Musa Qasımlı: Bakı-Tbilisi-Qars kimi layihələrin reallaşması ölkəmizi daha da gücləndirəcək


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQnin tikintisinin təməli qoyulub. 2008-ci il iyulun 24-də Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Srağagün isə Bakıda ümumi uzunluğu təxminən 840 km olan BTQ dəmir yolu xəttinin açılışı olub. Beləliklə də Azərbaycan daha bir beynəlxalq layihəni reallaşdırıb. Sözügedən hadisə ilə əlaqədar "Kaspi”nin suallarını tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı cavablandırır.


- BTQ dəmir yolunun açılışı münasibətilə ötən gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Bu mərasimin, tarixi hadisənin ölkəmiz üçün siyasi, iqtisadi əhəmiyyəti nədən ibarətdir?


- Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin keçirilməsi, bu mərasimdə bir neçə ölkənin dövlət və hökumət rəhbərlərinin iştirak etməsi böyük tarixi hadisədir. Bunun ölkəmiz üçün siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Siyasi baxımdan əhəmiyyəti budur ki, Azərbaycan birləşdirici, əlaqələndirici rolunu daha da artırır. Paralel olaraq, beynəlxalq siyasətdə ölkəmizin mövqeləri güclənir, Azərbaycan şəbəkə ölkə halına gəlir, qovşaq rolunu oynayır. Qatarların Avropadan Asiyaya və Asiyadan Avropaya Azərbaycan üzərindən keçib getməsi beynəlxalq aləmdə ölkəmizin rolunun artdığını bir daha nümayiş etdirir. Bu yolun işə düşməsi Azərbaycanın dünyanın iki iqtisadi güc mərkəzini birləşdirən mərkəz olduğunu təsdiqləyir. Bu güc mərkəzlərindən biri Avropa İttifaqı, digəri isə Çin, Cənub-Şərqi Asiya ölkələridir. Bu yolun işə düşməsi eyni zamanda Azərbaycana böyük iqtisadi üstünlüklər gətirəcək. Tranzit keçidlərindən dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq, infrastruktur yaranacaq, yeni iş yerləri açılacaq. Dövlət büdcəmizə daxil olan vəsaitlər Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsinə, insanlarımızın daha yaxşı yaşamasına yönəldiləcək. Bu dəmir yolunun işə düşməsinin mənəvi-psixoloji əhəmiyyəti də var. Azərbaycan xalqının və dövlətinin bu layihə ilə dünyanın ticari-iqtisadi baxımdan güclü olan ölkələrini birləşdirməsi xalqımızın milli-mənəvi ruhunun artmasına, özünə inamın güclənməsinə kömək edəcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin liderliyi, bilavasitə onun siyasi iradəsi və böyük əməyi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi digər beynəlxalq layihələrin tərkib hissəsidir. Bu, eyni zamanda göstərir ki, Azərbaycan yalnız neft-qaz istehsal edən, satan ölkə deyil, eyni zamanda dünyanın nəqliyyat-kommunikasiya mərkəzlərindən biridir. Prezident İlham Əliyevin həyata keçirtdiyi bu layihə Azərbaycan xalqının təkcə indiki deyil, gələcək nəsillərinə yönəlmiş tarixi hadisədir. Bu, müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir.


- BTQ dəmir yolunun istifadəyə verilməsi ümumən regiona necə təsir edəcək?


- Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, bütövlükdə dəmir yolu boyunca yerləşən ölkələrə, o cümlədən regionumuza da müsbət təsir göstərəcək. İlk növbədə Azərbaycan və Gürcüstanda böyük iqtisadi yüksəlişin şahidi olacağıq.


- Sırf işğalçı bir dövlət olduğuna, Azərbaycan ərazilərini uzun illərdir işğal altında saxladığına görə neçənci dəfədir ki, Ermənistan beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda saxlanılır. Son olaraq BTQ layihəsində də Ermənistan iştirakçı olmadı, bu dövlətin izolyasiyası bir qədər də gücləndi. 


- Digər layihələr kimi Bakı-Tbilisi-Qars dəmir yolundan da Ermənistan kənarda qalıb. Bunun səbəbkarı bilavasitə Ermənistan siyasi rəhbərliyidir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkünə çevrilib. Məhz Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli indiyə qədər uzanıb, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnamə bu günə kimi yerinə yetirilməyib. 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasını bu günün özündə də pozan, hətta dinc insanları hədəfə alan, müxtəlif təxribatlara əl atan Ermənistan silahlı birləşmələri, siyasi rəhbərliyi işğalçılıq niyyətindən əl çəkmir. Beləliklə də Ermənistan regionda gərginlik mənbəyinə çevrilib. İşğalçı dövlət və onun rəhbərliyi beynəlxalq hüquq normalarını tanımır, onun tələblərinə riayət etmir. Təbii olaraq bu da işğalçı Ermənistanı regiondakı bir çox layihələrdən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun iştirakçısı olmaqdan kənarda saxlayır. Yalnız və yalnız işğalçılıq siyasətinə görə Ermənistan regionda reallaşan layihələrdən kənarda qalıb, təcrid edilib. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Azərbaycan və Gürcüstanın inkişafına müsbət təsir etməklə, Ermənistandakı sosial-iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə Ermənistanda siyasi böhran yaradacaq, bütövlükdə erməni cəmiyyətinin mənəvi-psixoloji durumunu sarsıdacaq, hakimiyyətlə xalq arasında gərginliyi, ziddiyyətləri artıracaq.


- Sizcə, Ermənistanın regiondakı bütün layihələrdən izolyasiyası onun işğalçılıq mövqeyində hansısa dəyişikliyə səbəb ola bilərmi?


-  Düşünmürəm ki, Ermənistanın Bakı-Tbilisi-Qars və sair bu kimi layihələrdən təcrid edilməsi onun işğalçılıq mövqeyinin dəyişməsinə səbəb olsun. Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi barədə gərgin müzakirələr gedirdi. Həmin zaman Ermənistanın bu kəmərə qoşulmaq şansı var idi. Lakin Ermənistan bu şansı dəyərləndirə bilmədi. Ermənistan siyasi rəhbərliyi təcavüzkar siyasətindən imtina etmədi. Məhz buna görə də həmin layihədən kənarda qaldı. İndiyə qədər də bu proses davam etdirilməkdədir. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin Ermənistanın təcavüzkar siyasətində hər hansı dəyişikliyə səbəb olacağına inanmıram. Bu, çox mürəkkəb, çətin məsələdir.


- BTQ və digər bu kimi layihələrin həyata vəsiqə alması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hər hansı formada təsir edə bilərmi?


- Fikrimcə, münaqişənin danışıqlar vasitəsi ilə həllində Bakı-Tbilisi-Qars və sair bu kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi müəyyən təsirlər edə bilər. Belə ki, belə layihələrin reallaşması nəticəsində Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan daha da güclənəcək. İqtisadiyyatı tənəzzülə uğrayan, xarici borc içində itib-batan Ermənistan isə Azərbaycanla müqayisədə daha da geri gedəcək. Təbii ki, Azərbaycanın hərtərəfli güclü olması danışıqlar prosesində mövqelərimizi də gücləndirəcək. Hadisələrin inkişafından asılı olaraq, belə vəziyyətdə Ermənistan sülhə məcbur edilə bilər. Lakin bundan ötrü, gərək bəzi xarici ölkələr də Ermənistanı müdafiə etmək siyasətindən əl çəksin, işğalçını öz adı ilə çağırsın, beynəlxalq hüquq normalarına riayət olunmasını tələb etsinlər.


- BTQ ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Bu baxımdan, BTQ Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna, roluna necə təsir edəcək?


- Sualınızda da qeyd etdiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə olaraq tanıtmır. Paralel olaraq, Azərbaycan özünü həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Əgər Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizidirsə, Azərbaycandan keçən və yaxın zamanlarda tam gücü ilə işə düşəcək daha bir layihə isə Şimal-Cənub nəqliyyat qovşağı kimi tarixə düşəcək. Bu, bir daha sübut edir ki, Azərbaycan dünyanın nəhəng nəqliyyat-kommunikasiya mərkəzlərindən, enerji, neft-qaz paylayıcılarından biridir. Bütün bunlar sayəsində Azərbaycan əməkdaşlıqda vaz keçilməz tərəfdaşdır. Sözsüz ki, belə layihələr Azərbaycanın beynəlxalq aləmdə rolunun güclənməsinə təsir edir və edəcək. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bir daha təsdiq etdi ki, ərazisi digər ölkələrin ərazisindən kiçik, əhalisi digər ölkələrin əhalisindən az olmasına baxmayaraq, birləşdirici gücdür. Azərbaycan qarşısına qoyduğu hədəflərə çatan, məqsədlərə doğru inamla addımlayan, arzularını reallaşdıran güclü dövlətdir.


- Artıq neçənci dəfədir ki, Azərbaycan beynəlxalq güclərin dəstəyi olmadan qlobal layihələr reallaşdırır. Bu, ölkəmizin gücünün göstəricisi kimi dəyərləndirilə bilərmi?


- Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələri reallaşdırması bir sıra mənalar kəsb edir. Hər şeydən öncə onu göstərir ki, Azərbaycanın layihələşdirdiyi, müəyyən etdiyi və həyata keçirmək istədiyi işlərin qarşısını kimsə kəsə bilməz. Digər tərəfdən, ölkəmiz dövlət müstəqilliyi yenicə bərpa edilən illərdəki Azərbaycan deyil. Bu gün Azərbaycan borc alan dövlətdən borc verən ölkəyə çevrilib. Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi göstərir ki, Azərbaycan iqtisadi baxımdan regionun güclü dövlətidir, heç bir kənar qüvvədən və ya dövlətdən asılı deyil. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində ölkəmiz bir çox uğurlara imza atıb. Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün həm maliyyə imkanları, həm də potensialı var. Belə layihələrə xərclənən maliyyə vəsaiti gələcəkdə Azərbaycana dəfələrlə artıq gəlirlər gətirəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi böyük tarixi hadisədir. Bu, Azərbaycanın dünya siyasətində yerini daha da gücləndirəcək, əməkdaşlarımızın, dost ölkələrimizin sayını bir qədər də artıracaq. 

 

Rufik İSMAYILOV

1.11.2017 11:42 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo