Ceyhun Musaoğlu: Hərənin bir vurulduğu var, mən də "yaxşı xəbərə" vurulmuşam"

“Azadinform”un suallarını Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu cavablandırır: 

 

- Harda doğulub boy atmısınız? Təhsiliniz, ömrünüzün başlanğıc yeri...


- Doğulduğum yerdə boy ata bilmədim. Ata yurdumda cəmi 5 il yaşamışam. Bır sıçrayışla ömrümün başlanğıc yerindən uzaqlara düşdüm. Uşaq bağçasından Bakı – Zəngilan qatarına, qatardan Abşeron – Mehdiabad həyatına… Yurd taleli marşrutum bu qədər amansızca keçdi ömrümün ortasından. Zəngilanda doğuldum, qaçqınlıq və köçkünlüyün sivil formasını yaşadım.  1981-cı ildə birinci sinfə Mehdiabad qəsəbəsi tam orta məktəbində getdim. Qəsəbədə yeganə məktəb olduğundan nömrələnməmişdi, indi 1 nömrəlidir. 


- Könüllü qaçqın oldunuz, eləmi?


- O yaşımda könlümdən xəbərim yox idi. Valideyn qərarlarına qurban gedənlərdənəm.


- Valideynləriniz zamanı qabaqlayıblar, 13 ildən sonra onsuz da qurbanlıq olacaq, yurdunuzu itirəcəkdiniz…


- 13 il az vaxt deyil. Yurdumda daha çox yaşaya biləcəkdim. 13 il artıq görəcəkdim doğulduğum rayonu. Yurdsuzluğumun 13 ili azalacaqdı. 


- Həyatınız da itirdiyiniz rəqəmə oxşadı – tərs gəldi?


- Yaradanın verdiklərində tərs heç nə yoxdur, bəndənin seçdikləri tərs ola bilər. Bilmirəm, valideynlərim seçimlərində nə qədər haqlı, nə qədər haqsız olublar. Bildiyim bir həqiqət var, yurdum işğaldadır. Hər dəqiqə desəm  yalan olar, “hər saat da” şişirdilmiş görünəcək, amma hər gün  bu dəhşətli faktın təhqirinə məruz qalıram. Əzabın dəhşətini yaşamağa nə var ki, yurdsuzluq faktının üzümə şığıması dəhşətin əzabıdır. Bax bunu qəbul etmək olmur, vallah olmur. Şamo Arifin “Qınamayın məni” əsərində  kəndin yetimi Əzəmət Kəhər adlı atı adam yeyən rolunda təsvir olunan kəndxuda Kəlbiyə belə deyir: “Adam at kimi kişnəyəndə olur e… at adam kimi danışanda olmur, Kəlbi Kəhər, vallah olmur”. 


- Cocuq Mərcanlıya gedib çıxmısınızsa, Zəngilana da gedəcəksiniz. Buna əmin deyilsiniz? 


- Necə yəni əmin deyiləm?.. Dəfələrlə əminəm. Dəyərli yazıçımız Aqil Abbas demiş: “Torpaqların işğaldan azad olunacağına inanmasam özümü öldürərəm”. Bütün azərbaycanlılar  Böyük Qayıdış hissi ilə yaşayır, özünü bu qayıdışa hazırlayır. 

Hə, Cocuq Mərcanlıya gedib çıxdım. Uça-uça getdim, sürünə-sürünə qayıtdım. Ordan doğulduğum yurda çox yaxın, doğulmadığım yurda çox uzaq idi. Uzağı seçməyə məcbur idim. Cocuq Mərcanlıda məktəb illərimin hər yay tətilində 3 ay qonağı olduğum Zəngilanın havasını uddum. Getməmişdən öncə xəritədə Cəbrayılı seyr edirdim. Barmaqlarımı kəndlərin üzərində gəzdirə-gəzdirə Zəngilana gəlib çıxıdm. Bu dəfə əlimin içi ilə həmin ərazinin "başını sığalladım". İş yoldaşlarım mənə baxırmışlar, gözlərim onların baxışları ilə toqquşanda yaşardı... Cocuq Mərcanlıya uça-uça getmişdim, sürünə-sürünə qayıtdım.


- Qəribədir, sizi hamı tanıyır amma haqqınızda çox az adam nəsə bilir... Çoxunun bilmədiyi hansı məqam var ki, bizimlə bölüşə bilərdiniz?


- Adamı ən çox və ən yaxşı tanıyan onun özüdür. Haqqımda gizlətdiyim heç nə yoxdur. İşlədiyim əksər redaksiyalarda elektron ünvanlarımın şifrəsi də, parolu da dəyişmədən kompyuterdə açıq qalırdı. Sosial şəbəkələrdəki ünvanımın da parolları iş yoldaşlarım, həmkarlarım üçün əlçatandır. İctimai şəxs hesab edirəm özümü. Belə status daşıyan birisinin hansı gizlini ola bilər ki? Bircə gizlinim var, onu da həmişə özüm-özümə pıçıltı ilə deyirəm. “Azadinform” mənə çox əzizdir, ondan gizlədə bilmərəm. Pıçıltımın mövzusu odur ki, gecikdiyimi zənn edirəm. Düşünürəm xalqım, ölkəm, dövlətim, millətim üçün böyük işlər görə bilərəm, amma hər dəfə gecikirəm. Gecikmək zaman itkisidir. Olsun, nikbinəm. Gecikməyimi kompensasiya etməyə sürətim, enerjim, inamım çatar, deyə düşünürəm. Bax bu həqiqəti ilk dəfə “Azadinform”a, əziz dostum, dəyərli həmkarım  Niyaz Niftiyevə deyirəm. 


- Qələmdən nə istəyirsiniz? Heç əlinizdən yerə qoymaq istədiyiniz vaxt olubmu? Ya da əlinizdən düşdüyü...


- İndi klaviatura anlamı verən qələm peşəmizin alətidir. Onsuz yazmaq yoxdur. Jurnalistika çətin peşədir. Başqa peşələrdən daha çox yorur adamı. Belədə qələmi əlindən yerə də qoymaq istəyirsən, özünün düşdüyü də olur. Jurnalistika azad sənətdir, xalqa xidmətdir, ictimaiyyət üçün körpüdür. Bir sözlə, şərəfli sənətdir. Bax, bu həqiqəti bir daha dərk edəndə yorğunluğun yoxa çıxır, əlindən yerə düşən qələmi həvəslə əyilib götürürsən. 

Qələmdən nə istədiyimi soruşursuz. Əslində qələm bizdən istəyir, biz ondan yox. 


- Nə istəyir bizdən? 


- Qələm jurnalistdən peşənin adına layiq olmasını istəyir.  


- Nəyə nəzarət edirsiniz? Biliyəmi, qələməmi? Ümumiyyətlə ekspert nə iş görür?


- Yəqin siz sədri olduğum Jurnalist Ekspert Mərkəzinin fəaliyyətini nəzərdə tutursunuz. Nəzarət edən deyilik biz, izləyənik. İctimai-siyasi prosesləri izləyib, bacardığımız səviyyədə cəmiyyətin inkişafına töhfə verməyə çalışırıq. Ola bilsin, əməlimiz niyyətimizi zəif təcəssüm etdirir. Amma əsas niyyətdir. Layihələr həyata keçiririk. 2011-ci ildə dövlət qeydiyyatına alınan JEM 2012-ci ildən etibarən hər il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu ilə layihələr həyata keçirir. Layihələr çərçivəsində gördüyümüz işlər barəsində danışsaq, gərək ayrıca müsahibə hazırlayaq. Ümimi şəkildə  deyə bilərəm ki, QHT sektorunun təmsilçisi olaraq, vicdanımızın ssenarisi, niyyətimizin rejissorluğu, istəyimizin operatorluğu ilə fəaliyyətimizin filmini sevərək çəkməklə məşğuluq. O filmi bəyənənlər də olacaq, bəyənməyənlər də, baxanlar və baxmayanlar da. Əsas odur, hər kəs öz gördüyü işə inansın, nəticəsinə güvənərək yola çıxsın. Gec, ya tez mənzilə mütləq çatır belə adamlar. Gecikməyi də dərdə çevirməyək. "Taleyimiz belədir" - deyib,  razılaşmaq,  rahatlıq tapmaq mümkündür.  


- Taleyinizdən şikayətçisiniz? 


- Heç vaxt. İnsan doğula bilibsə, bu, ona verilən ən böyük nemətdir. Çox yaxşı xalqın nümayəndəsi, gözəl məmləkətin vətəndaşıyam. Gileyim olmasın gərək, bir istisna ilə. Onun da adı Qarabağdır. Bəlkə taleyin bu qismətindən şikayətçi olmağa dəyər, ancaq dərindən düşünəndə burada da talelik heç nə yoxdur. Ya zəlzələdən, ya vəlvələdən birinci müharibədə uduzmuşuq. İkinci müharibəmiz var hələ. Əlbəttə, müharibə pisdir. Bu kabusun nəfəsi mənim də əsgərlik illərimin havasını korlayıb. Düşmən əclaflığından əl çəkə bilmir. Normal həyat yaşamağı bacarmır, erməni düşüncəsi. Nə qədər başqalarının torpağını oğurlamaq olar. Topraq sahibi daxmasından çıxıb, çomaqla başını əzəcək axı. O sahibə inanıram, o comağı qaldıracaq biləyə güvənirəm. 


- “Hər oxuyan Molla Pənah Vaqif”dirmi?


- Heç Pənah özü molla ola bilmədi. Biliciliyinə görə Molla təxəllüsün aldı, öncəgörməliyi də vardı, deyirlər. Sonrası nə oldu? Vəziri olduğu xanın qardaşı onu da, oğlunu da öldürtdürdü. Faciəsini öncədən görə bilmədi Vaqif olan Molla Pənah. Oxumaq azdır, həm də insan kimi davranmaq şərtdir. Bizdə el dilində belə bir fikir də var: "Mollalıq eləmə" -  ironik tərzdə iraddır. Yəni özünü ağıllı göstərməyə çalışma, daha yaxşı olar ki, öhdənə düşən işini yüz faiz məsuliyyətlə yerinə yetir. Onda Molladan da, Pənahdan da, Vaqifdən də daha xeyirli, daha faydalı vətəndaş olacaqsan.  


- Hər insan su kimidir. Əvvəl bulanır, yəni özünü axtarır, fərqli sahələrdə özünü sınamağa çalışır, sonra bir yerdə kök atır. Durulur. Sizin durulduğunuz yer haradır?


- Jurnalistika. Heç nə axtarmadan, jurnalistikaya gəldim. Bu barədə yazmışam. Təkrar təqdim etməkdə ziyan görmürəm. Yəqin bundan daha yaxşısını yaza  bilmərəm: 

Orta məktəbin yuxarı siniflərində oxuyanda dəqiqləşdirmişdim: jurnalist olacağam. "Şimşək” adlı sinif qəzetinin redaktoruydum. Həftədə bir dəfə hazırlayıb, məktəbin xüsusi guşəsinə yerləşdirirdik. Qəzetimiz sinif qəzetləri arasında ayda bir dəfə keçirilən monitorinqlərin dəfələrlə qalibi olub. İnşalarımı heç vaxt valideynlərim yazmayıb. Hərdən kömək üçün anama müraciət edirdim, amma özüm yazırdım. Riyaziyyatla fizikanı da yaxşı oxuyurdum. Atam riyaziyyat müəllimi işləyib, onunla məsələ, misal həll etmək zövq verirdi.

Cəbrdən və həndəsədən buraxılış imtahanlarında 5 qiymət almaq üçün öz istəyimlə əlavə hazırlığa getməli oldum. Məktəbi məndən bir il əvvəl bitirib, o vaxtkı Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə əla qiymətlərlə qəbul olan Qulam adlı dostumdan bir il dərs aldım. Riyaziyyatdan bizə Hüseyn müəlim dərs deyirdi. Mükəmməl insan və mükəmməl müəllimdir. Ondan öyrəndiklərimi bir qədər də təkmilləşdirdim. Ancaq məqsədim jurnalistikaya daxil olmaq idi.

Deyirlər, nadinc olmuşam. Buraxılış imtahanlarından sonra məktəbin direktoru nadincliyimi “əsas” götürüb, attestatımın verilməsini gecikdirdi. Sinif yoldaşlarımın əksəriyyəti artıq ali məktəblərə imtahan vermişdi, bir neçəsinin qəbul olunması xəbərini də almışdıq. Mənsə direktordan asılı vəziyyətdə qalmışdım. Attestat əlimdə olanda ADU-nun jurnalistikasına sənədlərin qəbulu müddəti sona çatmışdı. Məcbur olub, sənədlərimi AZİ kimi tanıdığımız Azərbaycan Neft Kimya İnstitutunun axşam şöbəsinə verdim. Riyaziyyat, fizika, ədəbiyyat – hər üç imtahandan yüksək qiymət aldım. Oldum İstehsal Proseslərinin Avtomatlaşdırılması fakültəsinin tələbəsi. İki il oxuyandan sonra, həqiqi hərbi xidmətə çağırıldım. 1993-də gedib, 1997-də qayıtdım. 3-cü kursa keçib getmişdim, qayıdanda gündüz şöbəsinin 2-ci kursundan davam etməli oldum. Qanunla belə olmalıydı. 1991-ci ildə ali məktəbə qəbul olan Ceyhun 2001-ci ildə diplom aldı. Təəccüblə “10 il” sualı verənlərə “Ögey ana” filminin qəhrəmanının dilindən belə deyirəm: “Başımın üstünü qara buludlar almasaydı, mən də bir gün görərdim”.

Artıq özümü tələbə kimi hiss etmirdim. İşləməliyəm. Dəyərli şair dostum Arzu bəy məsləhət görür ki, “Günaydın” qəzetinə gedib, təcrübə keçim. Gedirəm. Və başlayır yeni həyat: yazıram, pozuram, pozuram, yazıram. Burdan ora, ordan bura keçirəm, redaksiyalarda izlərim qalır... Hələ ki, büdrəmədən yeriyirəm.  


- Yaxşı xəbər nədir?


- Əslində xəbərin yaxşı və pis olması onun yazılma səviyyəsi ilə bağlı məsələdir. Əsas 6 suala dəqiq cavab verməkdir, bu da 5 W, 1 H prinsipinə əsaslanır. Who – kim; Woht – nə; Where – harada;  When –  nə  zaman;  Why – Niyə;  How – necə? Bir məqamı da qeyd edim: ustadlarımız belə hesab edirlər ki, xəbərdə "niyə" sualına cavab verməyə ehtiyac yoxdur. Onların fikri ilə razıyam. "Niyə" sualı analiz, şərh janrında yazılar üçün keçərlidir. Sözümün canı odur ki, yalnız xəbərin məzmunu yaxşı və pis hadisəni özündə ehtiva edə bilər. "Facebook"da tez-tez  "Yaxşı xəbər" təqdimatı ilə məlumat paylaşmağımı vurğulamağınıza gəlincə, bu paylaşmaları məzmun baxımından kateqoriyalara bölürəm. Qara rəngli xəbərlərin acığına belə hərəkət edirəm. Axı məzmunca yaxşı hadisələr də baş verir bizim ölkədə, cəmiyyətdə. "Yaxşı düşünək, yaxşı görəcəyik" prinsipi ilə yaşamağa çalışıram. "Yaxşı xəbər"ə sevgim burdan qaynaqlanır. 


- Bəs əla xəbər?


- Məsələn,  yaxşı məzmunlu xəbər: "Bu gün Bakı -Tbilis - Qars dəmir yolunun açılışı olacaq". Əla məzmunlu xəbər:  "Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola düşdü". Yaxşı və əla məzmunlu hadisələri özündə əks etdirən xəbərlərdən çox xoşum gəlir. Hərənin bir vurulduğu var, mən də "yaxşı xəbərə" vurulmuşam.


- Reallıqsa pis məzmunlu xəbərlərin dominantlıq təşkil etdiyini göstərir. Dövrün tələbi budur. Biz axı nə karəyik ki, dövrün tələblərinə uymayaq?


- Dövrlər insanların məhsullarıdır, zamanı insan özü yaradır, sonra onun əsirinə çevrilir və idarə olunmağa başlayır. Yəqin insan beyninin şüuraltında idarə olunmağa meyl güclüdür. Biz nəticələrə əsaslanıb plan qurmalıyıq. Nəticə odur ki, qan-qada məzmunlu xəbərlər oxucuların psixikasına mənfi təsir edir və dəhşətli hadisələr gözümüzdə adiləşir. Mətbuat hadisələri arxasınca aparmalı, hadisələrin arxasınca düşməməlidir. Mətbuat kütləyə deyil, ictimai fikrə işləməlidir. İctimai fikrin yaxşı məzmunlu xəbərlərə böyük ehtiyacı var. Belə hadisələrin sayı yüzlərlədir, yetər ki, onları görək, hiss edək və oxuculara çatdıraq. 


- “Gənc jurnalistlər”. Onları yetişdirməyə ehtiyac varmı? Axı bizdə jurnalist qıtlığı deyil, peşəkar problemi var...


- Təmsil olunduğum Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun BDU-nun Jurnalistika fakültəsi ilə birgə təsis etdiyi "Gənc jurnalistlər" Klubunda təlimlər aparırıq. Jurnalist hər dövrdə qıt olub. Jurnalistləri tanınanlara və tanınmayanlara ayırmaq istəməzdim. Peşəkarlıq əsas şərtdir. Tələbəni məhz təhsil aldığı illərdə yetişdirmək vacibdir. Bunun üçün təcrübəyə böyük ehtiyac var. "Gənc jurnalistlər" Klubunun üzvlərinə peşəkarlıq vərdişləri aşılamağa çalışırıq. Əksəriyyət tələbəmiz BDU-nun birinci kursunda təhsil alır. Çox həvəslidirlər,  yazmaq, oxumaq, öyrənmək istəyirlər. Elə yazırlar, oxuyurlar, öyrənirlər də. Jurnalistikanın gələcəyinin işığını görmək olur onların bütün davranışlarında.  


- “Yazıq” olmaqla “məğrur” olmaq arasındakı əsas fərq nədən ibarətdir?  Mətbuat niyə qəhrəman olmağı deyil, acizliyi seçir? Ədəbi deyil ədəbsizliyi əsas götürür? Axı biz müharibə ölkəsiyik... Bizi aciz qılan şey nədir?! Bəlkə içimizdəki yaşanmayanlardır belimizi bükən?!


- Yox, belimiz bükülməyib. Belə fikir var: "Hər şey sonda yaxşı olur. Yaxşı olmayıbsa, deməli, hələ son deyil". Yazıqlıq həyat tərzi, məğrurluq xarakter formasıdır. Məğrur xarakterə malik adamlar heç vaxt yazıqlaşmaz. Müstəqil mətbuatımızın təməlini məğrur insanlar qoyub. Yaradılışdan möhtəşəm təməllərə malik mətbuat yazıqlaşa bilməz. Bu gün jurnalistikaya, ümumi mətbuata qarşlığı gözlənilmədən dövlət tərəfindən böyük qayğı göstərilir, təmənnasız dəstək verilir. Müstəqil mətbuat dövlətin atributu olmaqla yanaşı, cəmiyyətin də mayakıdır. Dövləti idarə edənlər bu gerçəkliyi əsas götürüb, KİV-in daim inkişafında maraqlıdırlar. Bir nəfər də deyə bilməz ki, məsələn, Prezidentin mənzil hədiyyəsinə layiq görülən jurnalistə müstəqil düşünmə, müstəqil yazma, həqiqətləri qələmə alma deyən olub. Buyurun, sosial şəbəkələrə baxın, jurnalistlərimiz sərbəstlik və azadlıq nümayiş etdirir və belə mövqe onlara yaraşır, onların peşəsinə uyğundur. 

Prezident ikinci dəfə Azərbaycan jurnalistlərinə mənzil hədiyyə edəndə bu möhtəşəm  hadisəyə yazı həsr etdim. Prezidentin təqdimat mərasimindəki "Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir..." fikrinin təsirində yazdığım köşənin sonuncu abzası beləydi:  "Daha nə istəyirik, əziz həmkarlar. Prezidentin "siz yazın, biz nöqsanları aradan qaldıraq" mövzusunda olan çağırışı jurnalistin ən böyük hədiyyəsidir". 


- Nə yoxuydu ki, olmağı üçün bu qədər can atdıq?


- Ölkəmizin müstəqilliyi yox idi, onu qazandıq. 1920-ci ildən itirə-itirə gəlirdik. Nəhayət 70 ildən sonra bəhrəsini gördük. Müstəqilliyimizə dözə bilməyənlərin sonuncu zərbəsi Qarabağa dəydi. Populyar olan bir fikir var: Azərbaycanın ərazisinin 100 faizi işğalda idi, müstəqil olmağımızla 80 faizini qaytardıq. Razılaşmamaq olmur. İşğaldakı 20 faizi də qaytaracağıq. Əsas odur müstəqilik. 


- Bəs nə vardı ki, olmamağı üçün əlimizdən gələni elədik?


- Əsarət vardı. Olmaması üçün çox əziyyət çəkdik.  


- Musa oğlu Ceyhundumu əsas olan, Ceyhun Musaoğludurmu?


- Ceyhun Musaoğludur. Hər birimiz bir kişinin övladıyıq. Ata vasitəçidir, biz nəticə. Həmişə nəticə əsas götürülür. 


- O nədir ki, gendən gəlir, o  nədir ki, gendən - kənardan gəlir?


- Xarakter gendən gəlir, həyata baxış gendən – kənardan gəlir. Mühit adamı dəyişməyə məcbur edə bilir. Mühitin balası olanlar bir az qorxulu adamlardır. Dəyişmədən yaşamaq gözəldir, təəssüf ki, müasir dünyada belə yaşamaq  az insana nəsib olur. 


- Söz hər şeydimi? Sözü olmayan neyləsin? 


- Sözün  yaratma və dağıtma gücü varsa, deməli, hər şeydir. Sözü olmayan sussun. Nigaran qalmasın, onu da eşidən tapılacaq. Taylı tayını tapması həqiqəti var. Sözünü eşitmək istəyənlər sənin taylarındır. Mirzə Cəlil deyirdi: "Sözünü sənə qulaq asmayan kəslərə de". Bəlkə də böyük ədibin yaşadığı dövr üçün belə fikir keçərliydi. İndi hökmü azalıb. Səni eşitməyənləri narahat etmə. Məcburən sevgi olmur. Sevgi olmayan yerdə hər şey puç və əfsanədir. 


Söhbətləşdi: 

Nigar İsfəndiyarqızı

 

Image result for Ceyhun Musaoğlu

Image result for Ceyhun Musaoğlu Bilik fondu

Related imageImage result for Ceyhun Musaoğlu Bilik fondu

Image result for Ceyhun Musaoğlu Bilik fonduRelated image

 

2.11.2017 11:38 / Baxılıb: 676 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo