The Yerusalem Post: Üç ölkə prezidentinin görüşü Birləşmiş Ştatlar üçün siqnaldır

Region dövlətlərinin diqqəti sabah Soçidə baş tutacaq üçtərəfli Rusiya, İran və Türkiyə prezidentlərinin görüşünə yönəlib. Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək sammitə bir neçə gün qalmış Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifi görüşüblər. 

"Antaya görüşündə bütün əsas məsələlərlə bağlı razılıq əldə edilib”. Bunu görüşdən sonra jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O deyib ki, görüşdə Türkiyə, Rusiya və İran prezidentlərinin noyabrın 22-də Soçidə keçiriləcək sammitinə hazırlıqla bağlı konkret məsələlər müzakirə olunub: "Görüş çox faydalı oldu, əsas məsələlər üzrə razılıq əldə etdik. Suriya böhranının tənzimlənməsi üzrə Astana prosesinin möhkəmləndirilməsi ilə bağlı prezidentlərə müzakirələrimizin nəticələrini təqdim edəcəyik”. S.Lavrov dövlət başçılarının Soçi sammitindən öncə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələrinin Baş qərargahlarının rəislərinin görüşünün keçiriləcəyini və Suriyada təhlükəsizlik zonaları ilə bağlı detalların müzakirə ediləcəyini də açıqlayıb. 

Yeri gəlmişkən, sammitdə beşinci təhlükəsizlik zonasının yaradılması üzərində iş aparılması politoloq və medianın diqqət mərkəzindədir. Ərdoğan-Putin-Ruhani görüşünü şərh edən politoloqlar hesab edirlər ki, Suriya və İraqın terrorçu qruplardan təmizlənməsi qismən baş tutsa da, bu iki dövlətin ərazisində sabitlik hələ tam bərqərar olmayıb. Qeyd edilir ki, Suriyada təminatçı ölkələr rolunda çıxış edən Rusiya, İran və Türkiyənin silahlı qüvvələri bölgədə koordinasiya tədbirləri həyata keçirilməlidir. Yalnız bu halda proses hərbi müstəvidən siyasi müstəviyə keçə və bununla da ümumi həll bərqərar oluna bilər. Bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan 4 saatlıq müzakirəsi Suriyadakı vəziyyətin gərgin olaraq qalmasından xəbər verir. Onların qənaətincə, bu üç ölkənin ən problemli məqamlar ətrafında konsensusa gələcəyi ilə bağlı gözləntilər böyükdür.

Qərb və İsrail mediası isə yazır ki, üç ölkə prezidentinin görüşü Birləşmiş Ştatlar üçün siqnaldır. Məsələn, "The Yerusalem Post” yazır ki, hər üç ölkə ABŞ-a simvolik siqnallar göndərir və bununla bildirmək istəyirlər ki, Vaşinqton bölgədəki proseslərdən kənara atılıb. Və İŞİD-in tam məhvindən sonra məhz regional nəhənglər oyunun şərtlərini diktə edəcəklər. Qəzet yazır ki, Soçi görüşünün əsas müzakirə mövzusu Suriya olsa da, sammitin real hədəfi Moskvanın regiondakı nüfuzunu nümayiş etdirməkdir. Məqalədə daha sonra qeyd edilir ki, sammit ərəfəsində türk məmurlar aktiv şəkildə ABŞ-ın siyasətinin tənqid etməyə başlayıblar. Türkiyə prezidenti Ağ evi verdiyi vədi yerinə yetirməməkdə günahlandırıb. Vəd isə Suriyanın İŞİD-dən azad olunan ərazilərdən kürd özünümüdafiə dəstələri və ABŞ qoşunlarının çıxarılmasından ibarət idi. "Daily Sabah” qəzetində dərc edilən məqaləsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, baş verənlər göstərir ki, ABŞ İŞİD-i Suriyanın şərqində qalmaq üçün bəhanə kimi istifadə edir. İsrail nəşri məqalədə üçtərəfli sammitlə başlı Rusiyanın da mövqeyini yerləşdirib. Kremlin nümayəndəsi Dmitri Peskov bu görüşü "siyasi nizamlanma prosesinin təminatçı-ölkələringörüşü”, eləcə də, Suriyada sabitlik və təhlükəsizlik sammiti kimi nəzərdən keçirdiklərini söyləyib. Müəllif məqalədə xatırladır ki, bu sammit Rusiya və ABŞ prezidentlərinin ötən həftə baş tutan görüşündən dərhal sonra keçirilir. "Həmin sammitdə müzakirə olunan məsələlər formal xarakter kəsb edib. Amma Soçi sammiti əhəmiyyətli diplomatik addım kimi qiymətləndirilir və regional miqyasda ciddi nəticələrə gətirib çıxara bilər”, - deyə qeyd edilir. 

Maraqlısı odur ki, hər üç ölkə Suriya böhranın həllinə fərqli prizmalardan yanaşır. "Lakin son ildə onların münasibətləri harmonik əhəmiyyət kəsb etməyə başlayıb və nəticədə Amerika prosesdən kənarda qalıb”, - deyə nəşrdə qeyd edilir. Müəllifin qənaətincə, Türkiyə və İran Qətər böhranı, eləcə də İraq Kürdüstanında baş verən hadisələr fonunda yaxınlaşdılar. Türkiyə ilə Rusiya isə təyyarə böhranından sonra münasibətləri normalaşdırmağa imkan tapdılar. Ən arzuolunmaz vəziyyətdə isə Birləşmiş Ştatlardır. Müəllif yazır ki, amerikalıların İraq və Suriyada dəqiq strategiyası yoxdur. "Üçtərəfli sammit ABŞ-ın qabiliyyətsiz olduğunu və effektiv strategiya irəli sürə bilmədiyini üzə çıxarmış olacaq”, - deyə nəşr yazıb. "ABŞ-ın düşməni hesab edilən İran NATO üzvü olan Türkiyə və Rusiya ilə danışıqlar stolu arxasında əyləşir. Suriyanın şərqində Vaşinqtonun müttəfiqləri də belə bir vəziyyətlə əlaqədar ciddi narahatçılıq keçirməlidirlər” - deyə məqalənin sonunda qeyd olunub.


Azər

21.11.2017 10:04 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo