Azərbaycan qəzetinin bütün nömrələri toplu şəklində çap olundu

Bu günlərdə “Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarını özündə birləşdirən dörd cildlik yeni toplu işıq üzü görmüşdür. Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti dövründəki olayları, həyata keçirilmiş çoxşaxəli islahatları, azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları işıqlandırmaq məqsədi daşıyan bu nəşr əsasən o dövrü tədqiq edən elm adamları və gənc nəsl üçün nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, yaxın gələcəkdə əski əlifba ilə çap edilmiş bu qəzetin mövcud olan bütün saylarının latın əlifbasında müasir Azərbaycan ədəbi dilinin qrammatik normalarına uyğun bir şəkildə oxuculara təqdim edilməsi, həmçinin fars dilində çıxmış yazıların Azərbaycan dilinə tərcümə olunması nəzərdə tutulmuşdur.


Hər bir xalqın milli-mədəni, ictimai-siyasi inkişafında milli mətbuatın müstəsna xidmətləri var. Mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir. Təsadüfi deyil ki, mətbuatın ən mühüm funksiyalarından biri məhz vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqları müdafiə  etməkdir. Mətbuat cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. 1945-1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin  rəsmi orqanı kimi dərc edilmiş “Azərbaycan” qəzeti məhz belə mətbu orqanlarından olmuşdur.

Cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, demokratiya uğrunda mübarizəni əks etdirmişdir. Qəzetin səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzularını, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini hər bir sayında aydın şəkildə təbliğ etmişdir. 5 sentyabr 1945-ci il tarixindən Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək - 12 dekabr 1946-cı ilə kimi 370 sayı dərc edilmişdir. Qəzetin son nömrəsi cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bəhs edir. Həmin nömrədə Məhəmməd Biriya və Seyid Cəfər Pişəvərinin imzası ilə dərc olunmuş rəsmi müraciətdəki cümlələr tariximizdə dərin iz qoymuşdur: “Mübarizə şiddətli, qanlı, ağır olsa da, aldığımız nəticə böyük və iffətlidir. İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir...”

Bununla da “Azərbaycan” qəzeti gələcək nəslə öz milli mənliyini, milli kimliyini, varlığını, Vətənin istiqlaliyyət və bütövlüyünü qorumaq yolunda fədakarlıq göstərməyin yollarını öyrətdi.

Cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamış “Azərbaycan” qəzetinin bütün saylarının kolleksionunu dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin bir illik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır. Bu nəşrin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin sabiq direktoru Mais Bağırovun əməyi olmuşdur.  Ümid edirik ki, bu kitab tariximizin həmin dönəmini araşdıran elm adamları, eləcə də gənc nəsil üçün əvəzsiz töhfə olacaqdır.


Səməd Bayramzadə,
AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru

5.12.2017 14:14 / Baxılıb: 781 / Çap
 
Bu bölmədə
1.12.2017
Muzeydə dərs
 Xəbər lenti
16.12.2017
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo