Rusiya qazının Qarabağa axının dayandırılması münaqişənin tənzimlənməsinə ən ciddi töhfə ola bilər

AZADİNFORM. “İspaniyanın Kataloniyadakı müstəqillik referendumunun nəticələrinə qarşı atdığı addımlar Avropa və ABŞ tərəfindən dəstəkləndi. Məsələ burasındadır ki, cəza prizmasından Dağlıq Qarabağ problemini yaradan ermənilərin davranışı diqqəti daha çox cəlb edir. Dağlıq Qarabağ cinayətkarları müəyyən qədər təpki görsəydilər Dağlıq Qarabağ münaqişəsi çoxdan tənzimlənərdi”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki,  Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayanan cinayətkarlardır. Politoloq vurğulayıb ki, Avropa separatçı cinayətkarlara qarşı mübarizənin məqbul yolunu göstərdi. Ona görə Azərbaycan yaranmış reallıqda yol xəritəsi hazırlamalı və bu yol xəritəsi bir neçə istiqaməti əhatə edən elementləri birləşdirməlidir:

Birinci,  Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda separatçı rejimin əvəzlənməsini reallaşdırmalıdır. Cinayətkar Qarabağ klanı Dağlıq Qarabağda hərbi-polis rejimi quraraq yerli erməniləri də girov saxlayır.

İkinci, Dağlıq Qarabağ separatçılarının liderlərinin Avropa məkanında hərəkətinə son qoyulmalıdır. Bəllidir ki, Ermənistan vətəndaşlığı altında Bako Saakyan hər il müxtəlif ölkələrə səfər edir, telemarafon keçirir, pul dilənir. 

Üçüncü, Avropanın bəzi siyasətçiləri və deputatları qohumluq, milli, dini və digər şəxsi maraqlar prizmasından  Dağlıq Qarabağda cinayətkar separatizmi dəstəkləyirlər. Aİ-nin  müvafiq strukturları onlarla maraqlanmalıdır.

Dördüncü,  Ermənistan AİB-ə üzv qəbul edilərkən Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyi və müstəqilliyini tanımayacağı barədə rəsmi öhdəlik götürüb. Aİ Ermənistanla Çərçivə sazişinin mətninə analoji öhdəlik əlavə etməlidir.

Və nəhayət beşinci tərəfdən  ABŞ Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımlarını dayandırmalıdır.

Politoloq əlavə  edib ki, çox vacib istiqamət və faktorlardan biri Rusiya istiqamətində aparılan işlər olmalıdır: “ Dağlıq Qarabağda Rusiyanın iştirakının siyasi və maddi əsasları var. Maddi əsaslar aradan qaldırılarsa, bu siyasi əsaslara da təsir edəcək”. M. Əhmədoğlu deyib ki, Rusiyadakı ermənilər Dağlıq Qarabağda hərbi təyinatlı geniş tikinti işləri və maliyyə layihələri reallaşdırırlar. Avtomaşınlar, müxtəlif hərbi texnikalar hədiyyə edirlər. Politoloq əlavə  edib ki, 

Dağlıq Qarabağın istehlak etdiyi təbii qaz Rusiyadan gəlir: “Rusiyanın təbii qazının Dağlıq Qarabağa axının dayandırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ən ciddi töhfə ola bilər”. 

“Qazprom”un (RF) Aİ məkanında müxtəlif layihələr reallaşdırmağına etirazlar bildirdiyi halda, Rusiya qazının Dağlıq Qarabağa nəqlinə laqeyd yanaşılır: “Bu Avropa və RF tərəfindən ikili standartların daha bir nümunəsidir. 

Azərbaycan rəsmiləri bu parametrləri nəzərə alaraq yol xəritəsi hazırlamalı və bu yol xəritəsini bütün dövlətlərə, xüsusilə ATƏT MQ həmsədr ölkələrinə təqdim etməlidir. Separatizmin cəzalandırılmasının davamı istiqamətində atılan addımlar ilk növbədə ATƏT MQ ölkələri, Aİ məkanı və Rusiya üçün daha çox faydalıdır”.

15.11.2017 10:40 / Baxılıb: 350 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo