ADU-nun professorunun fikirləri Çin mətbuatında

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin Xalq Respublikasının sədri Si Cinpinin kitabına münasibət bildirib.

ADU-dan Azadinform-a verilən məlumata görə, Çin mətbuatındakı “Azərbaycanlı alim: “Prezident Si Cinpinin kitabı Çinin inkişaf prinsiplərini anlamağa kömək edir” başlıqlı xəbərdə R. Abbasovun fikirləri yer alıb. Xəbərdə R. Abbasov Çin sədrinin idarəetmə haqqında seçilmiş çıxışları və müsahibələrindən ibarət olan kitabın dünya birliyinə Çini və Çində sosializmin inkişafını öyrənməkdə kömək edəcəyini bildirib.

Yeni nəşr olunmuş “Si Cinpin: Çinin idarəolunması” kitabının ikinci cildində 99 çıxış, söhbət, təlimat və məktublar, eyni zamanda 18 avqust 2014-cü ildən 29 sentyabr 2017-ci ilədək olan dövr Çin liderlərinin 29 fotosu yer alıb.

Çin və ingilis dillərində çap olunan kitabın beynəlxalq cəmiyyət tərəfindən Çinin inkişaf modeli, konsepsiyası və istiqamətinin mənimsənilməsinə xidmət etməsi gözlənilir.

R. Abbasov bildirib ki, kitab Çinin inkişafının bütün mühüm sahələrində liderliyin hədəfləri və prioritetlərini, həmçinin Çinin bu hədəflərə nail olmasındakı mexanizmi, Si Cinpinin Çinin daxili və xarici siyasətinin inkişafındakı siyasi fəlsəfəsi və əsas strategiyalarını göstərir. 

“Kitabda digər ölkələrlə əməkdaşlığın gücləndirilməsi konsepsiyası irəli sürülüb”, - deyə R. Abbasov əlavə edib. O, deyib ki, kitab azərbaycanlı oxuculara qədim İpək Yolu ticarət xəttinin canlanması məqsədi ilə həyata keçirilən “Bir kəmər-bir yol” təşəbbüsünü daha dərindən mənimsəmək imkanı yaradacaq. 

Qeyd edək ki, 2013-cü ildə Si Cinpin tərəfindən təqdim olunmuş “Bir kəmər-bir yol” təşəbbüsü Asiyanı Avropa və Afrika ilə birləşdirən qədim İpək Yolu ticarət marşrutları boyunca ticari və iqtisadi inteqrasiyanı təmin etmək, infrastrukturun əlaqələndirilməsi və insan mübadiləsini təbliğ etmək məqsədi ilə həyata keçirilir. Müasir versiyaya quru İpək Yolu İqtisadi Qurşağı və 21-ci əsrin Dəniz İpək Yolu daxildir.

20.11.2017 16:25 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo