Bakı ətrafındakı gecəqondular mərkəzdəki gözəlliklə üst-üstə düşmür

Leyla Məhərrəmova / AZADİNFORM. “Türkiyə haqqında belə bir iqtisadi deyim var idi ki, İstanbul böyüdükcə Türkiyə kiçilir. Bunu “Bakı böyüdükcə Azərbaycan kiçilir” şəklində də demək olar”.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa büdcə müzakirələrində çıxışı zamanı deyib.

O qeyd edib ki, bölgələrin inkişafı haqqında düşünmək və Bakını bu yükdən azad etmək  lazımdır. Deputatın sözlərinə görə, Bakı ətrafında gecəqondu strukturu var və bu  şəhərin mərkəzində görünən gözəlliklə üst-üstə düşmür. O əlavə edib ki, Bakı ətrafındakı qanunsuz mənzillər özəlləşdirilməli və bundan dövlətə vergi verilməlidir. Deputat qeyd edib ki, bu gün regionların inkişafı üçün müəyyən addımlar atılır: “Lakin Gəncədən başqa heç bir regionda beynəlxalq standartlara uyğun universitet qurulmayıb. Gəncədə Kənd Təsərrüfatı Universitetinin modern yataqxana kompleksi var, Bakıda bir çox universitetlərin heç belə yataqxana kompleksi yoxdur”.

F. Mustafa əlavə edib ki, biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin  təqaüdünü azaldırıq: “Onların yataqxana problemini həll etməmişik”.

Deputat həmçinin xəstəxanaların özəlləşdirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, dövlətin imkanları daxilində bir sıra xidmətlərin göstərilməsi çətindir.

21.11.2017 14:10 / Baxılıb: 304 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo