Politoloq: Azərbaycan torpaqlarının işğalı davam etdikcə Ermənistan yalnız geriləyəcək

AZADİNFORM. “Ermənistanda tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz olaraq ayağa qalxıblar. Bu günədək təhsil naziri və baş nazirlə görüşüblər. Baş nazir və nazirlərin bu tələbələri qəbul etməsi tələbə aksiyalarını ləğv emək istiqmətində Serj Sərkisyan hiyləgərliyinin birinci layı kimi qəbul edilməlidir”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, görüşlər, o cümlədən güclü ritorikaya malik Baş nazirlə də görüş də tələbələri öz iddiasından geri qaytarmadı. Belə olan halda artıq Ermənistanın prezidentinin hiyləgərliyinin ikinci layı başlayır: “Guya hərbi xidmətdən möhlət hüququnun ləğvindən S.Sərkisyanın xəbəri olmayıb. Parlamentdə belə fikirlər səslənir. Ermənistanın Müdafiə nazirinin müavinlərindən birinin verdiyi bəyanat da təxminən S.Sərkisyanı vəziyyətdən xilas etməyə yönəlib”. 

Politoloq vurğulayıb ki, əvvəla, Ermənistanda Sərkisyanın iradəsi olmadan heç kim belə qərar qəbul edə bilməz: “İkincisi, Müdafiə naziri Vigen Sərkisyan uzun müddət Serj Sərkisyan administrasiyasının rəhbəri olub. V.Sərkisyan bütün addımlarını prezident Sərkisyanın oyununa uyğunlaşdırır. Ona görə Vigen Sərkisyan Serj Sərkisyanla məsləhətləşmədən belə konsepsiyanı ortalığa qoymazdı”. M. Əhmədoğlunun  fikrincə, üçüncü və ən böyük arqument isə odur ki, S.Sərkisyan rəsmən və publik şəkildə bu konsepsiyanı müdafiə etdi. Ona görə baş verənləri Sərkisyanın üç laylı hiyləgərliyinin iki layının reallaşması kimi qəbul etmək olar: “Sərkisyan hiyləgərliyini üçüncü layını başa düşmək üçün “Sasna srer” hadisələrində baş verənləri xatırlamaq lazımdır; Sərkisyan tərəfindən vasitəçilər göndəriləcək, yerli və xarici bəzi elm adamları işə salınacaq, tələbələrin valideynləri ilə söhbətlər aparılacaq. Yumşalma yaranan kimi güc strukturları fəaliyyətə başlayacaq, aktiv tələbələr həbs olunacaq və “Sasna srer”də vəd verən və sonradan vədini unutduğu kimi, S.Sərkisyan tələblərə və onların valideynlərinə verdiyi vədləri də unudacaq. Nəticədə bir neçə erməni gənci həbsxana həyatı keçirməli olacaq. Ermənistan tələbələri S.Sərkisyan adlı eşafotda növbəyə dayanıblar”. 

M. Əhmədoğlu əlavə  edib ki, Azərbaycandan baxanda bəlkə də  bunları müsbət dəyərləndirmək olar: “Amma daha müsbət odur ki, S.Sərkisyan tələbələri ayağa qaldıran səbəbi dərk etmək istəmir. S.Sərkisyan başa düşmək istəmir ki, tələbləri belə vəziyyətə gətirib çıxaran əhalinin miqrasiyasıdır və əhalinin indiki miqrasiyasının səbəbi S.Sərkisyanın son 10 illik prezidentliyi dövrüdür və bundan da sonra S.Sərkisyan hətta hakimiyyətdən gedəcəyi, reallaşdırdığı kursun dəyişəcəyi təqdirdə belə yenə 5-6 il Ermənistanda demoqrafik vəziyyət normallaşmayacaq”.  

Onun sözlərinə görə, vəziyyət belə davam edərsə,50 yaşadək qadınlı-kişili Ermənistan vətəndaşlarının ikinci məcburi hərbi xidmət məsələsi aktuallaşacaq. 

Politoloq əlavə  edib ki, Azərbaycanın xeyrinə olan budur ki, Sərkisyan özü hansı siyasət apardığını dərk edə bilmir: “Bəlkə də heç bir azərbaycanlı Ermənistanı belə çətin vəziyyətə sala bilməzdi, o vəziyyətə ki, S.Sərkisyan salıb. Biz Azərbaycanın gördüyü işi, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyini dərki istiqamətində müsbətə tərəfə dəyişməsinin uğurunu inkar etmirik. Amma o da inkar edilməz faktdır ki, bu günkü Ermənistanın ən böyük problemi Ermənistanın özünü daxilindədir”. 

O sonda deyib ki, Azərbaycan torpaqlarının işğalı davam etdikcə Ermənistan yalnız geriləyəcək. Geriləmə yalnız Ermənistan dövlətçiliyi sıradan çıxanda dayanacaq.

13.11.2017 10:10 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo