Deputat: Rusiyanın Azərbaycan və Türkiyəyə ciddi ehtiyacı var

Leyla Məhərrəmova / AZADİNFORM. “Rusiya və Türkiyə yaxınlaşması zərurətə çevrilib. Bu yaxınlıq Azərbaycan üçün, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllinə faydalı ola bilər”.

Bu fikirləri Azadinform-a Milli Məclisin deputatı Tahir Kərimli deyib. O qeyd edib ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp Vyetnamda APEC sammiti çərçivəsində görüşəcək. Deputatın sözlərinə görə, onların əsas məqsədi Şimali Koreya və Ukrayna məsələlərinə bir-birlərinə güzəştə getməkdir.

T. Kərimli vurğulayıb ki, Türkiyə-Rusiya yaxınlaşması da Türkiyənin Suriyada müəyyən güzəştə getməsi müqabilində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət tendensiyaların meydana gəlməsinə səbəb ola bilər: “Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasına qədər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində isti münasibətinin şahidi olurduq. Bu hadisədən sonra Dağlıq Qarabağ məsələsində fəallıq oldu, Ermənistan nə qədər pozuculuq fəaliyyəti göstərdi”.

O qeyd edib ki, Ermənistan Rusiyanın ağzına baxır, çünki onun forpostudur.

Deputat deyib ki, noyabrın 13-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşündə Qarabağa dair müsbət meyllərin yaranması mümkündür: “Rusiya-Türkiyə münasibətlərində istilik yaranması Azərbaycan üçün faydalıdır. Bu Putinin ermənilərə təzyiq etməsi üçün çox ciddi amildir. Demirəm ki, münaqişə dərhal həll oluna bilər. Məlumdur ki, Azərbaycan ərazisində süni erməni dövlətini Rusiya yaradıb. Ermənilər bu gün Rusiya dövlətində, onun  KİV-lərində təmsil olunur. Erməniləri silib atmaq mümkün deyil, onların rusların üzlərinə ağ olsa da, ruslar ermənilərin qayğısını çəkirlər. Hesab edirəm ki, Rusiyanın Azərbaycan və Türkiyəyə ciddi ehtiyacı var. Qarabağın həlli ilə bağlı açıq şəkildə olmasa da, konspirativ razılıq verilə bilər”.

10.11.2017 13:32 / Baxılıb: 266 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo