ADU-da Azərbaycan-Çin: partiyalararası dialoq mövzusunda seminar keçirilib

AZADİNFORM. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü və Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatmasına həsr olunan  “Azərbaycan-Çin: partiyalararası dialoq” adlı elmi tələbə seminarı keçirilib.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın uğurlu inkişafından, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının I tarixi qurultayında iştirakından danışaraq Ümummilli lider Heydər Əliyevin Çin nümayəndələri ilə görüşünü xatırladıb. R.Abbasov “Böyük İpək Yolu İqtisadi Qurşağı” proqramının həyata keçirilməsində YAP və ÇKP-nin mühüm rolunun olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın 25 illik yubileyinə həsr olunan mərasimdəki çıxışında Azərbaycanın Avrasiya qitəsindəki nəqliyyat mərkəzlərindən birinə çevrilməsinin və nəqliyyat sahəsində tranzit ölkə statusunun əldə edilməsinin vacibliyini xüsusi qeyd etdiyini vurğulayıb. R.Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşündə YAP və ÇKP arasında sıx əlaqələrin mövcud olduğunu və bunun ikitərəfli münasibətlərin güclənməsinə kömək etdiyini qeyd edib. 

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva öz məruzələrində Azərbaycan-Çin siyasi əməkdaşlığının uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasətindən danışıb. Seminarda o da xüsusi vurğulanıb ki, Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutu Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olması məqsədi daşımaqla yanaşı, “Bir kəmər-bir yol” konsepsiyasının həyata keçirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılmasına töhfə verir.

21.11.2017 16:45 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo