Əkdim ki, izim qala... - Fotolar


Payızın ən gözəl vaxtında Azərbaycanın rayonlarına dəvət almaq isti havada ciyərləri yanan adama sərin su içirmək kimidir. Özü də adı kəndçi olub özü kənddə olmayana...


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə bölgələrdə ağacəkmə kampaniyasına start verilib. Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınıb. Hər bölgəyə uyğun meyvə bağları salınır, həmin rayonun şəhid ailələri və Qarabağ əlilləri başda olmaqla aztəminatlı ailələrin təmənnasız istifadəsinə verilir. 

Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə bu layihənin Ağdaş və Qax səfərinə mən də qoşuldum. Necə deyərlər ayağım torpağa dəydi, ağac əkib dibinə can suyu verdim. Çörəyi daşdan çıxan insanların o bağlara ümidlə baxdıqlarına şahid oldum. Təşəbbüs rəhbərlərinə həm də bu məqama görə bir təşəkkür də məndən gəlsin deyib, keçirəm səfər təəssüratlarıma.

Səhərin gözü açılmamış ETSN əməkdaşları ilə yola çıxan mən gözümü Ağdaşda İcra Hakimiyyətinin hədiyyə ediləcək bağ üçün ayırdığı ərazidə açdım. 

Mərasimi açıq elan edən Ağdaş rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimova görə bu aksiya həm də maarifləndirici xarakter daşıyır: “Ümummilli lider Heydər Əliyev “kim ki, bir ağac kəssə mən elə bilərəm o mənim qolumu kəsir” demişdi. Bakı şəhərindəki gözəl parklar, yol kənarında salınan bu meşə zolaqları məhz bu düşüncənin məhsuludur. İDEA İctimai Birliyi təkcə ağac əkməklə məşğul olmur, meşələrin, heyvanat aləminin, su hövzəsinin qorunması və s. kimi ekoloji tədbirlər görür. İqtisadi inkişafla bərabər ekoloji tarazlığın qorunmasına çalışır. İDEA-nın təşəbbüsü ilə ölkə ərazisində təqribən beş milyondan artıq ağac əkilib və bu proses davam edir. Biz də Ağdaş rayon İcra Hakimiyyəti olaraq 2.1 hektar torpaq ayırmışıq. Bu ərazidə  1200 nar ağacı əkilib üç ailə arasında bölünəcək. Hər ailənin payına 70 sot torpaq və haradasa 400 ağac düşür. Ağaclar özünü tutana qədər ilkin qulluqda dəstək də olunacaq. Nar xeyirli və ehtiyac olan meyvədir. Aksiyanın təşəbbüskarı və rəhbəri Leyla xanım Əliyeva təşəkkür edirik”. 

Başçının da qeyd elədiyi kimi üç ailəyə şəhid Qəribov Rasim Ələm oğlunun ailəsinə, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olan Cəbrayılov Ömər Məzahir oğlunun ailəsinə (bu şəhid Ömər o Ömərdi ki, son rəqsi “dostlar məni unutmayın” olmuşdu... Unudulmadı!) və II qrup əlil Əzimov Məhərrəm Qəhrəman oğluna 70 sot nar bağının sənədləri təqdim edildi. Ömərin atası suallarıma cavab vermək istəmədi. “Məndən heç nə soruşmayın, oğlum Lələtəpə uğrunda gedən döyüşlərdə həlak olub. Danışa bilmirəm”. 

Deyəcək o qədər söz var ki... Susmağı bilənə.

Yolumuz Qaxadır.  

Daha əkiləcək çox ağac var. Burda mənzərə Ağdaşdan da gözəldir. Əlini uzatsan buludlara toxunacaq. Günəş, bulud və payızın əsrarəngiz ahəngi insanı valeh edir. Olduqca əlverişli və münbit torpaq ayrılıb. Fındıq tingləri bizi gözləyir. İki hektar ərazidə 1248 fındıq ağacı əkiləcək. Hər biri 40 sot olmaqla beş meyvə bağı sahiblərinə təqdim olunacaq. 

Uzun illər sonra oralardan keçəndə meyvəsini dərəcəyin hansısa ağacda əməyinin olduğunu düşünmək belə həyəcan vericidir. Eyni şövqlə, eyni bayram əhval-ruhiyyəsi ilə burada da beş ailəyə sənədlər təqdim olunur. 

Mən hələ balacaların milli geyimlərdə rəqslərindən danışmıram. Hər iki rayonda təşkil olunan tədbir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə xüsusi münasibəti diqqətə layiqdir. Beləcə mənim də bu gözəl təşəbbüsdə iştirakım sona çatır. 

Bərəkətli olsun, növbəti əkinlərdə görüşənə qədər. 


Nigar İSFƏNDİYAR

 

 

21.11.2017 13:50 / Baxılıb: 505 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo