Rizvan Qənbərli: Min bir əziyyətlə 1 dollar alıb cibimə basmışdılar ki...

Nəsimi Paşayev: “Dünyanın hər bucağından insanlar var idi tədbirdə. Və hamısı Türkiyə türkcəsində danışırdılar”

 

Onlar başqadılar, fərqlidilər. Daima yenilik axtarışındadılar, olduqları postda azadlıq rüzgarı əsdirirlər. Daima da üzləri gülür. Səbəbi sadədir. Türkiyədə təhsil alıblar. Məhz o təhsilin onlara verdiyi özünəinamın sayəsində də işlərində müvəffəq olublar. Etiraf etmək lazımdır ki, 25 il bundan əvvəl atılan bu addım alqışa layiqidir və ölkəmizə savadlı mütəxəssislər qazandırdı. 

25 il əvvəl ölkədən cibxərcliyi ilə çıxan o uşaqlar bu gün 25 yaşlarını qeyd edirlər. Bizə də onları təbrik etmək düşər. 

 

Layihənin ideya müəllifi Rizvan Qənbərli: 


- Hardan başlayaq söhbətimizə? “Məmləkət”imizdənmi, sizi tanımaqdanmı?


- “Məmləkətim” oxuyanda Azərbaycanı, “Azərbaycanım” deyəndə məmləkətimi düşünən bir nəslin nümayəndəsiyik. 25 il əvvəl 1992-ci ildə ilk test imtahanı ilə Türkiyəyə təhsil almaq üçün yola düşən, dünyanı dərindən dərk edə biləcək yeniyetməlik illərini Türkiyədə yaşamış insanlarıq. Ona görə, bu yaxınlarda 25 illik yubiley tədbiri çərçivəsində məzun dostlarımızın iştirakıyla klipləşdirdiyimiz “Məmləkətim” və “Azərbaycanım” mahnıları çoxumuzu həmin illərə apardı. 

Ankara Universitetinin jurnalistika fakültəsində oxumuşam. Bakalavr təhsili ilə yanaşı, magistr və doktorantura təhsilimi də bu fakültədə almışam. Jurnalistika mövzusunda Türkiyədə çap olunmuş iki, Azərbaycanda çap olunmuş bir kitabın müəllifiyəm. Uzun illərdir öz şəxsi reklam agentliyimi idarə edirəm, paralel olaraq universitetlərdə dərslərə girirəm, “median.cafe” bloqunda media və jurnalistika mövzusunda fikirlərimi bölüşürəm. 


- Necəsiniz? Özünüzü necə hiss edirsiniz? 


- Yubiley tədbirindən sonra çox rahatlamışam. Amma şirin yorğunluq əlamətlərini hələ ata bilməmişəm. Bunu dostlarla rastlaşanda onların “yorğun görünürsən” deməyindən anlayıram. Amma onlarla qurur duyuram. “Təhsil üçün oxu” layihəmizdə iştirak edən 30 məzunun əməyini yubiley tədbirində iştirak edən 300-dən çox məzunumuz çox anlamlı şəkildə təqdirəlayiq hesab etdilər. Hamılıqla bunun sevincini yaşayırıq. Hesab edirəm ki, həm tədbirimiz, həm klipimiz öz məqsədinə çatdı. 


- Təhsil illəriniz... Harada başladı, harada bitdi?  


- İndiyə qədər deməkdən peşman olmadığım, bundan sonra da olmayacağımdan əmin olduğum bir şey var, o da öz şəxsi həyatımı və karyeramı təhsil illərimə borclu olmağımdır. Təsadüflə başlayan, uzun sürən və unudulmayan bir təhsil hekayəsidir bizimki. 1992-ci ildə Türkiyə universitetlərinə qəbul elanıyla qarşılaşanda çox həyəcanlandıq. Müraciət etdim, imtahana girdim və bir sentyabr günü o vaxtkı “Həyat” qəzetində Türkiyə universitetlərinə qəbul olunanlar siyahısında adımı oxuduğum anda hər şey mənim üçün yenidən başladı. Türkiyənin o vaxtkı baş naziri rəhmətlik Süleyman Dəmirəlin şəxsən irəli sürüb həyata keçirdiyi bir layihə idi bu. “Böyük Tələbə Layihəsi” adı ilə təkcə Azərbaycandan yox, digər Türk cümhuriyyətlərindən də minlərlə tələbə Türkiyədə ali təhsil almağa haqq qazanmışdı. Təbii ki, Azərbaycanda da o vaxtkı prezident, rəhmətlik Əbülfəz Elçibəyin təşəbbüsü ilə ilk test imtahanı uğurla keçirilmiş, respublikanın müxtəlif ucqar nöqtələrindən, maddi imkanları yetərsiz olan 929 nəfər təhsil üçün Türkiyəyə yollanmışdı. İndi Türkiyədə ali təhsil almaq çox asandır, ona görə çoxları bizim o dönəm yaşadığımız həyəcanı anlamaya bilər. Məsələn, yaxşı xatırlayıram, 14 noyabr 1992-ci ildə son anda Ankara təyyarəmiz havalanmadan bir neçə dəqiqə əvvəl min bir əziyyətlə 1 dollar alıb cibimə basmışdılar ki, tələbə uşaqdır, pulsuz getməsin. Sonra təhsil aldıq, məzun olduq, çalışdıq, hərə öz imkanı çərçivəsində o 1 rəqəminin arxasına sıfırları qoşdu. Artırdığımız sıfırların heç biri 25 yaşlı o dollardakı 1 rəqəminin yerini tuta bilmədi. Ən əsası da odur ki, bu hekayəmiz bitmədi, davam edir, hələ də. Bitdi dediyim anda, 90-cı illərdə dərsdə, işdə, maddi ehtiyaclarda, sosial həyatda əllərini çiynimdə hiss etdiyim dostlarımı, müəllimlərimi, iş yoldaşlarımı xatırlayıram və o müdhiş hekayənin hələ də davam etdiyinə inanıram. 


- Hər məqamın bir səbəbi var. Son günlər sizin təhsil üçün hazırladığınız o məqamın səbəbi nə idi? 


- 25 ildir hər şeyi ciddiyə alan bir nəsil olaraq iki gün əylənmək istədik, çox da gözəl əyləndik. Təbii ki, əylənərkən də sosial mesaj verməyi unutmadıq. Maddi və mənəvi, həyatda qazandıqları nə varsa təhsil həyatına borclu hiss edən bir nəsil olaraq təhsilin vacibliyini vurğulamaq istədik. Təhsil üçün oxuduq, “təhsil üçün oxu” dedik. “Oxu” sözünün çoxvurğulu mənasını bölüşmək istədik cəmiyyətlə. “Məmləkətim” və “Azərbaycanım” mahnısını oxuyarkən həm də bilik qazanmağın, təhsil almağın çağırışını səsləndirdik. 


- Kimin fikri idi? Haradan bildiniz ki, bu qədər səs gətirəcək? 


- 25 illik yubiley tədbirini keçirək deyəndə dostlar soruşdu ki, nə edə bilərik? Mən də təklif etdim ki, gəlin mahnı oxuyaq. Fikir ordan yarandı. Türkiyə türkcəsində “Memleketim”, Azərbaycan türkcəsində isə “Azərbaycanım” mahnısı üzərində fikir birliyi yarandı. Əslində layihəni daha geniş tərkiblə reallaşdırmaq istəyirdik, amma tədbirə çatdırmalı olduğumuz və 20 gün kimi qısa müddət qaldığı üçün hazırkı variantla tamamlaya bildik. Dostlara xəbər saldıq, kimlər iştirak etmək istəyirsə onları siyahıya alıb işə başladıq. 30 məzun dostumuz kimisi könüllü, kimisi son anda ərkyana çağırışla qoşuldu bu işə. Əksəriyyəti bəlkə də ortaya nə çıxacağını bilmədiyi üçün tərəddüdlə yanaşırdı. Amma klipi ictimaiyyətlə paylaşandan sonra elə öz məzun dostlarımızdan, yüzdən çox insandan istək gəldi, növbəti layihələrdə iştirak etmək istədiklərini dedilər. Açığı, bu dərəcədə səs gətirəcəyini təxmin etmirdim. Düzdür, həm iş prosesi zamanı, həm də klipin son variantına baxanda şəxsən çox həyəcanlandım. Yenə də insanların mənim kimi təsirlənəcəyini, bəyənib sahiblənəcəyini təxmin etməmişdim.


- Sizin layihə Türkiyədəki azərbaycansevərlər tərəfindən də diqqətlə qarşılandı. Eyni zamanda Türkiyədə də tədbir keçirildi. Siz orda iştirak elədinizmi? 


- Türkiyə dövləti tərəfindən də 25 illik tədbir keçirildi və oraya 150-dən çox ölkədən nümayəndə qatılmışdı. Mən bu tədbirdə iştirak etmədim, amma respublikamızdan müxtəlif dövlət qurumlarında çalışan 25 məzun dostumuz həmin tədbirdə bizi layiqincə təmsil etdilər. “Təhsil üçün oxu” klipi qardaş Türkiyədə də böyük diqqətlə qarşılandı, müxtəlif platformalarda paylaşıldı. Çox yaxşı reaksiyalar aldıq. Bunların içərisində məni ən çox sevindirən Ankarada jurnalistika fakültəsində oxuyarkən rejissorluq dərsləri aldığım müəllimimin klipimizi paylaşması və paylaşarkən də xoş sözlər dilə gətirməsi idi. 


- Bu klip sizi ortaya çıxardı deyə bilərikmi?


- Yox, bu çox iddialı çıxış olar. Amma belə deyək ki, 25 ildir məni tanıyan dostlarım bu kliplə bir az çaşdılar sanki. Şou dünyasına meyl etməyə çalışan bir adamı kəşf etdilər. Mənim üçün önəmli olan isə klip vasitəsilə verməyə çalışdığım mesaj idi, təhsilin və oxumağın vacibliyi vurğusu idi. Bu anlamda ürəyimi boşaltdım deyə bilərəm. 


- Ümumiyyətlə orda təhsil alıb burada yaşamaq çalxantıya səbəb olmur ki? Türkiyə təhsilinin gücünü inkar edə bilmərik. 


- Bir çalxantı olur təbii ki, amma bu insan həyatının istiqamətini dəyişdirəcək miqyasda çalxantıya çevrilmir. Adətən məkan dəyişiklikləri istər ölkə miqyasında, istərsə də məhəllə, mütləq insan həyatında müəyyən dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərə verdiyimiz reaksiyalar bizim adaptasiya prosesimizə də təsir edir. Azərbaycana qayıtdığım ilk vaxtlarda yaxın ətrafımda adaptasiya problemləri ilə qarşılaşırdıq. Amma bu prosesin müddəti təbii ki iş həyatı, hədəflər, gözləntilər və uğurlardan asılı olur. 


- Bu klipdə çıxış eləyən məzunlar indiyə qədər başqa sahələrdə tanınan insanlardır. Onların mahnı oxumağı, klip çəkilişi əminəm ki, gülməli hadisələrlə müşahidə olunub. 


- Əgər proses ərəfəsindəki gülməli əhvalatları danışsam məni öldürərlər (gülür). Amma bir hadisəni tədbirdə danışmışam ona görə burda da deyə bilərəm. Biz klipə başlayanda məzun dostlarımızdan biri təkidlə “triangle” aləti ifa edəcəyini dedi. Təsəvvür edin, çəkilişlərə bir gün qalıb, “triangle” ifa etməyə namizədimiz var amma musiqi alətini tapa bilmirik. Kamançamız, tarımız var amma bu milli musiqi alətlərini ifa etməyə namizəd tapa bilmirik. Ona görə bəzi dostlara zəng edib təcili çəkiliş məkanına dəvət elədik və oraya gələndə yox demə şansları qalmadı. Həm də dostumuz o alətin əsl adını demir, üçbucaq adlandırır. Üçbucağın nə olduğunu tapmaq üçün bir həftə baş sındırdıq.

 

 

- Klipin ilk otuz saniyəsində ifa edən Fariz Cəmilli. Elə deyilmi?


- Vallah tədbirdə də sataşdım. Farizin qara siyahısındayam. Məni işə salmayın.


Klip haqqında söhbətimizi bu dəfə ölkənin ən mediatik mətbuat katiblərindən olan Nəsimi Paşayevlə davam etdiririk. Etiraf edim ki, hamı kimi mən də onu metronun platformasında mikrofon qarşısında görəndə gülmüşdüm, amma dinləyəndən sonra səsinin yaxşı olduğuna qənaət gətirdim. Nəsimi Paşayev bu tədbirin Türkiyə qolundan danışır:


- Eşidəndə ki, Türkiyəyə təhsil almağa getməyimizin 25 illik yubileyi dostlarla qeyd etmək məsələsi var, çox sevinmişdim. Həm Böyük Tələbə Layihəsinin yubileyini qeyd edəcəkdik, həm də çoxdandır görmədiyimiz dostlarla görüşəcəkdik. Həyat və şərtlər elədir ki, bəzən tələbə dostlarımızı uzun müddət görmək imkanımız olmur. Bu mənada sevinmişdim amma məni ən çox sevindirən “Təhsil üçün oxu” layihəsi idi. Bilirsiniz ki, bu layihədə 30 tələbə dostumuzla birgə həm Azərbaycan, həm də Türkiyə türkcəsində mahnılar ifa etmişik. Hətta bu mahnılara klip də çəkilib. Məncə ən çox səs-səda gətirən də elə bu layihə oldu. Təklif gələndə etiraz etmədim. İstəyirdim ki, tədbirdə mənim də əməyim olsun. Ancaq tərəddüdlərim var idi. Nə yalan deyim, proses çox maraqlı keçdi. Həm səsyazmada, həm də klip çəkilişində əyləndik də. Deyilənə görə pis alınmayıb. Tədbirimiz də çox möhtəşəm keçdi. Bu ərəfədə gələn başqa bir təklif də lap yerinə düşdü. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsində, İstanbulda keçiriləcək bir tədbirə dəvət aldım. Minlərlə məzun arasında adımı görmək qürurvericiydi. 24-27 noyabr tarixləri arasında İstanbulda "Türkiyə yenidən, məzun buluşması" adlı tədbir keçirildi. Təsəvvür edirsiniz, 100-dən çox ölkədən 450-dən çox nümayəndə var idi. Dünyanın hər bucağından insanlar var idi tədbirdə. Və hamısı Türkiyə türkcəsində danışırdılar. Hiss elədiyim o duyğunu ifadə etmək çox çətindir. Baş nazir Binəli Yıldırımın da iştirak etdiyi tədbirdə başqa ölkələrdən olan tələbə yoldaşlarımı gördüm. Yeni dostlar qazandıq. Hətta Bakıdan gedən məzunlarla dərin müzakirələr etmək, söhbət etmək imkanımız yarandı. Təxminən 30-40 nəfər Türkiyə Universitetləri məzunları bir axşam yeməyində görüşdük. Onların arasında Azərbaycana dönməyib Türkiyədə qalan dostlarımız, hazırda orada təhsil alan tələbələrimiz də var idi. Bu tədbir özü də ayrıca gözəl idi. Fürsətdən istifadə edib bir neçə saatlıq Ankaraya getmək imkanım da oldu. Təsəvvür edirsiniz, 17 ildən sonra məzun olduğum fakültəni gəzdim. Nə hiss elədim, onu bir mən, bir də Allah bilir.

Fürsətdən istifadə edib sizin vasitənizlə həm Bakıda, həm də İstanbulda keçirilən tədbirlərin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. 


Layihənin digər iştirakçılarının təəssüratlarını bir söhbətə sığdırmaq mümkün olmadı. Amma sizin hər birinizin yaxşı tanıdığınız o insanlarla başqa söhbətlərdə, başqa mövzularda yenidən dərdləşəcəyik deyib bu dəfəlik yazıma nöqtə qoyuram. 

“Böyük Tələbə Layihəsi” isə yekunlaşmır, növbəti yubileylərlə davam edir. 25 iliniz mübarək olsun, dostlar! 


Qələbənin ildönümlərində görüşmək diləyi ilə

Nigar İSFƏNDİYAR

30.11.2017 17:20 / Baxılıb: 1349 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo