Azərbaycan və Pakistan hərbi sahədə əməkdaşlığın inkişafını müzakirə edib Fotolar

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayat ilə görüşüb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, general Z. M. Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, daha sonra isə Şəhidlər xiyabanı ziyarət edib. 

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. 
Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. 
Azərbaycanın müdafiə naziri ilə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z. Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğundan, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. 
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bu münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə minnətdarlığını bildirən nazir vurğulayıb ki, Azərbaycan da Pakistanın ərazi bütövlüyünü dəstəkləyir. 
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. 
Sonra Pakistan nümayəndə heyəti Silahlı Qüvvələrin Baş Qərargahının inzibati binasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, digər xidməti otaqlardakı iş şəraiti ilə tanış olub.

23.11.2017 16:28 / Baxılıb: 207 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo