Separatizm meyillərinin güclənməsi beynəlxalq təhlükəsizliyə ciddi təhdid törədir

“Bu gün dünyanın müxtəlif bölgələrində separatizm meyillərinin güclənməsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid törədir”. 

Brüsseldə keçirilən Beynəlxalq Forumla bağlı AZƏRTAC-a açıqlama verən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın da artıq uzun illərdir ki, bu bəladan əziyyət çəkdiyini deyib: “25 ildən çoxdur ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Terrorçu və separatçı qüvvələr işğalçılıq siyasətlərini hələ də davam etdirirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm addımlar atılır, xaricdə uğurlu təbliğat kampaniyası aparılır. Bu baxımdan noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusundakı Beynəlxalq Forumunun əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır”. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Forumdakı dərin məzmunlu çıxışı zamanı bir daha separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğu beynəlxalq birliyin nəzərinə çatdırılıb. “Bu gün qarşıda duran əsas hədəf dünyada baş qaldıran separatizmə qarşı birgə mübarizədir. Bu mübarizə isə o zaman effektli olar ki, dünya dövlətləri, xüsusilə də nüfuzlu beynəlxalq təşkilatlar ortaya qəti mövqe və güclü iradə qoysunlar. Əli Həsənov da haqlı olaraq bildirib ki, mövcud münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına səbəb olur. BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacibdir. Əgər belə olmasa, etnik separatizm dünyanı millətlərarası münaqişələr meydanına çevirə bilər. Hesab edirəm ki, Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirdi”, – deyə Vüqar Rəhimzadə vurğulayıb. 
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Forumda diqqət yetirilən əsas məsələlərdən biri də beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətidir: “Təəssüf ki, bu gün dünyada ayrı-ayrı dövlətlərə və baş verən hadisələrə qarşı ikili standartlar prizmasından yanaşma mövcuddur. Bu, ədalət prinsipinin tam bərqərar olmasına maneçilik törədir, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Elə götürək Dağlıq Qarabağ münaqişəsini. BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul etsələr də, problemin çözülməsi istiqamətində ciddi addımlar atılmır, bəzən işğalçı ilə işğala məruz qalan eyniləşdirilir”. 
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Forumda müzakirə edilən əsas məsələlərdən biri də Azərbaycan-Avropa İttifaqı əlaqələri olub. Bununla bağlı aparılan müzakirələr əlaqələrin geniş perspektivlərə malik olduğunu göstərir. Forumda haqlı olaraq vurğulanıb ki, Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda və digər ölkələrdə həyata keçirilən sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. 
“Hesab edirəm ki, Avropanın mərkəzində bu cür forumların təşkili Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb edir”, - deyə Vüqar Rəhimzadə qeyd edib.

22.11.2017 16:00 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo