Cavaxetiya erməniləri yenə ayağa qalxdı

Gürcüstanı Türkiyə ilə bağlayan yolu kəsən separatçılar mal-qaralarını oğurlayanların tapılmasını tələb edirlər

 

 

Separatçı hərəkətləri ilə Gürcüstan hökumətini daim narahat edən Cavaxetiya erməniləri növbəti dəfə bölgədə vəziyyəti gərginləşdirmək fikrinə düşüblər. Bu dəfə də Gürcüstanın "barıt çəlləyi” kimi tanınan bölgəsində baş verən adi oğurluq faktının böyüyüb irimiqyaslı aksiyalara səbəb olacağı istisna edilmir. Gürcü nəşrlərinin yaydığı xəbərə görə, Cavaxetiyadakı Dadeş kəndinin sakinləri Gürcüstanı Türkiyə ilə bağlayan Karçaxi- Ahalkalaki avtomobil yolunu bir neçə saatlığa bağlayıblar. Sakinlər Gürcüstan rəhbərliyi ilə görüş keçirilməsini, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının onlara qarşı həyata keçirilən qanun pozuntularına reaksiya vermələrini tələb edirlər. Kənd sakinləri bildiriblər ki, dəfələrlə onlara məxsus mal-qara oğurlanıb və Türkiyə ərazisinə daşınıb. Sonuncu oğurluq isə onları özündən çıxarıb. Təxminən 30 başa yaxın mal-qara oğurlanıb. Onlar bildiriblər ki, mal-qaranı tapmaq elə də çətin iş deyil. Belə ki, izə düşüb heyvanlardan bir neçəsini Türkiyə ilə sərhəd ərazidəki neytral yerdən aşkar ediblər. Lakin məsələ bununla bitməyib. Kənd sakinləri həmin səhnəni videoya çəkib  Gürcüstan Daxili İşlər Nazirliyinə təqdim edib, insidentə reaksiya verilməsini tələb ediblər. 
Qeyd edək ki, erməni icması hadisəyə Gürcüstan parlamentində təmsil olunan erməni mənşəli deputatları da cəlb edib. Majoritar dairədən deputat seçilən Enzel Mkoyan Dadeş kəndinin sakinləri ilə görüşüb. Sonra jurnalistlərə bildirib ki, kənddən tək son günlərdə 21 inək, hətta itlər də oğurlanıb. Onun sözlərinə görə, inəklərin Türkiyə ərazisində olması faktdır. "Bu cinayətdə kimin əlinin olmasını araşdırmaq hüquq-mühafizə orqanları əməkdaşlarının işi olmalıdır”, - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, kənd sakinləri mühafizə olunmadıqlarından qorxuya düşüblər. Bu səbəbdən də sərhədlərdə mühafizənin güclənməsini tələb edərək, təxribatların yaşana biləcəyini bildiriblər. "Bu gün bizim mal-qaranı oğurlayıblar. Sabah da suyumuzu zəhərləyə bilərlər”, - deyə sakinlər bildiriblər. Məsələyə adi oğurluq kimi yanaşmaq olardı. Lakin ermənilər bu insidenti böyütmək qərarına gəliblər. Onlar avtomobil yolunu bağlayaraq, məsələyə siyasi don geyindirərək, rəsmi Tbilisinin onlara qarşı laqeyd münasibətindən şikayətçi olublar. Yerli "Jnews.ge” informasiya resursunun rəhbəri Rima Qəribyan hesab edir ki, bu insidentin üstünü açmaq hüquq-mühafizə orqanlarının əlində su içim kimi bir şeydir. Onun sözlərinə görə, əgər gürcü tərəfi türk həmkarlarına müvafiq müraciəti etsələr, qarşı tərəf bu yardımı edər: "Lakin hələ ki, bu, baş vermir”. Erməni sayt rəhbəri iddia edir ki, hər tərəfdə video sistemlər fəaliyyət göstərir və onlara baxmaqla cinayətkarları müəyyən etmək olar. "Əvəzində isə tərəflər yalnız danışıqlar aparmağa üstünlük verir. Bu isə regionda gərginliyin qalmasına səbəb olur”, - deyə erməni jurnalist vurğulayıb. Bununla belə, bir sıra jurnalistlər istisna etmirlər ki, Cavaxetiyanın adıçəkilən kəndində baş verənlər adi cinayət hadisəsi deyil. Onların qənaətincə, məqsəd bölgədə vəziyyəti "tam şəkildə” nəzarətdən çıxarmağa yönəlib. Bu işdə isə ermənilər yenə də "kart” kimi istifadə olunurlar. Rusiya nəşrləri yazır ki, bu bölgə Gürcüstanın rifah halı o qədər də yaxşı olmayan regionudur. 
Bu insidenti yaratmaqda məqsəd bölgədə "tam proqramı” ilə gərginlik ssenarisi yaratmaqdır. Rusiyanın "Nezavisimaya qazeta” nəşri isə iddia edir ki, yaranmış vəziyyət bir müddət əvvəl Ahalkalakinin Kumurdo kəndində orta əsrlərə aid dini məbədlə başlı yaşanan qalmaqala bənzəyir. Bir faktı da qeyd edək ki, adıçəkilən qəzet Gürcüstanla bağlı təxribat xarakterli yazıların dərci ilə tanınır. İndi də analoji hal təkrarlanır. Qeyd edilir ki, ermənilərin sıx yaşadığı bölgə Türkiyə və Ermənistanla sərhəddir. Rusiya nəşri də əlavə edir ki, mürəkkəb, iqtisadi cəhətdən zəif regionda separatçı əhval-ruhiyyə hər zaman güclü olub. Müəllif yazır ki, Gürcüstanın bütün bölgələri üçün iqtisadi problemlər xarakterikdir, lakin buranı fərqləndirən hal həm də separatizmdir. Əvvəllər vəziyyətin gərginləşməsində Rusiyanın bölgədəki hərbi bazasının, eləcə də Ermənistandan olan emissarların da xüsusi rolu olduğu qeyd edilirdi. Rəsmi Tbilisi də separatçıların zərərsizləşdirilməsi istiqamətində sərt addımlar atır, onların nüfuzlu nümayəndələrini həbs edirdi. Lakin Bidzina İvanişvili hakimiyyətə gələndən sonra həmin şəxslərin bir neçəsini həbsdən azad etdi. Gürcü nəşrləri isə yazır ki, hakimiyyətin bölgəyə diqqətinin artması nəticəsində separatçı əhval-ruhiyyə bir qədər səngiyib. Bir sıra nəşrlər isə baş verənlərdə Rusiyanın rolu olduğunu xüsusi vurğulayırlar. Onların qənaətincə, Rusiya baş verən proseslərdə əsas oyunçu qismində çıxış edir. Kremlin Gürcüstanda vəziyyəti gərginləşdirməyə çalışdığı vurğulanır. 
Vəziyyət Saakaşvili hakimiyyətdən getdikdən sonra da düzəlməyib. Rusiya tərəfi nəinki, işğal altında olan gürcü torpaqlarından çıxıb, əksinə, həmin ərazilərin müstəqilliklərini tanıyıb, inteqrasiyasiyasını gücləndirib. Erməni ekspert, Conn Melikyan Cavahetiyada baş verən son hadisənin kökündə nəsə bir ciddi məsələnin olması barədə ehtimalları qəbul etməsə də, mal-qaranın Türkiyə ərazisinə aparılmasını ciddi məsələ adlandırır. Ekspert hesab edir ki, sərhəd ərazidə nəzarətin güclü olmaması araşdırılmalıdır. Onun sözlərinə görə, Türkiyə ərazisi son illər Suriyaya terrorçu göndərilməsində aktiv istifadə olunur. "İnsanlar qorxur və hakimiyyətdən onların təhlükəsizliyinə təminat verilməsini tələb edirlər”, - deyə Melikyan vurğulayıb. Onun qənaətincə, məsələnin başqa tərəfi odur ki, Cavaxetiya məsələsi gürcü qəzet və jurnallarının üz qabığından düşmür. Erməni ekspert hesab edir ki, məhz onlar məsələni süni şəkildə qızışdıraraq regional separatizmi yaymaqla məşğuldurlar.

 

 


Azər Nuriyev

14.11.2017 10:34 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo