Asiyanın Qəlbi - İstanbul Prosesi regionumuza sabitlik vəd edir

Azərbaycanın strateji maraqlarına cavab verən mühüm hadisə

 

Müstəqil Azərbaycan dünyada multikulturalizm, tolerantlıq ənənələrini yaşadan, demokratik prinsipləri qoruyan müasir, hüquqi dövlət kimi tanınmaqdadır. Cənubi Qafqazın lider ölkəsi, Avropanın etibarlı tərəfdaşı sayılan, Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanda sabitlik və inkişaf davamlı xarakter almaqdadır. Bunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin, o cümlədən forumların, simpoziumların, konfransların keçirildiyi məkan kimi də diqqəti cəlb etməkdədir. Belə demək mümkünsə, artıq bu cür tədbirlərin məhz Azərbaycanda keçirilməsi ənənə halını alıb.



Bu ənənəyə uyğun olaraq, dekabrın 1-də Bakıda "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. Məlumat üçün qeyd edək ki, "Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə "Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub. 



Hazırda "Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstanın region ilə bağlantısının genişləndirilməsi üçün vacib regional platformadır. Bu platforma çərçivədə Bakıda keçirilən konfransda Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əliyev, Məhəmməd Əşrəf Qani də iştirak edib. Konfransda səsləndirilən fikirlərdə Azərbaycan sülhməramlılarının Əfqanıstanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə, həmçinin ölkəmizin iqtisadi inkişafı, ümumi daxili məhsulun artması, davamlı islahatların həyata keçirilməsi yüksək dəyərləndirilib. Bununla yanaşı, konfransda terrorizmlə mübarizə sahəsində görülən işlərə də toxunulub, terrorizmin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanıb. Bəzi ölkələrin terrorizmə dəstək verməsi təəssüflə xatırlanaraq qeyd olunub ki, terrorizmə qarşı mübarizə dünyada, o cümlədən regionda olan problemlərin həllinə də töhfə verir.



Milli Məclisin deputatı, politoloq Elman Nəsirov "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm tədbir kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, Bakıda keçirilən bu konfransda çıxışı zamanı da ən ağrılı problemimiz olan və indiyə qədər Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edib. O deyib ki, bu gün Ermənistanın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri olsa da, onlar işlək vəziyyətdə deyil. Ermənistan bu qətnamələrə, beynəlxalq hüququn tələbinə məhəl qoymur, öz təcavüzkar siyasətini davam etdirir: "Təəssüf ki, beynəlxalq birlik də bu məsələdə ikili standartlar siyasətindən əl çəkmir. Bunun ən böyük təhlükəsi ondadır ki, belə olan vəziyyətdə Ermənistanda arxayınçılıq sindromu daha da möhkəmlənir. Onlarda belə bir illüziya yaranır ki, cinayəti törətmək, təcavüz etmək olar, lakin buna görə cəzalandırılmayacaqsan. Cənab Prezident hər zaman bu məsələlərə ən yüksək kürsülərdən diqqət cəlb edir. Nə qədər ki, beynəlxalq birlik bu məsələlərdə belə ikili davranış siyasətini həyata keçirəcək, bir o qədər problemin həlli imkanları məhdudlaşacaq. Bu problemin əsl mahiyyətini, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini Azərbaycan Prezidenti növbəti dəfə bu tədbirdə qeyd etdi. Fikrimcə, bu tədbirin bizim üçün əhəmiyyəti onunla bağlıdır ki, həm Asiyada, həm Avropada, eləcə də Amerikada və digər qitələrdə Azərbaycan həqiqətlərinin yayılması üçün yaxşı imkanlar yaranır. Azərbaycan Prezidenti bütün imkanlardan maksimum yararlanır ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsın”.



Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, beynəlxalq aləmdəki yeni güc mərkəzi hər gün bir az daha dünyanın qəlbi adlandırılan Asiyaya doğru yuvarlanır. Onun fikrincə, bu, o deməkdir ki, gələcəkdə köhnə güc mərkəzi hesab edəcəyimiz Avroatlantik məkana yeni rəqib yaranır: "Bu tarixi prosesi əvvəlcədən görən və onu ləngitmək üçün hələ ötən əsrin 70-ci illərindən başlayaraq Asiyanı nəzarətə götürməyə çalışan Qərbin imperialist mərkəzləri bu mühüm siyasi coğrafiyada çoxsaylı münaqişələr yaratmağa və bununla regionu idarə etməyə cəhd etdilər. Ancaq bu günə qədər heç bir imperialist mərkəz regiona tam nəzarəti öz əlinə ala bilmədi. Siyasi tariximizin çox da uzaq keçmişi olmayan Əfqanıstan müharibəsi də, Taliban, Əl-Qaidə kimi qeyri-qanuni təşkilatlanmalar da, hətta Pakistan ilə Hindistan arasında bu gün də öz həllini tapmayan problemlər də qlobal imperializmin Asiya siyasətinin nəticəsi olaraq meydana çıxmışdı. Əslində bu geostrateji regionda törədilən hadisələr, terrorla idarəetmə metodları həm də gələcəkdə Asiyanın başqa bir mühüm regionunun - Yaxın Şərqin növbəti hərbi-siyasi poliqona çevrilməsi üçün bir növ məşq idi. Yrım əsrdən artıq bir müddətdə davam edən bu prosesin hələ də sonu görünmür. Yəni, dünya əhalisinin 60 faizindən çoxunun yaşadığı, eyni zamanda, dünya iqtisadiyyatının olduqca mühüm bir hissəsinin formalaşdığı bu regionda imperialist mərkəzlər davamlı nəzarət mexanizmi formalaşdıra bilmirlər. Ona görə də münaqişələr yaratmaqla daha dərinə nüfuz etməyə çalışırlar. Bu prosesdə isə ən çox əziyyət çəkən Əfqanıstandır. Bu ölkə özünün geostrateji mövqeyi ilə olduqca əhəmiyyətlidir. Çünki bir növ regionun giriş qapısı olmaqla Avropadan quru yolla gələn çox mühüm kommunikasiya və yolların başlıca tranzit qovşağıdır. Ona görə də dünya siyasətini müəyyənləşdirən bir sıra dövlətlər və onların nəzarətində olan beynəlxalq təşkilatlar hər nə qədər Əfqanıstana sülh və sabitlik gətirməyə cəhd göstərdiklərini iddia etsələr də, əslində daha çox öz maraqlarını təmin etməyə çalışırlar”.



Politoloqun fikrincə, belə bir mürəkkəb mərhələdə qardaş Türkiyənin təşəbbüsü ilə 2011-ci ildə "İstanbul Prosesi” başladılıb: "Yəni, yarım əsrdən çox bir dövr ərzində ilk dəfə regional və yerli dinamiklər tərəfindən Əfqanıstana, dolayısı ilə bütövlükdə Asiyaya sabitlik gətirə biləcək real və səmimi bir proses başladılmış oldu. Azərbaycan da cəmi bir il sonra regionun mühüm və çevik siyasətə sahib bir ölkəsi kimi bu prosesə qoşuldu. Bu, bizim milli maraqlarımız baxımından mühüm bir dialoq və tərəfdaşlıq platformasıdır. Elə Bakıda baş tutan nazirlərin 7-ci konfransında qəbul edilən Bəyannamədə öz əksini tapan və beynəlxalq hüquqla əsaslandırılan prinsiplər də əslində iştirakçı dövlətlərin hər biri tərəfindən bir daha ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi kimi başa düşülməlidir. Nəzərə alsaq ki, Asiyada 56 dövlət var və onların içərisində Çin, Hindistan, Pakistan kimi gələcəkdə dünya siyasətində daha çox söz sahibi olacaq ölkələr yer alır, o zaman bu konfransın və qəbul edilən bəyanatın əhəmiyyətini bir daha anlamış olarıq. Bu tərəfdaşlıq formatı regionumuza siyasi sabitlik və təhlükəsizliklə bərabər, həm də ciddi iqtisadi əməkdaşlıq perspektivləri vəd edir”.


Rufik İSMAYILOV

5.12.2017 11:30 / Baxılıb: 298 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo