Lavrov hər zaman Azərbaycandan kompromislər gözləyib

Leyla Məhərrəmova / AZADİNFORM. “Rusiyanın XİN rəhbəri Sergey Lavrov öz adını tarixə salmaq istəyir. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Lavrov planı kimi qəbul edilməsinə çalışır”.

Bu fikri Azadinform-a politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Lavrov mənşəcə ermənidir. Onun Azərbaycanın xeyrinə fikir söyləyəcəyini düşünmək çox çətindir.

Q. Hüseynli deyib ki, Rusiyanın XİN rəhbəri Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda baş tutan görüşündə əldə edilmiş müəyyən razılaşmaları öz adına çıxaraq Lavrov planı adı ilə KİV-ə təqdim etməyə çalışır və bununla da Rusiya XİN işləyir deyə imitasiya yaratmaq istəyir: “Hesab edirəm ki, gələn həftə Lavrovun Bakıya və Yerevana səfəri zamanı yenə də 5 rayonun qaytarılması, Dağlıq Qarabağa hansısa statusun verilməsi məsələsi gündəmdə olacaq. Beləliklə Azərbaycan üçün məqbul olmayan variantları ortaya atacaqlar”.

Politoloq əlavə edib ki, Lavrov hər zaman Azərbaycandan kompromislər gözləyib. Lakin Azərbaycanın kompromis limiti bitib və bundan sonra hansısa güzəştə gedə bilməz: “Təcavüzkar dövlət, torpaqları işğal edən dövlət güzəştə getməlidir. Bu həqiqəti nə dünya ictimaiyyətinə, nə də Rusiyaya qəbul etdirə bilmirik. Ötən ilin aprel döyüşlərindən sonra da Lavrov Bakıya gəldi. Nə etdi ki? Ona görə də Lavrovun səfərinə o qədər də ümid bəsləmirəm”.

Politoloq sonda deyib ki, Türkiyə və Rusiya prezidentlərinin dünənki Soçi görüşünün proseslərə stimul verdiyini söyləmək mümkündür: “Lavrovun təkliflərində bu  məsələnin  özünü necə göstərəcəyini gözləmək lazımdır”.

14.11.2017 15:45 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo