Serj Sarkisyanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması Moskva ilə razılaşdırılıb?

Şərq Tərəfdaşlığı Avropa İttifaqının (Aİ) üzv dövlətləri, həmçinin Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, altı tərəfdaş ölkəni bir araya gətirən birgə təşəbbüsdür. Avropa Qonşuluq Siyasəti (AQS) 2004-cü ildə Aİ-nin qonşu ölkələri ilə münasibətləri üçün çərçivə kimi ərsəyə gətirilib.

Aİ ilə onun altı Şərq Tərəfdaş ölkəsi arasında münasibətlərinin çərçivəsini assosiasiya sazişləri, eləcə də Assosiasiya gündəlikləri və Tərəfdaşlıq prioritetləri kimi müvafiq ikitərəfli anlaşmalar tənzimləyir. 2014-cü ildə imzalanmış assosiasiya sazişləri, eləcə də Dərin və Hərtərəfli Azad Ticarət Zonalarına dair sazişlər Aİ ilə Gürcüstan, Moldova və Ukrayna arasında münasibətləri yeni səviyyəyə daşıyıb. Bu sazişlərin məqsədi siyasi assosiasiya və iqtisadi inteqrasiyanı gücləndirməkdir. Bunlar Ttrəfdaş ölkələrin qanunvericiliyi və standartlarının Aİ-yə uyğunlaşdırılması istiqamətində ciddi islahatların həyata keçirilməsini nəzərdə tutur. Bu münasibətlərin davam etdirilməsi, daha da inkişaf etdirilməsi üçün noyabrın 24-də Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı sammiti keçiriləcək. Aİ-nin üzv dövlətləri və altı tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları sammitdə gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər. 

Sammit çərçivəsində Ermənistan tərəfindən Aİ ilə Assosiativ üzvlüyə dair sazişin imzalanacağı gözlənilir. Təbii ki, istənilən dövlətin hansısa beynəlxalq qurumla və ya ölkə ilə istənilən sazişi imzalaması onun öz işidir. Lakin söhbət işğalçı dövlətdən, Rusiyanın forpostu Ermənistandan gedirsə, burada vəziyyət bir qədər fərqlidir. Çünki, 2013-cü ildə Ermənistanın "Şərq Tərəfdaşlığı” çərçivəsində Assosiasiya sazişi imzalamasına son anda Rusiya prezidenti Vladimir Putinin qadağa qoyduğu heç kimə sirr deyil. Məhz həmin ərəfədə Moskvaya səfər edən Serj Sarkisyan Ermənistana qayıdandan sonra ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzv olacağını bəyan etdi. Bu dəfə isə Kreml rəhbərliyi forpost ölkə başçısının davranışlarını susqunluqla müşahidə edir. Belə olan halda maraqlı suallar yaranır: Rusiya Ermənistanın Aİ ilə Assosiativ üzvlüyə dair çərçivə sazişi imzalamasına nəyin müqabilində razılıq verir? Yaxud, Rusiya Ermənistanı Avropaya nə üçün buraxır?

Politoloq Fikrət Sadıxov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında deyib ki, Ermənistan 2013-cü ildə Aİ ilə Assosiativ sazişi daha geniş formatda imzalamaq istəyib. Hətta həmin sazişdə Aİ ilə Ermənistanın maraqlarına cavab verən maddələrin nəzərdə tutulduğu da qeyd olunur. Politoloqun sözlərinə görə, o dövrdə Sarkisyan təcili Moskvaya çağırıldıqdan sonra sözügedən sazişdəki bir sıra maddələr oradan götürülüb: "Kreml rəhbərliyi görür ki, Ermənistanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamasının qarşısını ala bilmir. Ona görə də forpost Ermənistana bu sazişi rəsmi Moskvanı qane edən formatda imzalamağa razılıq verilib. Sarkisyana yumşaq şəkildə desək, tövsiyə edilib ki, necə davranış nümayiş etdirsin. Lakin bu sazişin imzalanması heç də o demək deyil ki, Ermənistan Rusiyanın orbitindən çıxır. Əvvəla Ermənistan Kremlin layihələri olan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Digər tərəfdən, Ermənistan bu regionda Rusiyanın əsas oyunçusudur. Ermənistan bu rolu bundan sonra da icra edəcək. Bu baxımdan, 2013-cü ildə Ermənistan prezidentinin Moskvaya çağırılması xəbərdarlıq mahiyyəti daşıyıb. Serj Sarkisyan bu xəbərdarlıqdan nəticə çıxararaq, noyabrın 24-də Brüsseldə yalnız icazə verilən çərçivədə Avropa İttifaqı ilə saziş imzalaya bilər. Bu bir reallıqdır ki, Ermənistan heç vaxt Rusiyadan üz çevirə bilməz. Hətta Avropa İttifaqı ilə assosiativ saziş imzalasa belə, bu, Ermənistan-Rusiya münasibətlərində heç nəyi dəyişməyəcək. Rusiya regiondakı platsdarmını heç zaman itirmək istəməz”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, həmin sazişdə Dağlıq Qarabağa dair irəli sürülən müddəa, yəni, problemin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi əsasında həlli Rusiyanı da qane edir. Politoloqun fikrincə, Kreml rəhbərliyi əvvəlcədən proqnozlaşdırıb ki, Qərb ölkələri, o cümlədən Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllini məhz bu istiqamətdə müəyyən edəcək: "Ermənistan tərəfi həmin sənədə xalqların öz müqəddəratını təyinetmə prinsipinin salınması üçün cəhdləri göstərir. Təbii ki, belə mövqe Azərbaycanı qane edə bilməz. Problemin sülh yolu ilə həllində rəsmi Bakı ölkələrin ərazi bütövlüyü məsələsində razılığa gəlsə də, tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına göz yuma bilməz. Bu qətiyyətli mövqeyi Azərbaycan Prezidenti dəfələrlə bəyan edib. Bundan başqa, Ermənistan hansı təşkilata üzv olsa da, hansı beynəlxalq qurumla saziş imzalasa da Rusiyanın nəzarətindən çıxa bilməz. Ermənistan Rusiyanın əyaləti kimi bir yerdir. Ermənistan hansı beynəlxalq qurumda təmsil olunmasına baxmayaraq, Rusiyanın əmrlərini qeyd-şərtsiz yerinə yetirəcək. Azərbaycan isə sözün əsl mənasında müstəqil, suveren bir ölkədir. Ona görə də Azərbaycanın milli və dövlətçilik maraqlarına uyğun gəlməyən, qarşılıqlı əməkdaşlığa, bərabər hüquqlu münasibətlərə söykənməyən hər hansı sazişə heç bir zaman qol çəkilməz”.

 

Rufik İSMAYILOV

21.11.2017 10:18 / Baxılıb: 308 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo