Prezidentin köməkçisi: "Bu, dünya nizamı üçün böyük təhdid deməkdir"

Separatçıların qarşısı alınmazsa, dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səylər nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək 

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində toplantı haqqında məlumat verən Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin Odonel separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu, bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini vurğulayıb. O, Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.

Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. O, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb. Etnik münaqişələrin yayılma coğrafiyasından söhbət açan Ə.Həsənov soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini diqqətə çatdırıb. Deyib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır. 

Tarixi faktları dilə gətirən Prezident köməkçisi bildirib ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qalıb. Keçmiş SSRİ dövründə isə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçib. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək, etnik separatizm və işğalçılıq siyasəti aparmağa başlayıb. Ə.Həsənov bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törədib, ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Onun sözlərinə görə, erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma "Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Prezident köməkçisi təəssüflə vurğulayıb ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Ə.Həsənov deyib ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. O, qeyd edib ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək. Prezident köməkçisinin fikrincə, bu, dünya nizamı üçün böyük təhdid deməkdir.

Millət vəkili, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov qeyd olunan Forumun əhəmiyyətli hadisə olduğunu dilə gətirib. Qeyd edib ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib. Millət vəkili bildirib ki, Forumda səslənən bütün fikirlərdə, o cümlədən Prezidentin köməkçisi Ə.Həsənovun çıxışında separatizmlə beynəlxalq səviyyədə mübarizənin rolu, effektivliyi vurğulanıb: "Hörmətli Əli müəllim çox dəqiqliklə, konkret faktlara istinad etməklə, sərrast şəkildə mövqeyini, Azərbaycan reallıqlarını ortaya qoydu. Qeyd olundu ki, vaxtında erməni separatizminin qarşısı alınsaydı, bu məsələdə ikili standartlardan çıxış etmədən Azərbaycana dəstək verilsəydi, vəziyyət indiki halına gəlib çatmazdı. Artıq bu gün Avropa da separatizmdən əziyyət çəkir. Ona görə də Qərb dövlətləri bundan təşvişə düşüb. Əgər separatizmin qarşısı beynəlxalq səviyyədə alınmazsa, dünya dövlətlərinin, xüsusən də Avropanın böyük ölkələrinin ərazisində parçalanmalar olacaq, yeni dövlətlər yaranacaq. Separatizmlə terror arasında heç bir ciddi fərq yoxdur. Bunların hər ikisinə qarşı beynəlxalq səviyyədə mübarizə aparılmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Bütün bunlar barədə Brüsseldə keçirilən tədbirdə mühüm müzakirələr aparıldı, Avropaya, Qərbə, ümumilikdə dünyaya ciddi mesajlar verildi”.

 

Sözügedən Forumun iştirakçısı olan, eyni zamanda çıxış edərək tədbir iştirakçılarına öz fikirlərini çatdıran siyasi şərhçi Azər Həsrət "Kaspi”yə açıqlamasında deyib ki, Prezidentin köməkçisi Əli Həsənovun müzakirə mövzusu olan məsələyə qlobal perspektivdən yanaşması ayrıca vurğulanmalıdır. Onun sözlərinə görə, Ə.Həsənov separatizmin qlobal problem olduğunu, bu təzahürə qarşı mübarizədə səylərin birləşdirilməsi zərurətini diqqətə çatdıra bilib: "Prezidentin köməkçisi bənzər problemləri müqayisə etməklə dövlətimizin sadəcə özünü deyil, ümumilikdə qlobal sülhü düşündüyünü, sülhsevər dünya güclərinin yanında olduğunu öz geniş təhlil, müqayisə və şərhi ilə diqqətə çatdırdı. Bir daha əmin oldum ki, Azərbaycanı beynəlxalq tribunalarda öz işini və qlobal məsələləri bu qədər dərindən bilən insanlar təmsil etdikcə uğurlarımız daimi olacaq. Elə tədbirin möhtəşəm alınması da dediklərimi təsdiq edir”.

 

Rufik İSMAYILOV

22.11.2017 11:08 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo