Üçlü format Suriyaya sabitlik vəd edir

6 illik müharibəyə son qoyulması məqsədilə Suriya Milli Konqresinin təşkil edilməsi barədə razılıq əldə edilib

 

Soçidə Rusiya, İran və Türkiyə prezidentləri – Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar başa çatsa da, onun nəticələri hələ uzun müddət müzakirə olunacaq. İndi hamını bir sual düşündürür – "üçlü format”da yeni bir əməkdaşlıq sisteminin formalaşacağını müşahidə edə biləcəyikmi? Eləcə də, Bəşər Əsədin dünən inamla söylədiyi "Qərbin Suriyaya qarşı planı məhv oldu” bəyanatı nə qədər real olacaq? Görünən odur ki, sammit iştirakçıları hələ ki, bu istiqamətdə nikbin görünürlər. Bəzi ekspertlər hətta bir qədər irəli gedərək Soçidə bir alyansın elementlərinin sezildiyini də irəli sürürlər. Bu əməkdaşlıq bu gün konkret olaraq Yaxın Şərq regionu ilə bağlı olsa da, gələcəkdə münasibətlərin daha da yaxınlaşmasını müşahidə edəcəyimiz bir qədər qaranlıq görünür. Sammit göstərdi ki, regionda əsas təşəbbüs Rusiyanın, İranın və Türkiyənin əlindədir. İlk baxışda belə bir fikir formalaşır ki, regionda ABŞ-ın siyasəti artıq fiaskoya uğrayıb. Bu isə Rusiyanın Suriyada real qələbə çaldığı anlamına gəlir. Rusiya ilk dəfə olaraq, beynəlxalq müstəvidə özünün hərbi, siyasi qüdrətini təsdiq edə bildi. Bu baxımdan hesab etmək olar ki, Rusiya İranın və Türkiyənin dəstəyini almaqla, bu qələbəsini tam möhkəmləndirmək üçün əlindən gələni edəcək.

O ki qaldı sammitdə qəbul olunan qərarlara - əsas olan odur ki, Suriyadakı 6 illik müharibəyə son qoyulması məqsədilə "konfrans”ın keçirilməsi barədə razılığa gəlinib. Bu konfransda Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı nəzərdə tutulur. V.Putin bu barədə bəyanatı üçtərəfli danışıqlardan sonra verib. Üç liderin birgə bəyanatını səsləndirən Rusiya prezidenti deyib ki, İran və Türkiyə prezidentləri Suriya Milli Konqresinin təşkil edilməsi barədə təşəbbüsü dəstəkləyiblər: "Biz bu çox mühüm tədbirləri müvafiq səviyyədə keçirmək və burada Suriya cəmiyyəti nümayəndələrinin geniş iştirakını təmin etmək barədə razılığa gəlmişik”. Rusiya prezidenti əlavə edib ki, liderlər diplomatlara, təhlükəsizlik və müdafiə rəsmilərinə Soçidə keçiriləcək konfransın tərkibi və tarixi üzərində işləmək tapşırığı veriblər: "Əldə olunmuş üçtərəfli razılaşmaya əsasən, Suriyanın müxtəlif siyasi partiyaları, daxili və xarici müxalifət üzvləri, etnik və dini qrupların təmsilçiləri danışıqlar masası arxasına gətiriləcəklər”. Lakin yeni konfransın indiyədək Suriyaya dair aparılan iki paralel danışıqlar prosesindən necə fərqlənəcəyinə aydınlıq gətirilməyib.

Rusiya prezidenti "Suriyalılar öz talelərini özləri həll etməlidirlər. Suriyanın iqtisadi və sosial həyatının bərpası üçün fikir mübadiləsi apardıq” deyib.

İran prezidenti Həsən Ruhani isə öz növbəsində Suriya Milli Konqresində ölkədəki bütün tərəflərin iştirakının vacibliyini qeyd edib: "Bu konqres Suriyanın yeni konstitusiya hazırlıqlarına zəmin yaradacaq”. İran prezidenti hər kəsə təhlükəsiz və azad Suriya seçkilərinin şahidi olmağı arzulayıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək, "terrorçu ünsürlərin bu prosesdən kənar tutulması bizim üçün prioritet məsələ olaraq qalır” deyib. Türkiyə prezidenti Astana danışıqlarının Suriyada atəşkəs və deeskalasiya zonaları ilə bağlı faydalı nəticələrini xatırladıb, Cenevrə danışıqlarının davamlı həll istiqamətindəki rolunu qeyd edib. Ərdoğan bu görüşdə atılan addımların uğurunun Suriya rejimindən və digər aktyorlardan asılı olduğunu vurğulayıb, üç liderin Suriyanın milli birliyi və ərazi bütövlüyünü təsdiq etdiyini söyləyib. Türkiyənin dövlət başçısı bir daha ölkəsinin milli təhlükəsizliyinə qəsd edən terror təşkilatı ilə eyni masanın arxasında oturmayacağını bəyan edib: "Əli qanlı bir dəstəni qanuni tərəf olaraq qəbul edə bilmərik”. Birgə bəyanatda üç təminatçı ölkə Suriyada zorakılığın azaldılması məsələsində əldə olunan uğurun qorunması üçün koordinasiya işini davam etdirəcəklərini bildirib. Üç ölkə lideri zorakılığın böyük ölçüdə nəzarət altına alındığı Suriyada siyasi həll axtarışlarının sürətlənməsi üçün etibar çoxaldıcı tədbirlərin vacibliyinə toxunublar. Sözügedən tədbirlər sürətli, etibarlı və fasiləsiz humanitar yardım, məhbusların sərbəst buraxılması, cənazələrin qaytarılması və itkin düşən insanların təsbiti şəklində sıralanıb.

Yeri gəlmişkən, Türkiyə prezidenti terror təşkilatı PKK/PYD mövzusuna da toxunaraq, qərarlı mövqeyini ortaya qoyub. Ölkə başçısı bildirib ki, "Suriyanın siyasi birliyi və ərazi bütövlüyü və Türkiyənin milli təhlükəsizliyi üçün terrorçu ünsürlər prosesdən kənarlaşdırılmalıdır. Terror təşkilatı PKK/PYD siyasi həllə xidmət etməsi nəzərdə tutulan bir platformada iştirak edərsə, Türkiyə orada olmayacaq. Uğura çatmaq üçün Suriya hökuməti və müxalifət ilə yanaşı, üç təminatçı ölkənin də bir-birinə qarşılıqlı hörmət və güzəşt anlayışının davam etməsi həlledici məqamdır”. 

Suriyadakı qanlı vətəndaş müharibəsində 2011-ci ildən bəri 310 min insan həlak olub, 5 milyon suriyalı qaçqın düşüb. BMT münaqişəyə siyasi həllin tapılması məqsədilə Cenevrədə sülh danışıqlarına rəhbərlik edir. Bununla eyni vaxtda Rusiya, İran və Türkiyə Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair bir neçə dövrədə danışıqlar aparıblar. Bu danışıqlarda əsasən atəşkəsin tətbiq edilməsi yolları müzakirə edilib. Rusiya və İran Suriya münaqişəsində prezident Bəşər Əsədin rejimini dəstəkləyirlər. Türkiyə və Birləşmiş Ştatlar isə bu rejimə qarşı mübarizə aparan qiyamçı qrupların tərəfindədirlər. İslam Dövləti ekstremist təşkilatı da bu münaqişəyə qoşulub, lakin o bütün tərəflərə qarşı döyüşür. Moskvanın bu münaqişəyə iki il əvvəl başlanmış müdaxiləsi müharibədəki qüvvələr balansını Əsədin xeyrinə dəyişib. Rusiya onun hava kampaniyası zamanı yüzlərlə dinc sakinin həlak olmasına görə beynəlxalq tənqidlərlə üzləşib. ABŞ və müxalifət qüvvələri bundan əvvəl Əsədin gedişini ilkin şərt kimi irəli sürsələr də, həm keçmiş prezident Obama, həm də Tramp sonradan bu tələbi bir qədər yumşaldıblar.

Maraqlısı odur ki, Rusiyada bir sıra müstəqil ekspertlər Putinin bu hərəkətliliyini qarşıdan gələn seçkilərlə əlaqələndirirlər. Rusiya prezidenti namizədliyini rəsmiləşdirməsə də, hər halda seçkiyə ciddi hazırlaşır və prosesə böyük nailiyyətlərlə getmək istəyir. Suriyadakı uğur ona bu nailiyyəti qazandıra bilər.

Beləliklə, Soçidə keçirilən görüş "üçlüy”ün ifadə etdiyi kimi, uğurla başa çatdı. Lakin əsas olan odur ki, dünya düzənin əsas oyunçusu Birləşmiş Ştatların buna reaksiyası necə olacaq. Hər halda, ABŞ-ın baş verən proseslərdən kənarda qalmağa üstünlük verdiyini demək sadəlövhlük olar. Çox güman ki, Ağ ev yaxın günlər ərzində öz mövqeyini açıqlayacaq.

 

Azər NURİYEV

24.11.2017 12:25 / Baxılıb: 279 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo