Aksiz dərəcələrinin artırılması nə ilə nəticələnəcək?

Xaricdən gətirilən tütün məmulatları və alkoqollu içkilərin qiyməti yüksələcək, yerli istehsal genişlənəcək

 

Gələn ildən Azərbaycanda tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri iki dəfəyədək artırılacaq. Bu barədə Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov açıqlama verib. S.Şərifov deyib ki, manatın dollara nisbətən kəskin ucuzlaşması nəticəsində tütün məmulatlarının və alkoqollu içkilərin alış qiyməti kəskin dərəcədə artıb. Ancaq aksiz dərəcələri aşağı düşüb. Növbəti ildə həmin məhsullara aksiz dərəcələrinin iki dəfə artırılması nəzərdə tutulub.

Bəs görəsən aksiz dərəcəsinin artırılması qiymətlərə necə təsir edəcək? Bu addım siqaret çəkənlərin sayının azalmasına təsir göstərə bilərmi?

 

 

İqtisadçı alim Vüqar Bayramov deyir ki, aksiz dərəcələrinin artırılması fonunda ölkəyə idxal edilən spirtli içkilərin və eləcə də tütün məhsullarının qiymətlərində artım olacaq: "Nəzərə alınmalıdır ki, Azərbaycan bu məhsulların əhəmiyyətli hissəsini idxal edir. Düzdür, yerli istehsal olan alkoqollu içki məhsullarımız da var və son dövrlərdə yerli istehsalın dövriyyəsində genişlənmə müşahidə edilir. Aksiz markalarının artırılması ölkəyə idxal edilən spirtli içkilərin və tütün məhsullarının vergi rüsumlarını artıracaq ki, son nəticədə həmin məhsullarda qiymət artımı qaçılmazdır. Bu isə öz növbəsində yerli alkoqollu içkilərə tələbin artmasına gətirib çıxara bilər. Çünki xarici məhsulların qiymətinin artması fonunda yerli məhsulların qiymətlərində hər hansı bir dəyişiklik olmayacaq. Tələbin artması isə yerli istehsalın dövriyyəsinin daha da genişlənməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, yeni qaydaların tətbiqi yerli idxal prosesini təşviq edə bilər. Dəyişikliklər həm də xarici markalara olan tələbi azaldacaq. Çünki qiymətlərdə mühüm artım olacaq. Xüsusən alkoqollu içkilərdə xərclərin artması qiymətlərə daha çox təsir göstərə bilər. Təbii ki, bu da xarici məhsulların bazarda alıcılıq qabiliyyətinin zəifləməsinə səbəb olacaq, yerli məhsulların alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərəcək. Qiymətlərdəki bahalaşma isə aksiz markalarının faiz səviyyələrindən asılı olacaq. Ona uyğun olaraq xərcləri hesablamaq lazımdır. Aksiz dərəcələri xərci müəyyənləşdirən yeganə səbəb deyil. Bu Nazirlər Kabinetinin aksiz markarlarının necə dəyişəcəyi haqqında qərarından asılıdır. Bütün hallarda qiymət artımı olacaq, qiymətlərin artım səviyyəsi isə rüsumların artım səviyyəsindən asılı olaraq müəyyənləşəcək”. 

 

 

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirdi ki, dünyada tütün və tütün məmulatları, o cümlədən spirtli içkilərə olan tələbatın və onların istifadəsinin azaldılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir: "Bu da o metodlardan biri hesab oluna bilər. Aksiz qiymətlərini qaldırdıqda, həmin məhsulların qiyməti qalxır və nəticədə istifadəçi sayı azalır və məhdudlaşır. Bu baxımdan düşünürəm ki, aksiz dərəcələrinin artırılması müsbət məqamdır və yalnız alqışlana bilər. Çünki son nəticədə bu addım cəmiyyətdə həmin məhsullara olan marağın azalmasına gətirib çıxaracaq. Qiymətlərin qalxması ilə əlçatımlılıq səviyyəsi azalır və alıcılıq qabiliyyəti aşağı düşəcək. Müasir dövrün ən böyük problemi qiymətlərin baha olmasıdır. Bu amil də böyük ehtimalla alıcılıq qabiliyyətinə müəyyən qədər təsir göstərə bilər. Dünya təcrübəsində bu üsuldan istifadə edilir. Bir çox ölkələrdə, o cümlədən qonşu ölkə Türkiyədə tütün və alkoqol məhsullarının aksiz dərəcəsinin yüksək olması səbəbilə qiymətləri çox bahadır. Çünki dövlət məhz istifadəyə məhdudiyyət qoymaq məqsədilə aksiz markalarını artırır. Təcrübə göstərir ki, bu addım  öz növbəsində istifadəçilərin sayında əhəmiyyətli azalmaya gətirib çıxarıb. Düşünürəm ki, idxal olunan məhsullara istənilən formada maneənin yaradılması həm də yerli istehsalı gücləndirir və ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Amma bütün hallarda bu qərar siqaretdən istifadənin azaldılması üçün yetərli deyil. Biz bununla bağlı uzun müddətdir ki, fəaliyyət göstəririk. Əsas məsələ ictimai və qapalı yerlərdə siqaretin istifadəsinin qadağan edilməsidir. Bu tendensiya bir çox ölkələrdə mövcuddur. Əksər ölkələrdə qapalı yerlərdə siqaret məhsullarından istifadənin çox böyük cərimələri var. Məsələn, Rusiyada bu cərimənin məbləği 1000 manatdır. Bu metod məhdudlaşma ilə bağlı daha effektiv nəticə verir. Amma bütün hallarda bu tip metodlar da istifadəçi sayının azalması baxımından çox vacibdir”.

 

Şəbnəm Mehdizadə

24.11.2017 12:46 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo