Kaliforniyada Azərbaycana dair mühazirə keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində 14 noyabr 2017-ci ildə Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib. Kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azadinform-a verilən məlumata görə, Baş konsul N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək əsasını qoyduğu müasir Azərbaycan multikulturalizmi bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət yetirir. N.Ağayev bildirib ki, Azərbaycan Prezidentinin bununla bağlı siyasi iradəsi artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz töhfələrini verməkdədir.

Baş konsul həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. Baş konsul qeyd edib ki, bu işğalçılığa baxmayaraq bu gün Bakıda 20 minədək erməninin yaşaması faktı bir daha Azərbaycanda kök salmış qədim tolerantlıq ənənələrindən xəbər verir. “Bunu, eləcə də Ermənistanda bu gün bir nəfər də olsun azərbaycanlının qalmadığını və orada vaxtilə yaşamış 250 min azərbaycanlının hamısının didərgin salındığını nəzərə alsaq, Azərbaycan xalqının yüksək tolerantlq mədəniyyəti daha da aydın şəkildə özünü biruzə verir" - deyə N.Ağayev bildirib.

Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.  

24.11.2017 10:10 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo