Danış ki, səni görüm - Yeni layihə başladı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub. Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov birliyin fəaliyyətindən, gənclərə göstərdiyi qayğıdan və qurumun gələcək layihələri barədə danışıb.

Daha sonra "525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid tədbirin mövzusunun əhəmiyyətindən söz açıb: "Gözəl danışmağa təməl olan faktorlardan biri şeir əzbərləməkdir. Saatlarla güzgünün qabağında durub məşq edən natiqlər olub. Əgər gənclərimiz natiq olmaq istəyirlərsə, mütləq mütaliələr etməli, bədii ədəbiyyat oxumalıdırlar".

Modern.az saytının Baş redaktoru Elşad Eyvazlı özünü ifadə edə bilməyin, səlist nitqin nə dərəcədə vacib olduğunu vurğulayıb: "Orta məktəbdə riyaziyyat müəllimimiz var idi. Savadlı olmasına baxmayaraq özünü ifadə edə bilmirdi. Biz onun nitqini başa düşə bilmirdik. On görə də Rəşad müəllimlə tamamilə razıyam. Gənclərimiz mütləq şəkildə folklor, bədii ədəbiyyat mütaliə etməlidir.

“Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev çıxışı zamanı qeyd edib ki, indiki gənclərin şəraiti olduqca yaxşıdır və onlar bu imkanlardan maksimum yararlanmalıdırlar: "Xüsusən də jurnalistikanı seçənlər ilk addımlarını yazılı mediada atsalar, xarici dil biliklərini zənginləşdirsələr daha yaxşı olar. Çünki, araşdırma jurnalistikası az-çox yazılı mediada qalıb. Gənclər həm də jurnalistikada ixtisaslaşmağa meylli olmalı, hər şeydən yazmaq kimi öhdəlik götürməməlidirlər". N. Niftiyev özünü mətbuatda ixtisaslaşmış jurnalist hesab etdiyini və 20 illik fəaliyyəti dövründə apardığı araşdırmalar nəticəsində iki kitab ortaya qoyduğunu bildirib.

Çıxış edən layihə rəhbəri bildirib ki, ”Natiqlik sənətinə peşəsindən asılı olmayaraq hər kəs yiyələnməlidir. Hətta evdar qadın belə. Çünki biz mütləq şəkildə ünsiyyət qururuq insanlarla. Bu ünsiyyət bizə dəyər qazandıran bir vasitədir. Bəzən insanlar düşünür ki, diksiya sənəti təkcə televiziya və radio işçilərinə bir də dövlət məmurlarına lazımdır. Əslində bu düzgün fikir deyil. Bütün sahələrdə çalışan insanlar özlərini ifadə etmək ehtiyacı duyurlar. Həmçinin şəxsi münasibətlərdə bu çox önəmlidir. Bəzən biz haqlı olarkən haqsız vəziyyətə düşə bilirik. Çünki özümüzü düzgün ifadə edə bilmədik. Bizim səsimizin tonu, bədən dilimiz, seçmiş olduğumuz sözlər, sonda deyilməli sözün əvvəldə deyilməsi və s. kimi məsələlər ünsiyyətdə ciddi problemlər yaradır. Bəzi insanlar var ki, biz onlara dəqiqələrlə hətta saatlarla qulaq asa bilərik. Bəzi insanlar var ki, bir neçə dəqiqədən artıq onu dinləmək istəmirik. Bütün bunların başında həmin şəxsin nitq qabiliyyəti, seçmiş olduğu sözlər, danışıq tərzi dayanır”.

Sonda MirHəsən Seyidov gənclərə məsləhətlər verib: "Sosial şəbəkələr sonsuz imkanlar tanıyır. Bununla belə mənfi tərəfləri də xeyli çoxdur. Bu səbəbdən sosial şəbəkələrdən düzgün istifadə etmək lazımdır. Mən hər gün mətbuatı izləmədən işə başlamıram. Təəssüflər olsun ki, gənclər sosial şəbəkələrdən aldıqları xəbərlə kifayətlənirlər" Qeyd edək ki, layihə çərçivəsində, 3 gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçiriləcək, onlara natiqlik sənətinin incəlikləri öyrədiləcək, silsiləvi tədbirlər, seminarlar, təlimlər keçiriləcəkdir. Layihənin ictimaiyyətə daha yaxşı çatdırılması üçün KİV cəlb olunub, həmçinin sosial şəbəkələrdə paylaşılacaq. (Modern.az)






24.11.2017 14:30 / Baxılıb: 388 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo