Gəncədə Əziz Əliyev adına mədəniyyət və istirahət parkının açılışı olub

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Azadinform xəbər verir ki, dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlətimizin başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb. Parkın ərazisində yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq işləri görülüb. Burada dörd fəvvarə quraşdırılıb.

Yeni istirahət məkanında sakinlərin, eləcə də uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bundan başqa, parkda idmanla məşğul olmaq üçün imkanlar var. İstirahət guşəsində 25 ədəd müxtəlif idman qurğusu quraşdırılıb və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ hasar da çəkilib. Bir sözlə, bu park şəhər sakinlərinin və Gəncəyə gələn qonaqların ən sevimli istirahət məkanlarından biri olacaq.

Ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə istifadəyə verilən Əziz Əliyev adına parkda yaradılan şərait və imkanlar şəhərdə gedən inkişafın mühüm elementi olmaqla ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.

10.11.2017 15:15 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo