Türk xalqlarının vətəni Avrasiya məkanıdır

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” və institutun “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən” mövzusunda məruzələri dinlənilib.

Bu barədə Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumatda bildirilib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolu Azərbaycan tarixi ilə sıx bağlı olub: “Atatürk Qurtuluş savaşına məhz Şərqi Anadoludan başlayıb”.

Yaqub Mahmudov Azərbaycan tarixçilərinə müraciət edərək bildirib ki, informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış “Difai” partiyasının tarixi daha dərindən araşdırılmalıdır.

Allahverdi Əlimirzəyev məruzəsində qeyd edib ki, turukkular Azərbaycanlıların soykökündə iştirak etmiş tayfalardan biridir: “Turukkularla yanaşı, kuti, lullubi, kimmer, iskit, sak və digər qədim tayfalar da xalqımızın təşəkkülündə mühüm rol oynayıblar”.

A. Əlimirzəyevin çıxışından sonra institut direktoru Y.Mahmudov bildirib ki, İran etnosları Ön Asiya regionuna sonradan gəliblər: “Regionun ən qədim sakinləri Azərbaycan tayfaları olan lullubilər, kutilər və turukkulardır. Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Türk xalqlarının ilkin vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil, onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.

Məruzələrdən sonra, Elmi Şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikasının (GDR) 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişi ilə bağlı müzakirələr aparılıb.

8.11.2017 11:43 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo