Qida təhlükəsizliyi: yeni yaranan qurumdan gözləntilər var

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilib ki, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.  "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılsın.

Müəyyən edilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir. Məsələ ilə bağlı ekspertlərin fikrini öyrəndik.

 

İşlər mərkəzləşdiriləcək, nəzarət güclənəcək 

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili qida təhlükəsizliyi məsələsinin qlobal problem olduğunu bildirdi: "Qida təhlükəsizliyi hər bir ölkə və xalq üçün milli təhlükəsizlik məsələsidir. Azərbaycanda da əhalinin keyfiyyətli qida məhsulları ilə təmin olunması üçün son illərdə xeyli işlər görülüb. Ancaq dünyada ərzaq məhsullarının keyfiyyətinin və strukturunun getdikcə dəyişilməsi, bu sahədə diqqətin daha da artırılmasını tələb edir. Bu məsələ həm də qlobal problemdir. Qida Təhlükəsizliyi  ilə bağlı qurumun yaradılması ölkəmizdə bu sahədə aparılan işlərin mərkəzləşdirilməsi, nəzarətin daha da gücləndirilməsi istiqamətində mühüm nəticələr verəcəkdir. Bu sahədə elmi araşdırmaların aparılması qida təhlükəsizliyin təmin olunmasında elmi, innovativ yanaşmaların tətbiqinə şərait yaradacaqdır”. 

"Azad İstehlakçılar”  Birliyinin sədri  Eyyub Hüseynov bildirdi ki, qidanın təhlükəsizliyi dünyanın heç bir ölkəsində tam təmin olunmur. Lakin yaradılan bu qurum ciddi dəyişikliyə səbəb olacaq: "Cənab prezidentin imzaladığı bu fərman insanların həyatında böyük rol oynayan çox əhəmiyyətli bir sənəddir.  Bəlkə də yeganə sənəddir ki,  bütün insanların həyatına təsir edir. Çünki hamı istehlakçıdır.  Bu addımın atılmasını çoxdan gözləyirdik. Yaradılan yeni qurum da ictimai nəzarətlə işləməlidir. İctimai nəzarət olmazsa, işlək orqana  çevrilə bilməz. Bu zaman effektli nəticəni əldə etmək olmaz. Cənab prezident dəfələrlə qeyd edib ki, həyatın bütün sahələrində ictimai nəzarət vacibdir. Azad İstehsalçılar Birliyi də çalışacaq ki, həmin agentlikdə bir ictimai qurum olsun. Çünki 75 nəfər ştatla bu  qədər böyük bir işin öhdəsindən gəlmək olmaz. Onu da qeyd edim ki, hər bir iş ictimaiyyətin gözü qarşısında baş verir. Bizim birliyimiz beynəlxalq təcrübəsini bu qurumla bölüşməyə hazırdır. Düşünürəm ki, bu qurumun yaradılması və effektiv fəaliyyət göstərməsi ilə qida sahəsində olan bəzi problemli məsələlər öz həllini tapa bilər”. 

 

Keyfiyyətsiz qidalar vasitəsilə yaranan o qədər xəstəliklər var ki... 

 

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, ərzaq təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir: "Bu, olduqca vacib məsələdir. Bütün dünyada mövcud olan bu qurum əslində ölkəmizdə çoxdan yaradılmalı idi. Amma əsas odur ki, bu institut formal xarakter daşımasın, kooperativ maraqları üstələyə bilmə gücünə sahib olsun.  Çünki ölkəyə həddən artıq keyfiyyətsiz ərzaq məhsulları  daxil olur. Onların keyfiyyət parametrlərinə düzgün nəzarət olunsun. Yəni milli maraqlara cavab verən bir qurum olarsa, bu addımı müsbət qiymətləndirmək olar.  Beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi həmin institutun inkişafına əhəmiyyətli təsir edəcək”.

Fitoterapevt Elnur Eldaroğlu qeyd edir ki, bir sıra xəstəliklərin yaranma səbəbi sırf qidalanma ilə əlaqədardır:  "Bu, geni dəyişdirilmiş, orqanizmə ziyanlı olan ərzaq məhsullarının həm ölkəyə daxil olmasına, həm də ölkə ərazisində satışına mane olacaq. Hansı ki, bu cür ərzaqlarla qidalanma insanlarda gələcəkdə xroniki, radiasion və xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur. Elə ərzaqlar var ki, uzun müddət qalsın deyə, tərkibinə insan orqanizmi üçün ziyanlı olan maddələr vurulur. Bu  maddələri araşdırıb, ərzaqların həqiqətən təhlükəsizliyinə nail ola bilsələr, çox yaxşı olar. Bu gün o qədər xəstəliklər var ki, yediyimiz keyfiyyətsiz qidalardan yaranır. Ona görə də, qidaların tərkibi ciddi araşdırılmalı, öyrənməli və onların təhlükəsizliyini təmin etməlidirlər”. 

 

Tələbat artdıqca, rəqabət amilləri sərtləşir

 

İqtisadçı Pərviz Heydərov bildirir ki, qida məhsullarına tələbat artdıqca, rəqabət amilləri sərtləşir: "Müasir dövrdə qida təhlükəsizliyi məsələsi qlobal əhəmiyyət kəsb edir. Yəni bu, ölkələrin inkişaf səviyyəsinə bağlı bir məsələ deyil. Təsadüfi deyil ki, Avropa ölkələrinin özündə də bu məsələ ən vacib və diqqət mərkəzində saxlanılan məsələlərdən biri hesab olunur. Belə ki, qida məhsullarına tələbat artdıqca, rəqabət amilləri sərtləşir, kəskinləşir. İstehsalçılar aşağı maya dəyər arxasınca qaçaraq, daha çox gəlir götürmək istəyinə düşürlər. Və bütün bunlar da istehlak bazarlarına keyfiyyətsiz, insan sağlamlığı üçün zərərli məhsulların daxil olmasına yol açır. Azərbaycan kimi ölkələr üçün bu məsələnin diqqət mərkəzində saxlanılması xüsusən vacibdir. Çünki ölkəmizdə qeyri-neft sektoru hələ lazımi səviyyədə inkişaf etməmişdir. Ərzaq məhsullarına tələbat daxili istehsal hesabına tam ödənilmir. Qida sənayemiz hələ kifayət qədər rəqabət qabiliyyətli deyildir. Odur ki, xaricdən hər cür malların idxalı üçün münbit şərait mövcuddur. Ancaq problem təkcə bunda deyil. Həmçinin yerli istehsala aid məhsullarımızın da təhlükəsizliyinə kifayət qədər zəmanət yoxdur. Fikrimcə, bu daha ciddi problemdir”.

İqtisadçı deyir ki, ölkə Prezidentinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı Fərman böyük əhəmiyyətə malikdir: "Ölkədə bu sahədə ayrıca strukturun yaradılmasına çoxdan ehtiyac var idi. Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini təmin edəcəkdir. Baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcəkdir”.

Müsahibimiz konkret olaraq istehsal edilən və ölkəyə idxal olunan qida məhsulları, habelə onları qablaşdırma materiallarının qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması və reyestrinin aparılmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarına təhlükəsizlik sertifikatı verilməsi və bu sadə inkişafın təmin olunması və idarə edilməsinə ciddi zərurət olduğunu deyir: "Çünki bu istiqamətdə dövlət siyasətinin olmamağı, bütövlükdə qeyri-neft sektorunun inkişafına da əngəldir. Məlum olduğu kimi, iqtisadiyyatın inkişafında sözügedən sektor prioritet seçilib. Sözün qısası, həmişə demişəm ki, sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığına, millətin və dövlətin təhlükəsizliyinə heç bir ziyan gətirməməlidir. Ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olanlar üçün əlverişli imkanlar yaradılmalı və bilavasitə, bu sahədə maraqlar inkişaf etdirilməlidir”. 

 

Günel Azadə   

15.11.2017 11:27 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo