Xəzər dənizinin dəyişən buz rejimi

Ekspertlər ciddi təhlükənin olmadığını deyirlər

 

 

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib. Trend-in məlumatına görə, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib. Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: "1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”. 
Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar: "1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”. 
Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir: "İqlim istiləşdikcə, buzda çatlar və parçalanmalar daha da çoxalır. İri buz parçalarının olmaması Xəzərdə yaşayan canlıların – məsələn, Xəzər suitilərinin yaşayış bölgəsini məhv edə bilər”.

 

Bəs görəsən məlumatda qeyd edilən temperatur artımı reallığı əks etdirirmi? Sözügedən proses davam edərsə, bunun nəticələri nə ola bilər?

 

Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, professor RaufSultanov bizimlə söhbətində bəzi məqamları vurğuladı: "Son on illikdə dünya miqyasında təbii iqlim şəraitinin istiləşməsi ilə əlaqədar müəyyən narahatlıqlar var. Bu prosesin əsas səbəblərindən biri də  təbiətdə atmosferin ozon qatının deşilməsi nəticəsində baş verən istiləşmədir. Bunun qarşısını almaq üçün dünya miqyasında karbon-oksidin havaya buraxılmaması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Təbiətdə baş verən proseslər Xəzər dənizinin suyunun temperaturuna da öz təsirini göstərir və bu artım müşahidə edilir. Temperaturun artmasına təsir göstərən amillərdən biri də Xəzərə axan çayların suyunun temperaturunun yüksək olmasıdır. Qeyd edim ki, bu temperatur artımının həm müsbət, həm də mənfi tərəfləri var. İlk növbədə qeyd etmək lazımdır ki, Xəzər dənizinin şelf ərazilərində temperaturun  isti olması flora və fauna aləminin inkişafı üçün münbit şərait yaradır. Suyun dərin qatlarındakı temperatur nə qədər yüksək olarsa, canlılar aləminin fəallaşması üçün bir o qədər faydalı olar. Digər tərəfdən, suyun temperaturunun yüksəlməsi başqa məqamlara da yol aça bilər. Bildiyiniz kimi, Xəzər dənizi şimal, mərkəz, cənub hissələrinə ayrılır. Bu hissələrdə isə flora-fauna aləmi bir-birindən kəskin surətdə fərqlənir. İstiləşmə şelf qatında olduğuna görə, temperaturun artması nəticəsində dənizdə müəyyən istilik cərəyanları əmələ gəlir. Həmçinin, yeraltı sular Xəzərin sululuq dərəcəsini müəyyənləşdirir. Bu qarşılıqlı proses olduğuna görə, Xəzərin temperaturunun  artması mənfi təsir göstərə bilər. Temperaturun artmasının canlıların, xüsusən də balıqların yaşayış tərzinə pis təsir göstərmə ehtimalı da var. Suyun temperaturunun yüksək olması müəyyən parazitlərin inkişafına da şərait yarada bilər. Bu parazitlər isə dənizdə olan canlıların inkişafına mane olur. Ümumiyyətlə, Xəzərin temperaturunun artma və aşağı düşmə tendensiyası müvəqqəti prosesdir. Temperaturun yüksəkliyi müəyyən miqdarda davam edə bilər. Ona görə də bunu anormal hal kimi qəbul etmək olmaz. Hər 5-10 ildən bir belə hadisələr təkrarlana bilir və bu proses təbiətdə gedən proseslərlə birbaşa bağlı olan bir məsələdir. Canlılar üçün ciddi təhlükə gözlənilmir”.  
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, bütün məlumatlara inanmaq olmaz: "Məlumatın doğruluğu hələ ki, öz təsdiqini tapmayıb. Xəzərin temperaturunun artması ilə bağlı Xəzərətrafı ölkələr məlumat yaya bilər. Amma bu ölkələr hələlik bu haqda informasiya verməyib. Ona görə də indidən bu haqda nə isə demək düzgün olmaz. Qlobal istiləşmə deyilən məfhum əslində böyük dövlətlərin marağına xidmət edən  siyasi oyundur. Təəssüflər olsun ki, bir çox dövlətlər də  bu oyuna qatılıblar. Onu deyə bilərəm ki, hazırda istiləşmə ilə bağlı heç bir problem yoxdur. Bu haqda mətbuatda zaman-zaman xeyli yalan məlumatlar yayılır. Heç bir temperatur dəyişikliyi qeydə alınmır”.

 

 

Şəbnəm

14.11.2017 12:48 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo