Şamaxıda regional konfrans keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfrans keçirilib.

Fonddan Azadinform-a verilən məlumata görə, konfrans iştirakçıları Ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoyublar.

Konfransda rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər. Əvvəlcə iştirakçılar Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi ilə tanış olaraq Mərkəzin direktoru Namiq Rzazadənin təqdimatı ilə “İslam həmrəyliyi İli”nə həsr olunmuş rəsm və əl işləri sərgisinə tamaşa ediblər. Yerli rəssam Sevda Abdulrazaqova özünün taxta üzərində döymə üsulu ilə hazırladığı əsərini Bilik Fonduna hədiyyə edib.

Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova açaraq, iştirakçılara İcra Hakimiyyətinin başçısı Asif Ağayevin salamlarını çatdırıb. "İslam Həmrəyliyi ili" çərçivəsində rayonda görülən işlərdən danışan G.Ələkbərova regional konfransın məqsədi barədə məlumat verib. O, bildirib ki, Şamaxı bundan sonra da Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərə məmnuniyyətlə ev sahibliyi edəcək.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun məruzəsi dinlənilib. Müstəqilliyin Azərbaycana bəxş etdiyi dəyərlərdən birinin də etiqad azadlığı olduğunu deyən mühazirəçi dini birləşdirici amil kimi dəyərləndirən Ulu öndərin islam dininə dövlət səviyyəsində qayğı göstərilməsinə, həmçinin, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə etiqad azadlığının verilməsinə nail olduğunu vurğulayıb. Bildirilib ki, dinimizi milli-mənəvi sərvətimiz adlandıran Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da bu yolun məntiqi davamıdır.

Bilik Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu regional konfransın təşkilinə görə yerli icra hakimiyyəti orqanına təşəkkürünü bildirərək, “İslam Həmrəyliyi İli” çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. C. Musaoğlu maarifləndirici layihələrdə Şamaxı ziyalılarının və gənclərinin fəallığını xüsusi qeyd edərək, konfransda Fondun nəzdində fəaliyyət göstərən Klub üzvlərinin iştirakını onların Şamaxının tarixinə, abidələrinə, yerli ədiblərin yaradıcılığına marağı kimi dəyərləndirib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş olunub.

Konfrans başa çatdıqdan sonra Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirovun müşaiyəti ilə "Gənc jurnalistlər" Klubu və "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Şamaxı Cümə məscidinin imamı Hacı Mərəhməd Mustafayev gənclərə 743-cü ildə tikilmiş məscidin tarixi barədə ətraflı məlumat verib, təkcə Azərbaycanın deyil, bütövlüklə Cənubi Qafqazın ən qədim məscid kompleksi olduğunu deyib. Bildirib ki, 1918-ci ildə silahlı erməni-daşnak dəstələrinin törətdiyi Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışıb. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinməyiblər. Heydər Əliyev Fondu tərəfindən bərpası təşəbbüsü irəli sürülmüş Şamaxı Cümə məscidində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009-cu ildə imzaladığı müvafiq Sərəncama əsasən, genişhəcmli və əsaslı təmir işləri başlanıb.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində qonaqları qarşılayan direktor Məleykə Kamilova onlara bölgənin tarixi haqqında ətraflı məlumat verib.

Konfrans 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilib.

21.11.2017 16:00 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo