Azərbaycan və Koreya arasında siyasi məsləhətləşmələr keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan və Koreya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, nazir müavini Xələf Xələfov Azərbaycan və Koreya XİN-ləri arasında keçirilmiş 3-cü siyasi məsləhətləşmələr çərçivəsində Koreyanın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.

Cari ildə Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu və bu müddət ərzində iki ölkə arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətlərinin qurulduğu vurğulanıb.

Bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Belə səfərlərin əlaqələrimizin yeni mərhələyə qaldırılmasına təkan verə biləcəyi qeyd edilib.

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının 2018-ci ilin il iyul – oktyabr ayları arasında Azərbaycanda keçirilməsi təklif edilib.

X.Xələfov Azərbaycanda həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının vacib əhəmiyyətini bildirib.

2009-cu ildə əsası qoyulmuş sayca üçüncü siyasi məsləhətləşmələrdə ikitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və Koreya yarımadasındakı vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi iki ölkə Prezidentləri arasında 2006 və 2007-ci illərdə imzalanmış bəyanatlarda əksini tapmış müddəalara istinad edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini qeyd edib.

21.11.2017 16:40 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo