Udinlərin tarixinə və etnoqrafiyasına həsr edilmiş tədqiqat əsəri nəşr edilib

Adəm Abbaslı/AZADİNFORM. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, tarix üzrə elmlər doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin və mərhum professor, tarix üzrə elmlər doktoru, tarixçi, etnoqraf Qəmərşah Cavadovun “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” əsərinin rus dilində ikinci nəşri işıq üzü görüb.

AMEA-dan Azadinform-a verilən məlumata görə, əsərin rus dilində birinci nəşri 2016-cı ildə Almaniyada olub. İkinci nəşrə geniş tarixi-etnoqrafik şərhlər əlavə edilib. Əsər Azərbaycan xalqının tərkib hissəsi olan və qədim tarixə malik udinlərə həsr edilib. Tədqiqat işi ədəbi mənbələr və etnoqrafik çöl-tədqiqatları materialları əsasında yazılıb. Əsərdə qədim dövrlərdən başlayaraq, xristianlığa qədərki və xristian Qafqaz Albaniyası dövrü, orta əsr (islam) və müasir dövrədək udinlərin tarixi barədə yetərincə dolğun məlumat verilib, udinlərin öyrənilməsinin tarixşünaslığına toxunulub. Kitabda udinlərin dili, etnoqrafik və dini ənənələri ilə bağlı tədqiqatların nəticələrinə işıq salınıb, erməni tarixçiləri və erməni kilsəsi tərəfindən udinlərin tarixinə və milli özünüdərkinə qarşı yönəlmiş saxtakar və qəsbkar siyasətin mahiyyəti faktlarla təhlil edilib. Həmçinin, tədqiqatda udinlərin tarixi və müasir yaşayış tərzi, məişəti, yaşayış yerlərinin və dini məbədlərin memarlığı və digər etnoqrafik xüsusiyyətləri barədə maraqlı məlumatlar öz əksini tapıb. Göstərilib ki, müasir udinlər tarixi Qafqaz Albaniyasının 26 tayfasından biri olaraq, məhz bu günədək Azərbaycan Respublikası ərazisində tarixi və müasir tolerant mühitin mövcudluğu səbəbindən milli özünüdərklərini və dillərini saxlamaqdadırlar. Azərbaycanda multikulturalizmin və milli azlıqların öyrənilməsinin təsdiqi baxımından əsər xüsusi əhəmiyyət daşımaqdadır.

Kitab Azərbaycan xalqının, həmçinin, onun tərkib hissəsi olan udinlərin keçmişi və müasir durumu ilə maraqlanan tarixçilər, etnoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, əsərin Azərbaycan dilində artıq iki nəşri var.

15.11.2017 10:20 / Baxılıb: 250 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo