Pakistanla əsas vəzifəmiz iqtisadi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaqdır

Samir Soltanov/AZADİNFORM. “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan həmçinin, Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır”. 

Azadinform xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev Pakistanın "The News" nəşrinə müsahibəsində bildirib. O qeyd edib ki, ölkələrimiz arasında münasibətlər inkişaf edir, beynəlxalq məsələlərdə hər iki ölkə bir-birinin mövqeyini dəstəkləyir: “Bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolu olub. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri, eləcə də sonrakı illərdə Azərbaycan və Pakistan rəhbərləri arasında baş tutan görüşlər bu əlaqələri daha da gücləndirmək baxımından uğurlu olub. Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan hər zaman Pakistanın yanında olub. O cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda Pakistanın mövqeyini müdafiə edib”.  
A. Əliyev onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir və bu layihələr gələcəkdə də davam etdiriləcək. 
Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə toxunan DGK sədri öncə diqqətə çatdırıb ki, iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi-ticari və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanlar var. 
“İndi qarşıda duran əsas vəzifələr sırasında ikitərəfli iqtisadi münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir. Bu baxımdan, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə müəssisələrin təsis edilməsi, eləcə də investisiyaların cəlbi, nəqliyyat layihələrinə qoşulma və sair məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Ümidvaram ki, Azərbaycan və Pakistan rəhbərlərinin səmimi dostluq münasibətləri əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə xüsusi təkan verəcək", - deyə o bildirib.  
A. Əliyev bildirib ki, DGK-nin əsası 30 yanvar 1992-ci ildə qoyulub. Onun gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları vardır. Hüquqi bazaya ölkə Konstitusiyası və qanunları, prezidentin sərəncam və fərmanları, Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sazişlər və digər hüquqi aktlar daxildir. 
Qeyd edilib ki, bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də "Hədəf" mərkəzi fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində, o cümlədən gömrük xidmətində inkişafa nail olunub. Ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycan prezidentinin hərtərəfli dəstəyi sayəsində gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir. DGK-nin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib. 
Daha sonra məlumat verilib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılan mühüm addımlardan biri sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə "Yaşıl dəhliz" və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox gömrük xidmətləri elektron əsasda göstərilir, eyni zamanda, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və mallar və nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır. 
Müsahibənin sonunda Dövlət Gömrük Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında iştirak etmək üçün Pakistana edəcəyi səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrinin bütün sferalarda uğurla inkişafına xidmət edəcək. Eyni zamanda, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə töhfəsini verəcək.

14.11.2017 10:10 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo