ABŞ-da aktiv neft quyularının sayında dəyişiklik olmayıb

ABŞ-da aktiv neft quyularının sayı 10-17 noyabr həftəsində dəyişməyərək 738 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan qaz quyularının sayı 8 ədəd və ya 4,7% artaraq 177 ədədə yüksəlib. Neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 8 ədəd və yaxud 0,88% artaraq 915 ədədə çatıb.

Bu barədə Azadinform ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 267 ədəd və yaxud 56,7%, qaz quyularının sayı isə 61 ədəd və ya 52,6%, ümumilikdə isə neft-qaz quyularının sayı 327 ədəd və yaxud 55,6% artıb.

Ümumiyyətlə, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,33 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 54,1% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək".

Xatırladaq ki, cari il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda aktiv quyuların sayı bu səviyyədən 30 ədəd və ya 3,9% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 25 min barel və ya 0,26% artaraq 9,645 mln. barel/günə çataraq rekordu yeniləyib. Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı tarixi rekord həddən 880 ədəd və ya 54,7% az olsa da, hasilat göstəricisi məhsuldarlığın artması nəticəsində tarixi rekord həddə çatıb. ABŞ-da neft hasilatının qısamüddətli perspektivdə 10 mln. barel/günü ötməsi gözlənilir.

20.11.2017 20:38 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo