“Artıq o sözləri sevgi ilə, yaşaya-yaşaya oxuyuram”

Gülay Zeynalova: “Estrada və ya digər janrlarla muğamlarımızın sintezində olan mahnılar ifa etmək istərdim”

 

Ümidə Həsənli. “Azadinform”un suallarını gənc müğənni Gülay Zeynalova cavablandırıb.

- 2011-ci il yadınızda necə qaldı?

- Keçən il həm şəxsi həyatımda, həm də yaradıcılığımda əlamətdar hadisələr baş verdi. Şəxsi həyatıma düşərli oldu, sənətimdə isə yeni mahnılarım səsləndi, klip çəkdirdik. 2012-ci il - Əjdaha ili mənim ilimdir, inşallah, bu il də mənə düşərli olar.

- Övladınızın yeni dünyaya gəlməsinə baxmayaraq, yaradıcı işləriniz öz axarı ilə davam edir. Bunları necə tənzimləyə bilirsiniz?

- Körpə balam olmasına baxmayaraq, yaradıcı işlərimi də çatdırıram. Təbii ki, sənətim də ailəm qədər vacibdir. Ona görə də çalışıram ki, eyni zamanda ikisini də idarə etməyi bacarım. İnşallah, bu il də yeni mahnılarımız olacaq.

- Övladınız dünyaya gələndən sonra həyatınızda və yaradıcılığınızda hansı dəyişikliklər oldu?

- Balam dünyaya gələndən sonra yaradıcılığımı əvvəlkindən də artıq sürətlə davam etdirirəm. Çünki həyata həvəsim, xoşbəxtliyim daha da artıb, həyata baxışım daha da gözəlləşib. Ona görə də inşallah, 2012-ci ildə Gülayın işlərini görəcəksiniz.

- Yaradıcılığınızda həm muğam və xalq, həm də bəstəkar mahnıları yer alıb. Bunlardan sizə ən yaxını hansıdır və ən çox yaradıcı potensialınızı, enerjinizi haraya yönləndirirsiniz?

- Mənim sənətim sırf muğamdır. Çünki Asəf  Zeynallı adına musiqi Kollecini bitirmişəm, ustadım Arif Babayev olub. Sonra təhsilimi Milli Konservatoriyada davam etdirdim. 2011-ci ildə oranı bitirdim, məzun oldum. Bununla bərabər, bəstəkar mahnıları da, təsniflər də  oxuyuram. Çünki mənə elə gəlir ki, muğamı ifa edən gənc digər janrlarda oxumağı da bacarar. 

- Gənc ifaçılar və müəyyən müsabiqədə iştirak edənlərin əksəriyyəti bir çox sənət ocağına solist kimi dəvət edildi. Sizin də belə iş yeriniz varmı və belə bir dəvət oldumu?

- Dəvətlərim olur, amma mən musiqi məktəblərindən birində müəllimə işləyirəm, tələbələrim var. Amma ən böyük arzularımdan biri Opera və Balet Teatrında Leyli rolunu oynamaqdır. Digər arzularım necə get-gedə reallaşıbsa, inşallah, bu arzum da həyata keçər.

- Bir muğam, mahnı və ya kompozisiya üzərində nə qədər işləyirsiniz?

- Bizim sənətimiz elədir ki, nə qədər öyrənsək də, “artıq mən bilirəm” sözünü işlətmək düzgün deyil. Bir mahnı və ya muğamı yazdırırsansa, onun üzərində çox çalışmalısan, çox məşqlər etməlisən ki, səviyyəli bir şey ortaya gətirəsən. Ona görə də bir az vaxt aparır. İnsan məsuliyyət daşıyanda bir mahnı, bir muğamın üzərində çox işləyir. Amma məsuliyyət daşımayanda deyirsən ki, “əşşi, bilirəm də, gedim yazdırım çıxıb getsin”.

- Repertuarınızı tərtib edən zaman, hər hansı muğam, mahnı və ya kompozisiyaya müraciət etmək istəyəndə kiminləsə məsləhətləşirsinizmi?

- Təbii ki, məsləhətləşirik. Amma ki, məsələn, çox bəstəkarlar tərəfindən təkliflər gəlir ki, məsələn, “Gülay, belə bir mahnımız var, istərdik sən ifa edəsən”. Təbii ki, bu, istəklə alınmır. Mən gedib ona qulaq asıram. Əvvəlcə gərək o mənim ürəyimə yatsın ki, sonra mən onu ürəklə ifa edə bilim. Ürəyimə yatmasa, ürəyimcə olmasa, musiqiçilərin dili ilə desək, sonra ona ürəyimi qoya bilmirəm. Ona görə də repertuar hazırlayanda çalışıram ki, hamısı yaxşı olsun. Çünki elə mahnı var ki, onu oxumaq istəyirəm, amma o mahnıdakı sözlərlə qıza müraciət olunur. Artıq onu oxumaq dinləyiciyə maraqlı gəlmir. Ona görə də elə mahnı seçməlisən ki, hamısı bir-birini tamamlasın.

- Gənc ifaçıların çoxu şou-proqramlar, toylardan pul qazanır, yaradıcılıqlarına sərf etmək üçün də gəlir yerləri bunlardır. Sizin əsas gəlir yeriniz haradır?

- Bizim hansı sənətçimizi dindirsəniz, heç kəs deməz ki, mən konsertimdən və ya diskimdən pul qazandım. Belə bir şey yoxdur. Təbii ki, bizim sənətimiz çox gözəl, hörmətli sənətdir. Təbii ki, həm də ruzili sənətdir, bu ruzini də Allah verir. Mən də elimizin-obamızın adəti olan el şənliklərinə gedirəm, şou-proqramlarda da ifa edirəm. Bu o demək deyil ki, mən muğam oxuyuram və sırf  bu yolu getməliyəm. Bizim ustadımız Arif Babayevin də bir sözü var ki, müğənni digər janrlarda da ifa edə bilirsə, onun bu janrda oxumağı problem deyil.  

- Sizi kişi ifaçılar da müşayiət edib, eyni zamanda, “Humay” qızlar ansamblının musiqiçiləri olan qadın ifaçılar da. Qadınlarla daha yaxşı dil tapırsınız, yoxsa kişilərlə?

- İşlədiyim triolar çox olub, hazırda da var, Rövşən Qurbanov, Əliağa Sədiyev və başqaları. Humay Qədimova ilə bizim tanışlığımız uşaqlıq vaxtlarımızdan başlayıb. Hələ nə mən, nə də Humay tanınmırdı, amma bizim ailəvi gedib-gəlişimiz vardı. İndi ikimiz də artıq tanınırıq və sevilirik. Kamança ifaçısı Sevinc Qədimova və bizim analarımız bir-birilə rəfiqədirlər. Qadınlar bir-birini daha yaxşı başa düşür. 

- Canlı ifasına baxıb, dinləyib öyrəndiyiniz sənətkar varmı?

- Bizim dəyərli xanəndə və sənətkarlarımız çoxdur. Sırf oturub səhərdən axşamadək qulaq asdığım xanəndə yoxdur. Amma təbii ki, hamısını dinləyirəm, hər xanəndədən bir şey öyrənməyə çalışıram.

- Başqa janrda olan musiqiləri dinləyirsinizmi?

- Təbii ki. Xarici və türk musiqilərinə elə də çox qulaq asmıram. Bizim dəyərli sənətkarlarımız, xanəndələrimiz var, onları bir kənara qoyub xarici ifaları dinləmirəm. Ən çox öz ustadım Arif Babayevdən bəhrələnirəm. Çalışıram ki, öz yolum, öz cığırım olsun, kimisə təkrarlayan ifaçı olmayım. Oturub digər janrlarda olan musiqilərə qulaq asmaq üçün günümü ayırmıram, evdə radioda və ya maşında gedəndə dinləyirəm, gözəl ifa, gözəl musiqidən mən heç vaxt yan keçmirəm. 

- Nə vaxtsa xalq üslubundan başqa janrda ifaçılığa başlaya bilərsinizmi? Musiqilərin sintezinə münasibətiniz necədir?

- Belə bir şey təklif edilsə, oxuyaram. Estrada və ya digər janrlarla muğamlarımızın sintezində olan mahnılar ifa etmək istərdim. Mənə elə gəlir ki, mənim üçün xalq mahnıları, muğam, bəstəkar mahnıları ifa etmək bəs edir. 

- Sizi duet oxumağa meyilli ifaçı adlandırmaq olarmı?

- Mənə çox ifaçımız duet oxumaq üçün müraciət edir. Amma hər ifaçı ilə oxumaq olmur. İfadan əvvəl fikirləşməlisən ki, həmin müğənni ilə duet alınar-alınmaz?! Bizim “Xalq ulduzu” Eldəniz Məmmədovla iki və Babək Niftəliyevlə bir duetimiz var. 

- “Xalq ulduzu” müsabiqəsində iştirak etməyiniz bu sənətdə addımlamağınıza nə dərəcədə kömək oldu?

- “Xalq ulduzu” müsabiqəsinə qədər mən efirlərə çıxırdım, təhsilim vardı – Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurdum. Amma bu, o reklam deyildi. Təbii ki, hər ifaçının tanınmasına hansısa bir veriliş, ya mahnı, ya müsabiqə səbəb olursa, mənim də tanınmamda  “Xalq ulduzu” müsabiqəsinin böyük rolu oldu. İndi bütün televiziya kanalları, radiolar dəvət edirlər. Hər yerdə bizim üçün bütün şəraiti yaradırlar. Bugünkü gündə bütün gənclər, eləcə də bizim üçün hər şərait var. 

- Sənətdə ən böyük arzunuz nədir?

- Bu sənət elədir ki, arzudan arzu doğur. Hamı arzu edir ki, Qarabağ torpaqlarımız alınsın, biz də gedib orada konsert verək. Bununla bərabər, mənim arzularımdan biri də Leyli obrazını ifa etməkdir, sonra ad verilsin, ad alandan sonra fikirləşirsən ki, Oskar mükafatı alım, qırmızı xalının üzərindən keçim. Ona görə də arzu edirəm ki, kim özünə nə arzu edirsə, çin olsun, eləcə də mənim arzum. 

- Ailə qurandan sonra həyat yoldaşınız Kamil sizə sənətinizi davam etdirməyə qadağa qoysaydı razılaşardınızmı?

- Mən hələ Kamili tanımırdım, ancaq hər zaman Allahdan arzu edirdim ki, qarşıma elə bir insan çıxsın ki, sənətimi də dəstəkləsin, özümə dəstək olsun, artıq arxa-dayağım olduğunu bilim. Çünki mən həddindən artıq çox əziyyət çəkmişəm, hamı bilir ki, anam məni necə əziyyətlərlə böyüdüb, bu sənətə necə gəlib çıxmışam. Nə arzu edirdimsə Allah qarşıma çıxardı. Bugünkü gündə hamı görür ki, Kamil məni dəstəkləyir, tədbirlərə, toylara, səsyazmalara, verilişlərə - hər yerə onunla gedirəm. Mənə elə gəlir ki, Kamil mənə qadağa qoymazdı. Çünki o bilir ki, sənətim mənim üçün çox vacibdir. Kamil görür ki, hər yerdə mənimlə necə münasibət qururlar, necə hörmət edirlər.     

- Ürəkdə sevgi olmasa, ifa gözəl alınarmı, yoxsa əgər məlahətli səsin varsa, düzgün oxuyursansa, ifa gözəl alınacaq?

-: Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinfində oxuyanda müəllimim “Şahnaz” muğamını keçirdi, nə deyirdi mən onu oxuyurdum, təkrarlayırdım. Müəllimim dedi ki, “Gülay, mən səni qınamıram, sən hələ sevmirsən, həyatın nəbzini tutmamısan, sən bilmirsən problem nədir, heç bir dərdin-sərin yoxdur. Ona görə də bu sözləri yaşaya-yaşaya oxuya bilməzsən, quru alınacaq”. Amma indi oxuduğum mahnın sözləri sevgiyə aid olanda övladım, ailəm gözümün qarşısına gəlir, artıq o sözləri sevgi ilə, yaşaya-yaşaya oxuyuram. Ona görə ki, artıq həyatı dərk edirəm.   

- İfa zamanı nə düşünürsünüz, özünüzü hansı aləmdə hiss edirsiniz? Yoxsa özünüzü tam olaraq ifaya kökləyirsiniz və fikriniz musiqiçilərdə olur?

- İfa zamanı hər şey yadımdan çıxır, tamamilə o ab-havanın içində olmağa çalışıram. Oxuyanda fikrin ya evdə, ya hansısa bir problemin yanında qalırsa, mahnının əhval-ruhiyyəsindən çıxırsansa, oxumaq da yaxşı alınmır. 

- Kamil sizi bir ifaçı kimi bəyənirmi?

- Onun borcudur (gülür). Kamil bir ifaçıya qulaq asırsa, o da mənəm, onun başqa yolu yoxdur (gülür). Bəzən o məni hansısa mahnını yazdırmaq üçün studiyaya getməyə yaxşı mənada məcbur edir.

- Siz daha çox populyarsınız, yoxsa Kamil?

- İkimiz də. Biz bir-birimiz sevirik, çox istəyirik. Bir-birimizə hörmətimiz var, sevib ailə qurmuşuq. Allah hamıya xoşbəxt ailə qismət etsin.

- Övladınızın da musiqi sənətində olmasını istərdinizmi?

- Biz istəməklə deyil, Allah nə qismət edərsə, təbii ki, mən də onu dəstəkləyəcəm, Kamil də. Ən azından onun arxasında elə atası, belə anası var. Gərək insanın sənətə həvəsi olsun. Ürəyimdən keçir ki, mənim qızım həkim olsun. Amma təbii ki, mənim arzulamağımla deyil, Allahın qismətidir.

26.01.2012 14:24 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo