Siyavuş Novruzov: Bu onu göstərir ki, islahatlar düzgün istiqamətdə gedir

Leyla Məhərrəmova / AZADİNFORM. “Büdcədə olan artım onun göstəricisidir ki, islahatlar düzgün istiqamətdə gedir. Böyük qlobal layihələr həyata keçirilir”.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov büdcə müzakirələri zamanı çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu il ölkəmizdə iki mühüm hadisə baş verdi. İlk növbədə əsrin müqaviləsinin müddətinin uzadılması, digər tərəfdən isə Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsini qeyd etmək lazımdır. Hesab edirəm ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, turizmin inkişafına imkan verəcək. 

Deputat həmçinin Rəşt-Astara dəmiryolu layihəsinin işə düşməsinə şərait yaradılması  ilə bağlı məsələ qaldırıb. O qeyd edib ki, dəmiryolunun işə düşməsi ilə Naxçıvan bu yola qoşula bilər və  nəticədə iqtisadi blokadadan qismən də olsa  azad ola bilər: “Biz Bakı-Tbilisi-Qars layihəsinə zamanında necə dəstək verdiksə, bu layihəyə də dəstək verməklə gəlirlərin artmasına şərait yarada bilərik”.

O əlavə edib ki, ölkəmizdə neft gəlirləri və iqtisadi islahatların nəticəsində obyektlər tikilib: “Biz bunlara büdcədən əlavə vəsait ayırırıq. Bu müəssisələr üçün elə işləmə mexanizmi qurmalıyıq ki, onlar rayon büdcəsinə vergi versin, işıq pulunu öz versin. Mərkəzi büdcədən ora vəsait ayrılmasın”. 

Deputat həmçinin təklif edib ki, hər bir rayonda ingilis dili və digər təmayüllü məktəblər  açılsın, nəticədə bu məktəblərdə çalışan müəllimlər yüksək məvacib alsın.

Kreditlərə gəlincə, S. Novruzov deyib ki, düzdür, bu sahədə islahatlar gedir: “Əhali ilə Mərkəzi Bank arasında anlaşma gedir, qazanan isə kommersiya banklarıdır. Sabah problem yarananda kommersiya bankları əhalini dövlətin üstünə göndərirlər. Onlar 10 minlərlə pul qazanıblar. Vətəndaşdan 7-12%-lə depozit götürürlər, lakin əvəzində vətəndaşlara isə 28-30%-lə kredit verirlər. Həmin banklara nəzarət olunmalıdır ki, yaratdığı problemləri özləri aradan qaldırsınlar”.

Deputat həmçinin qeyd edib ki, Dünya təcrübəsində belədir ki, seçki ilində partiyaya ayrılan vəsait digər vaxtlardan çox olur: “Məsələn Türkiyədə, Almaniyada belədir. Bizdə bu təcrübədən istifadə edək ki, partiyalara seçkilər zamanı ayrılan vəsait artırılsın”.

O çıxışının sonunda xaricdə fəaliyyət göstərən səfirliklərin məsələsinə diqqət çəkib. Deputat deyib ki, hansı ölkədə səfirlik lazımdır, onu bağlayırlar, lazım olmayan yerdə isə saxlayırlar.

21.11.2017 16:20 / Baxılıb: 308 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo