Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istəyir

Leyla Məhərrəmova / AZADİNFORM.  “Hökumətə Bakı-Astara dəmir yolunun Lənkəran-Astara hissəsində dəniz qırağından keçən hissəsinin köçürülməsi təklif edilib”.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Z. Əsgərov bildirib ki, sözügedən dəmiryolu birbaşa dəniz sahilindən keçdiyindən Lənkəran və Astaranın birbaşa dənizə çıxışını əngəlləyir: “Bu təkcə birbaşa çıxışı əngəlləmir, eyni zamanda turizmin inkişafına və digər infrastrukturun yaradılmasına maneçilik yaradır. Dənizin qabarma və çəkilmə dövrləri olur. Qabarma vaxtı dəniz suyu dəmir yolunun özülünü yuyur. Düzdür, bu özül yuyulduqdan sonra yenidən təmir edilir. Amma bu vəziyyətdən çıxış yolu deyil. Dəmir yolunun Lənkəran şəhərinin yuxarı hissəsinə köçürülməsi ilk növbədə dəmiryolu infrastrukturuna çox böyük töhfə olar və turizmin inkişafına, dənizin sahilinə yaxın ərazilərdə yaşayan insanların infrastrukturun genişləndirilməsinə kömək etmiş olar. İkincisi, köçürülmə dəmir yolunun səmərəli işləməsinə şərait yaradacaq. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bilirsiniz ki, Şimal-Cənub dəhlizi bir ilə istifadəyə veriləcək. Bu dəhliz istifadəyə veriləndən sonra köçürülmə çətin olacaq. Çünki, bu halda yükdaşımalar intensivləşəcək və artacaq. Buna görə hökumətdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Bu sahəyə rəhbərlik edən həmkarımız Cavid Qurbanovdan da bu məsələni diqqətdə saxlamağı və işlərin sürətləndirilməsi istiqamətində işlər görsün. Bu iş nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu dəmir yolunun, eləcə də Lənkəran və Astara şəhərlərinin inkişaf etdirilməsi baxımdan çox böyük addım olar”.

22.11.2017 16:55 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo