini doldurmaq üçün Rusiyanın şansı heç də sıfır deyil: “Burada əsas məsələ V.Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsindəki mövqeyindən və Azərbaycanyönümlü operativliyindən çox şey asılıdır.RF prezidenti V.Putinin təşəbbüsü ilə ABŞ prezidenti D.Trampla telefon danışığı baş tutdu. Bir saat çəkən danışıqda Koreya, Suriya, Ukrayna və İranın nüvə proqramları müzakirə edildi”.

M. Əhmədoğlu deyib ki, RF müdafiə naziri Sergey Şoyqu son aylarda xeyli aktivləşib. Amma noyabr ayında onun keçirdiyi bəzi görüşlər müdafiə naziri statusu ilə uyğun gəlmir. S.Şoyqu BMT Baş Katibinin Suriya məsələləri üzrə nümayəndəsi S.de Mistura ilə Suriya Milli Dialoq Konqresinin təşkilati məsələlərini müzakirə etdi: “S.Şoyqu Səudiyyə kralı, Qətər əmiri və Sudan prezidentləri ilə görüşündə müdafiə naziri statusundan üstün məsələləri müzakirə etdi. Ehtimal ki, V.Putin qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək. Bu dəfə onu D.Medvedev deyil, S.Şoyqu əvəzləyəcək. Görünür, V.Putin aktiv hərbi proseslər olmadan və ya hərbi gücün aktivləşməyəcəyi təqdirdə Rusiyanın uğur qazanacağına inanmır. Qeyri-rus, şərqli S.Şoyqunun hərbi manevrləri Putinin başladığı siyasəti riskli zonadan uzaqlaşdıra bilər”.

6.12.2017 13:37 / Baxılıb: 1079 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo